Tələsik yazılıb, qeyri-estetikdir, sonluq bağlanmır - Hekayə müzakirəsi

Tələsik yazılıb, qeyri-estetikdir, sonluq bağlanmır - Hekayə müzakirəsi
14 sentyabr 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Vüqar Babazadənin “Böyük ümidlər” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Aqşin Yenisey

Aqşin Yenisey: “Şair kimi tükəndiyimi elan edirəm” – Müsahibə

Umberto Eko Hüqo haqqında essesində yazır ki, Axillesdən romantizmə qədər sənət dünyası gözəlliyi tərənnüm edirdi. Romantizm eybəcəri, eybəcərliyi ön plana çıxardı. Beləliklə, Quinplen, Qvazemoda kimi "eybəcər" obrazlar yarandı. Vüqarın bu hekayəsində hər ikisi var, daha doğrusu, gözəlin eybəcərə çevrilməsi öz əksini tapıb.

Bilmirəm, bunu bilərəkdən edib, ya öz-özünə alınıb. Əgər öz-özünə alınıbsa, hekayəni yenidən, bu dəfə bilərəkdən yazsın və sənət dünyasının iki çağını özündə birləşdirən bir mətnə imza atsın. Tısbağa yaddan çıxmasın, amma!

Mirmehdi Ağaoğlu

85-ci gün" - Mirmehdi Ağaoğlu » Manera.Az

Vüqarın hekayəsi mövzu baxımından çox xoşuma gəldi, dili də sadə, günümüzün status dilinə uyğun tərzdədir. Lakin bununla belə bir qədər tələsik yazılıb, təhkiyəçi tələsir, aram yoxdur.

Halbuki hekayənin təbiətindən doğan bir tısbağa ləngliyinin olması vacib idi. Buna görə də hekayə əhvalatçılıq köynəyindən tam sıyrıla bilməyib, içindəki şərti olaraq desək iki “hadisə” qovuşmur və sonluq da əvvəllə tam bağlanmır, bu da bədiiliyi bir qədər axsadır. Əminəm ki, Vüqar gələcək hekayələrində bu qeydləri nəzərə alacaq və gözəl əsərlər yaradacaq.

Təvəkgül Boysunar

Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar - Hekayə - Təvəkgül BOYSUNAR |  Edebiyyatqazeti.az

Hekayə rahat oxunur. Müəllif sadə cümlələrlə oxucunu öz arxasınca çəkib apara bilir. Mətnin bir neçə yerində isə yumor gücünü də uğurla göstərir. Həddən artıq çılpaq həqiqətləri də cəsarətlə təsvir etməkdən qorxmur. Məsələn, abzaslardan biri belə başlayır:

“Bir dəfə axşam evdə uzanıb seksə baxırdım. Telefonuma mesaj gəldi.”

Bu gün müasir Azərbaycan insanına, əslində, kifayət qədər tanış olan bu mənzərənin, yəni müasir Azərbaycan insanının şəxsən özünün də yaşamış olduğu bu səhnənin təsviri oxucuya maraqlı və yeni bir şey kimi gəlir.

Zənnimcə, mətnin sonunda tısbağanın sonrakı taleyini daha maraqlı göstərmək üçün nələrsə əlavə edilməliydi. Amma hekayənin mərkəzində dayanan tısbağa obrazına müəllif də eynən öz baş qəhrəmanı kimi bir qədər laqeyd yanaşır.

Ümumi götürəndə bunu da deməyi lazımlı bilirəm ki, bu cür yazı dili hər nə qədər rahat oxunsa da, müəllifin, mətni çox düşünmədən yazdığını, cümlələri ağlına ilk gəldiyi kimi ortaya çıxardığını, mətnə gərəkli enerji qatmaqdan yana əziyyət çəkmədiyini də hiss etmək çox asandı. Nəticədə hekayə bitdikdən sonra sənə özündən çox ciddi nələrsə qatmış olmadığını, səni lazımınca qidalandırmadığını hiss edirsən.

Hekayədəki açıq-saçıq sözlər isə mətni qətiyyən yaxşı göstərmir, əksinə, zənnimcə mənim kimi bir çox oxucuda da mənfi təəssürat yaradır. Məsələn bu abzasa baxaq:

“Diribaş dostlarım deyirdi ki, tısbağanı öldürməyin bir dənə yolu var. G*tünə çubuq soxursan, başını çanağından çıxardır. Dərhal da tutub ülgüclə kəsirsən başını. Özü də bu prosesi neçə dəfə yoxlamışdılar. Sizə deyim ki, heç bir səbəb-filan da olmadan. Elə-belə haradansa tısbağa tapırdılar, yığışıb g*tünə çubuq salır, sonra da başını üzürdülər.”

Məncə, Vüqar bu abzası cəmi bircə cümləylə, özü də bu cür qeyri-estetik yox, gözəl şəkildə əks etdirə bilsəydi, bax o zaman biz onu rahatlıqla alqışlayıb təbrik edərdik, çünki buna nail olmaq dünya ədəbiyyatının məşhur nəsr ustalarının bacardığını bacarmaq deməkdir. Amma belə bir cümlə üzərində bir xeyli əziyyət çəkmək lazımdır. Vüqarsa, məncə, çox sürətlə yazır.

Bir də nədənsə mənə elə gəlir ki, Vüqar, əslində, hekayə janrına o qədər də meyilli deyil, özünü romanda ifadə etməyi daha çox sevir və hekayə janrına müraciət etməyi sanki bir öhdəlik kimi yerinə yetirir. O səbəbdən tövsiyə edərdim ki, vaxtını bu cür hekayələrə itirməkdənsə, istedadını elə öz sevimli janrı olan və ona uğur gətirən romanda göstərməyə davam eləsin.

Müəllifə uğurlar arzulayıram.

Nihat Pir

Festivaldakı biabırçılıq: Jurnalistlər qurumları “TOPA TUTDULAR”

Vüqarın hekayəsində çox pis tələskənlik hiss olunur. Zənnimcə, mətnin son nöqtəsi qoyulandan sonra onun, loru dillə desək, “dəmə qoyma prosesi” olmalıdır. Bu prosesdən sonra müəllif mətnə bir neçə dəfə qayıtmalı, müəyyən düzəlişlər etməlidir. Çünki sırf o vəziyyətdə görünən boşluqlar mətn yazılarkən gözə görünmür.

“Böyük ümidlər” hekayəsində belə məqamlar çoxdur. Ən adi hal kimi, dialoqlarda durğu işarələri unudulub. Bu, mətnin keyfiyyətinə qətiyyən xələl gətirmir, doğrudur, amma bu, həm də mənim “Tələsik yazılıb” fikrimin təsdiqidir.

Hekayənin girişi məni hekayədən qovdu. “Səbəbini soruşmamışdım bu nifrətin” cümləsinin ortasına isə elə bil müəllif bomba atıb qaçıb. Cümlə darmadağındır. Bilmirəm, bəlkə də, redaktə, korrektə prosesi mənə çox yaxındır deyə, bu tip qüsurlar mənə təsir edir.

Xatirat tipli hekayələri sevmirəm. Bu mənim zövqümlə əlaqədardır deyə, burada Vüqarın günahı yoxdur.

Mənə görə, hekayə Vüqarın potensialından qat-qat aşağıdır. İstənilən halda, Vüqara ümid bəsləyir və uğurlar arzu edirəm.

Orxan Həsəni

Sevgi sadəcə basdığımız düymədir

Vüqar Babazadənin hekayəsi olduqca maraqlı idi. Mətn yumor ipi ilə toxunub, yalnız bu yumor bizi eləcə süjetdə qarşılamır. Onun gülüşü, eyni zamanda, daşlaşmış dil və təhküyə üsullarına qarşıdır. Müəllifin linqvistik var-gəli məni sevindirdi. Bu, Vüqardan oxuduğum ilk hekayədir. Gələcək hekayələrini həvəslə gözləyirəm.


# 1601 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #