Təhdid, fəlakət, yoxsa fürsət - Məqsəd Nur yazır...

Təhdid, fəlakət, yoxsa fürsət - Məqsəd Nur yazır...
12 may 2023
# 09:00

Kulis.az Məqsəd Nurun "21+" adlı yazısını təqdim edir.

Bir də baxıb görürsən ki, yaxın qohumun dönüb irançı olub, qonşun vəhabi saqqalı buraxıb, yaxşı tanıdığın bir digəri özünü feminizmdə tapıb, başqa bir tanış ailənin oğlu Suriyada döyüşərkən itkin düşüb, Avroviziyaya seçilən iki zaqatalalı oğlan qəfil elə fasonda geyinib ki, ifa etdikləri musiqiyə qulaq asa bilmirsən, beynin bloklanır...

Bəs bunun adını nə qoyasan: təhdid, fəlakət, yoxsa fürsət?

Otuz illik məğlubiyyətin zədələri bizə o qədər sitəmlər etdi, sınmadıq, heç gözləmədiyimiz halda ata-baba yurdunu bir ayağı yalın tərk etmiş uşaqlar torpağı geri alıb qəhrəman oldular, amma ətrafımızda narkomaniya adiləşdi, plastik cərrahiyə sənayeləşdi, autizmli uşaqların sayı o qədər artdı ki, sindrom statusu aldı. Bəzən hamının gözü məhz bu "problemli" zümrəni görür - imkansızı, ümidsizi qınamaqla ürəklərindən tikan çıxarırlar. Bəs çadır şəhərciyində, vaqonda böyüyüb repetitor yanına getmədən yüksək bal toplayan, dünyanın ən yaxşı universitetlərinə qəbul olan, xəstə atasını ağrılardan qurtarmaq üçün gecə-gündüz çalışan gənc qızlar kimindir? Onlar da bizimdir. Onların da fədakarlığı dərhal trendə dönür. Cəmiyyət təbii olaraq "mənfi" və "müsbət"lərə reaksiya verir.

Amma ətrafımızda sosial qandallardan qurtulub azad yaşamaq istəyən xeyli insan və onların "strateji plan"ları var. Dünyanın hər tərəfini sarmış cərəyanlar, "izm"lər hamımızın qapısında, kandarındadır. Heç nədən sığortalanmamışıq. Çünki bizi kütləvi şəkildə heyrətə gətirən, təəccübləndirən, sevindirib qəzəbləndirən hər nə varsa, müxtəlif beyin mərkəzləri tərəfindən dövriyyəyə buraxılır. Sonra isə sənayeləşir, şərti beyin mərkəzlərinin fürsətinə, biznesinə, fəlsəfəsinə çevrilir. Birisi süni intellektə aparır, digəri sənaye inqilablarına, o biri də anti-qlobalizmə, identikliyin müdafiəsinə və sair və ilaxır.

Bu yaxınlarda Rusiyada LGBT-ni, cinsi dəyişməni qanunla qadağan etmək istəyirlər. Sən demə, ölkədən çıxa bilməyən hərbi çağırış yaşlı oğlanlar cinsini dəyişməklə müharibəyə getməkdən yayınmaq istəyirmişlər. Kütləvi şəkildə. Beləcə bütün ədalətsiz müharibələr sülh üçün yararlı olanları da sıradan çıxarır, gələcəyi iflic edir.

Bir gənc dostum toy qazanı arxasındankı başı çalmalı xalanı, fars təranələrini əzbər bilən qarmonçalan manısı mağardakı sintezator və gitara səslərinin altında təbliğ edən, məişət dedi-qoduları ilə zövqləri kütləşdirən teleaparıcını seyr edərək deyir ki, bunları görəndə həyatıma nifrət edirəm. Taksidə kobud sürücüdən bezən digər gənc isə nə olur-olsun ölkəni tərk edəcəyinə and içir. Ölkəmiz "mutluluq axtarışında" çırpınan ümidsiz insanlarla doludur. Onlara digər bir formula göstərəcək alternativlər isə hələ ki yoxdur.

Bu vəziyyətdən bir çıxış yolu varmı? Bəs bizim bütün bu halətlərə qarşı immunitetimiz nə yerdədir? Beyin mərkəzlərimiz nə işlə məşğuldur? Deyəsən, onların başı təkcə post-müharibədən sonrakı çağırışlara və hərbi-siyasi rəqiblərə cavab verməyə qarışıb. Mədəniyyətimizi, min illik tarixi-mədəni-fəlsəfi dəyərlərimizi araşdıran, sistemləşdirən bircə beyin mərkəzi tanıyırsınızmı? Mən tanımıram, bilirsinizsə, deyin, öyrənmiş olaq.

Doxsanıncı illərin sonuna yaxın "Press-Fakt" qəzetində bir sorğu keçirdik. Sual belə idi: "İyirmi birinci əsr necə olacaq?" Sayseçmə adamlarımız öz sahələri üzrə təxmini proqnozlar verdilər. O vaxt dəyərli ustadım Aydın Talıbzadə mədəniyyətin gələcəyi ilə bağlı belə proqnoz vermişdi: "İyirmi birinci əsrdə mədəniyyət yaradılmayacaq, təkrar istehsal ediləcək”. Bu cavab hələ də aktualdır.

Dünən Avroviziyada bizi təmsil edən iki oğlanın performansını görənlərin əksəriyyəti dua edirdi ki, kaş bizə qələbə gətirməsinlər. Gətirmədilər də. Lakin bu da bir reaksiyadır. Bəzən böhran halında immunitet, fərqli düşüncələr, mental dəyərlər həll edir hər şeyi. Alternativlər, gələcəklə bağlı ümidverici təkliflər olmayanda genetik kodlar hərəkətə gəlir.

Ədəbiyyat üzrə nüfuzlu xarici mükafatların əsas şərti LGBT, insan hüquqları, bir də identiklikdir. Afrika, Hind okeanı ölkələri identiklik mövzusunda yazılan əsərlərə görə ön sıralardadır. Biz isə identikliyimizin ayarlarını axtarırıq. Ortada qalmaq dəhşətli fəlakətdir, hər şeydən bir az isə heç şey deməkdir.

Gəlin, yaşadığımız bu dövrə "iyirmi bir üstəgəl" kimi baxaq. Bu alqoritmlər bizi hara aparacaq, bilmirik. Qırmızı xətlərimizi beton divarlara çevirməyək ki, divarları dağıtmağa yox, yerdəki xətləri görməyə fokuslana bilək.

Mən öz məhdud biliklərimlə düşünürəm ki, nə vaxtsa Kəlbəcər rayonunun Zülfüqarlı kəndində demokratik bələdiyyə seçkiləri keçirilsə, icma mədəniyyəti formalaşsa və bu icmanın büdcəsi bələdiyyə sədri tərəfindən oğurlanmasa, o zaman qırmızı xətlərimizi divar kimi yox, yerdəki xətt kimi görəcəyik.

Hələliksə özcə fərqimizlə yaşamağa davam edək. Yəni, öz fərqimizə varaq...

# 1233 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #