Kulis.az Musa Yaqubun "Təkərlər üstündə bir ev istərəm" şeirini təqdim edir.
Paxıl qonşulardan qaçıb uzağa,
Yaxşı adamların qonşuluğunda
məskən salmağa
Təkərlər üstündə bir ev istərəm.
Demirəm mən nəşə,
ya kef istərəm;
Bir az yaylaqların sakitliyində
Bir az şəhərlərin hay-harayında
ömür sürməyə
Təkərlər üstündə bir ev istərəm.
Bəzən pəncərəmdə nərildəsin Kür,
Gah Araz boyunda görüm evimi.
Harda ki, yolçular yorğun düşübdür,
Həmin yollar ilə sürüm evimi.
Evimə qiybətlə gələn bir nəfər,
Geciksin
qatara gecikən kimi.
Elə sürüm gedim
bəd fikirlilər
tapa bilməsinlər ev-eşiyimi.
Xeyirlə açılan bir al səhərin,
Şehli ağuşuna axım evimlə.
Mənim görüşümə tələsənlərin,
Durub pişvazına çıxım evimlə.
Evdən,
ailədən qaçan ər üstə
Töküm öz kinimi, öz acığımı.
Mən çıxım səfərə təkərlər üstə,
Özümlə aparım od-ocağımı.
Evimdən yadigar,
məndən yadigar
Yəqin bir gül rəngli cığır da qalar;
Sevinclə, gülüşlə dolu bir cığır.
Gedib yaxşılığın üstünə çıxan
Bir ev - ailənin yolu - bir cığır