Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"
12 avqust 2026
# 17:40

Möminə Xatun türbəsi Naxçıvanın ən böyük orta əsr memarlıq abidələrindən biridir.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Baxşəliyev deyib.

O bildirib ki, eyni zamanda, Möminə Xatun türbəsi dünya əhəmiyyətli abidələrdən biridir:

“Möminə Xatun türbəsinin inşa olunmasını tədqiqatçılar Əcəmi Naxçıvaninin yaradıcılığının intibah dövrünə aid edirlər. Çünki Naxçıvan Muxtar Respublikasının ərazisində Möminə Xatun türbəsinə bənzər onlarla abidələr var. Belə abidələr daha çox orta əsr Xaraba Gilan şəhərinin yaxınlığında yerləşir. Orada bir neçə yerdə Möminə Xatun türbəsi tipli memarlıq abidələri var. Tədqiqatçıların fikrinə görə, bu abidələrin müəyyən hissəsi Əcəmi Naxçıvaninin yaradıcılığı ilə bağlıdır. Aparılan araşdırmalar göstərir ki, orta əsrlərdə - Naxçıvan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Naxçıvanın orta əsr mədəniyyəti özünün intibah dövrünü yaşayıb və bu tip abidələrin yaranması da onunla bağlıdır. Tədqiqatçılar belə hesab edirlər ki, Əcəmi Naxçıvani öz yaradıcılığının ilk vaxtlarında Yusif ibn Küseyr türbəsini, daha sonra isə Möminə Xatun türbəsini inşa edib”.

Professorun sözlərinə görə, Möminə Xatun türbəsinin 800-dən artıq yaşı olmasına baxmayaraq, bu gün də öz möhtəşəmliyini, memarlıq xüsusiyyətlərini qoruyub saxlayıb və Azərbaycan memarlıq nümunələrinin şah əsəri kimi yaşamağa davam edir: “Möminə Xatun türbəsinin qorunması və bərpası olduqca əhəmiyyətlidir. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Möminə Xatun türbəsi ilə bağlı imzaladığı Sərəncam təqdirəlayiqdir. Biz tarixi abidələrimizi yaşatmasaq, öz tariximizi yaşada bilmərik. Məhz bu tarixi abidələr Azərbaycan xalqının qədim dövrlərdən burada yaşadığını sübut edir”.

Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olublar. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər