“Bu gün səbr elə” - Mənəvi katarsisə dəvət

“Bu gün səbr elə” - Mənəvi katarsisə dəvət
7 dekabr 2015
# 11:31

Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı barədə

Metaforik roman

Roman yazı sənətinin həm də quruluş və məzmununun polifonik (dis)harmoniyasıdır. Deməli, roman sənətinin çoxçeşidli bədii strukturu yazı və həyata sonsuz sayda yozum şansı verir. Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı da çoxqatlı və çoxsəsli çıxış nöqtələri ilə zəngin, sonsuz mütaliə və şərhlərə açıq (amma klassik səpkili) “new age” (yeni dövr) estetikasıdır. “Bu gün səbr elə” təkcə poststruktual ədəbiyyat hadisəsi olması baxımından “new age” roman sayılmır, eyni zamanda modern nəsrlə klassik poeziya arasında körpüdür. “Bu gün səbr elə” mücərrədin konkretləşdiyi, məcazların maddiləşdiyi “təhkiyə meşəsidir”. Müasir həyatın faciəvi kadrları metaforik dekorlardır. Nəsimi və Füzuli qəzəllərinin poetik fiqurları, təşbehləri mətnlərarası əlaqə zamanı cismaniləşir. “Bu gün səbr elə”ni Füzuli qəzəllərinin poetik, fəlsəfi-ilahi və təbii elementləri üçbucağında oxuyacağıq.

“Zənbur evi” (arı yuvası və ya arı pətəyi), “şəhdi ləb” (dodağın şirinliyi), “əşki gülgün”(gül kimi, alqırmızı göz yaşı) klassik poeziyada bənzərsiz poetik deyim və məcazlar dekorasiyalarıdır. “Bu gün səbr elə”də “arı pətək”inə dönən məkan Dilbərin ürəyidir. Füzuli lirikasında aşiqin ürəyi metafizik anlamda “arı yuvası” kimi parçalanırdısa, Ağaoğlu nəsrində fiziki hadisəyə çevrilir. Məşuqənin dodağının şirinliyi aşiqin gözlərinin sərhədsiz ah-naləsi ilə nəticələnirdi. Modern məşuqə Məlahətin dodağının şirinliyi ABŞ dolları və Azərbaycan dilinin amerikan variantında gözlə görülən, əllə toxunulan və hətta qulaqla eşidilən ölçü vahidi olur. Aşiq çəkdiyi dərdin şiddətindən qanlı göz yaşı axıdırdı. Mirmehdi romanı isə deyir ki, “aldanma şair sözü, əlbəttə, yalandır”. Dilbərin, dilbərlərin gecələr çölə deyil, içinə axıtdığı qanlara bax...

Ağaoğlu “Bu gün səbr elə” romanı ilə Azərbaycan nəsrində montaj-romanın “xəritəsini çəkir”: Hadisəyə, səbəb və nəticəyə bağlı klassik səpgidə yazılmış “Bu gün səbr elə” kafkavarı bir atmosfer, avanqardist forma sərgiləyir. Şair Nəsimi və onun sevgili cananı - Dilbəri ilk baxışda çox bəsit bir dekonstruksiya mübadiləsinə məruz qalırlar. Roman müəllifi rəmzi elementləri obrazlaşan, metaforik çalarlarla müasir həyatımızın və ədəbiyyatın həqiqətləri ilə qovuşdurur. İmadəddin Nəsimi poeziyasında “fərdin mənəvi kamilliyi” prinsipi, Mirmehdi Ağaoğlunun qələmində şəxsiyyətin çıxılmazlığı fonunda rəng dəyişir, cismani reallıqla toqquşur. Romanın daxili dramatizmi və dinamikası da İ.Nəsimi – A.Mirmehdi xəttində kəsişir və kəskin şəkildə bir-birindən ayrılır və metaforik roman mərtəbəsində yenidən qovuşur. Nəsimi lirikasının ağır, ləngərli poetikası Mirmehdinin axıcı təhkiyəsində deyil, oxucunun nəfəsinin qırıldığı məqamlarda özünü göstərir və sələflə xələf ortaq məxrəcdə eyni humanist dəyərləri aşılayır. Mirmehdi Ağaoğlu həqiqətin dəyişməyəcəyini bilə-bilə şəxsiyyəti mənəvi katarsisə dəvət edir. Elə bu məqamda modernist roman texnikası işə düşür. “Bu gün səbr elə” həm də ekzistensial labirintdir: Roman qəhrəmanı Nəsimi həmin labrintdə nə qədər çabalasa da çıxa bilmir. Psixoloji yadlaşma və sosial-iqtisadi auranın təsir qüvvəsi Mirmehdini Kafka, Kamyu və Yusif Atılqanın əsərlərindəki ortaq xüsusiyyətə - insan kapitalının çarəsizliyinə yaxınlaşdırır. “Bu gün səbr elə” romanında əlacsız insanın Azərbaycan modeli dəyişkən metaforlarla dərk olunur. “Bu gün səbr elə” özündən əvvəl yazılan bir çox mətnlərə semantik aspektdən istinad edən epik tablodur. “Bu gün səbr elə” birxəttli, klassik romanlar kimi oxunmamalı, əks halda mətnə alternativ baxışlar ölər, o zaman sonsuzluğa açıq çevrə daxilində hərəkət edən romanın özü də ölər. “Bu gün səbr elə” romanı klassik şeirdən nəsrə, orta dövrdən müasirliyə, mistikadan realizmə, ilahilikdən təbiiliyə transformasiyadır.

Antropoloq

Mirmehdi Ağaoğlu “Bu gün səbr elə” romanında hadisələri təhkiyə əsasında canlandırır. Süjet xətti modern, avanqard romanlara xas informativ dinamika əsasında qurulur. Hadisələrin əyani, dramaturji təqdimatını ağır-ağır izləmək sürət əsrində yaşayan oxucunu yoracaq özəllikdir və müəllif də mətnin ən böyük hissəsi olan oxucunu itirməmək üçün doğru bir metoddan istifadə edir. “Bu gün səbr elə” polifonik proza estetikasından doğan məlumat romandır. Bədii mətnin mikro tədqiqat vasitəsi olan insandan makro mühiti – Bakını ifadə edən söz qovluğudur. Bakıdan isə bütün ölkəyə doğru böyüyən gerçəkliyin sıxılmış, “zip” edilmiş montajlar toplusudur. Qalan bütün detallar rəmzi obrazlardır. Mətn oxucu ilə ünsiyyətə girəndə poststruktual mütaliəyə qapı açır. Mirmehdi Dilbərin ayağındakı sızıltıları küləklər şəhərinin fiziki və mənəvi təsirləri ilə əlaqələndirməyi bacarır. “Bu gün səbr elə”də simvolik mənalandırmalar bir neçə qatda cərəyan edir.

“Barmaqla sayılacaq qədər”

Markesin “Polkovnikə məktub yoxdur” povestində polkovnikin xoruzun dənini qaynadıb yeməsi yaşadığı mühitdə insana verilən dəyərə güzgüdür. Ömrünü dövlət və millətinə xidmətə həsr edən polkovnik illərlə gözlədiyi təqaüdə qovuşa bilmir. Evdə yeməyə “dən” belə qalmadıqda polkovnikin gümanı 44 gün sonra döyüşəcək xoruzun qələbəsinədir. Deyingən arvadı isə “xoruzun qazanacağı qələbəyə” kimi nə yeyəcəklərini soruşanda polkovnik 75 illik ömründə dilinə gətirmədiyi sözlə cavab verir: “P .. x”.

Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanında Nəsimi övladlarını “barmaqla sayılacaq qədər” bayram şənliklərinə apara bilir. Cibindəki pulu ancaq “popkorn” almağa çatan atanın dönər istəyən qızına cavabı sözün psixologiyasına bələd yazıçının lazım olan kadrı “zoom”lama, sürüşkən və təsirli qrotesk tablolar çəkmək qabiliyyətinin ağrılı məqamlarıdır: Dönər “ətinin ölmüş heyvandan hazırlanması haqqında iyrənc bir şey demişdi. Həyatı daha iyrənc görünmüşdü gözünə”.

Markesin əsərində polkovnikin ümidlə gözlədiyi “təqaüd” də, “xoruz” da simvolik məna daşıyır. İnsana dəyər verilməyən bir ölkədə “təqaüd” gəlsə də bir şey dəyişməyəcək. “Xoruz” insana inamın itdiyi məqamın sərt göstəricisidir. Mirmehdi də “Novruz və yeni il şənliklərini” xoş gün görməyən nəsimilərin həyatının mənasızlığına bir bənzətmə, eyham olaraq nəql edir. Nəsiminin gerçək yaşayışı o şənliklərdən xəbərsiz kirayə qaldığı bir otaqlı mənzildə Dilbərin çəkdiyi siqaretin tüstüsündə gizlənir. “Bu gün səbr elə” birinci – sosial qatda rəmzi detalların cəmindən yaranan bədii semantika düzümüdür. İkincisi iqtisadi mənzərənin bədii şərhidir. Bank əlacsızlığın, gümansızlığın simvoludur. Üçüncü qat ictimai həqiqətlərin obrazıdır: Nəsimi ilə Dilbərin həyatı fonunda ictimai hadisələr rəng dəyişir, həqiqət aşkara çıxır. Ölkədə kəskin şəkildə sosial bərabərsizlik reallığın zirvə nöqtəsinə ucalır. Sosial həyatın dibində yaşayan insanların sarsıntıları tarıma çəkilmiş dil və üslubda mənalanır. Mətnin verdiyi məna ahəngdarlığı publisistik pafosdan uzaq bir biçimdə bədii şərh və izahlarla həll olunur. Mirmehdi Ağaoğlu “insan” predmetini duyma və problemin bədii həllini yaşantıdan doğan hadisələrlə vermək baxımından nəsrimizin klassiki İsa Muğannaya yaxınlaşır. Mirmehdinin üslubunda klassik yanaşma tərzinə şahid oluruq. Ancaq bu təbii alınırsa, deməli, ədəbiyyatımızın uğurudur. Məncə, ədəbiyyat ilk növbədə insanı və yaxud hər hansı predmeti duyma və yazıçının həmin hadisəyə baxış mövqeyi ilə dəyərləndirilməlidir. Daha sonra quruluş və metod estetikası axtarılmalı. Mirmehdi Ağaoğlu müasir nəsrdə bir çox müəlliflərin müəyyən forma oyunları axtarışında digər ədəbi-estetik keyfiyyətləri itirdiyi (və yaxud istedadsızlığını pərdələdiyi) yoldan getmir. Məhz, bu hal ədəbiyyatımızın gənc və istedadlı antropoloqu ünvanına layiq Ağaoğlu nəsrində inkişaf və irəliləyişdir.

Postmodern göndərmə və mətnlərlə əlaqə

“Bu gün səbr elə” romanında bəzi fraqmentlər postmodern göndərmələrlə diqqət cəlb edir. Nəsimi ilə Dilbərin görüş səhnəsində müəllifin “Görüş” romanına mesajlar var. Mətnlərarası bir müstəvi yaranır: “Görüş” romanı Elçinin şeirsəl əsəri “Bir görüşün tarixçəsi”nin romantikasından təsirləndiyi kimi, “Bu gün səbr elə”də baş verən görüş də Məsmə və Məmmədin söhbətini xatırladır. Ancaq Nəsimi və Dilbərin görüşü tragik aura və sentimental təsir gücü ilə rəmzləşir. Mirmehdi, Mirzə Cəlil ironiyasından dərs alır və “göz yaşı içində” görüşü gülüşün faciəsinə çevirir.

Ərini başqa birisi ilə evləndirməyi çıxış yolu bilən Dilbərin taleyi sevdiyi üçün öz canından belə keçməyə razı olan Füzulinin lirik məni ilə səsləşir: “Canı kim cananı üçün sevsə cananın sevər, Canı üçün kim ki, cananın sevər, canın sevər”. Dilbərin fədakarlığı da sevgilisi Nəsimi və uşaqları üçündür. Ona görə sevimli cananından vaz keçir.

Nəsiminin Amerika səyahəti “Pirverdinin xoruzu” hekayəsində siğə edilmiş Pərinisə xətti ilə kəsişir. Dilbər və uşaqlarını da gözlənilməz sonluq gözləyir. Ata yerinə “2000 dollar”? Elə hər şey bunun üçün deyildimi? Pula, var-dövlətə müəllifin acı qəhqəhəsi, ironiyası komik göründüyü qədər də faciəvidir. “Pul”un cəmiyyətdə əlçatmaz obrazı xırda ştrixlərlə işlənərək məna qazanır. Mirmehdinin yazıçlıq qabiliyyəti bu reallığı görməsi və onunla kəskin şəkildə əylənməsidir.

Anarın “Ağ liman” povestində Nemətin qayğılarla dolu həyatı, məişət dərdinin ağırlığı, xəzərlə bağlı dolğun peyzajlar və insaniyyət duyğusunun qabarıqlığı Dilbər – Nəsimi ünsiyyətində də nəzərə çarpır. Anar “Ağ liman”da Sovet həqiqətlərini, Mirmehdi “Bu gün səbr elə” əsərində dövrün portretini sözün rənginə boyayır...

Mirmehdi Ağaoğlunu mütaliəyə son söz

Əsla düşünməyin ki, “Bu gün səbr elə” romanı ilə bağlı son sözümü deyirəm. “Bu gün səbr elə”nin İsa Muğannanın “Dəqiqələr və illər”, Əkrəm Əylislinin “Kür qırağının meşələri” əsəri ilə də əlaqəsi var. Həyata yanaşmadakı dərin prozaiklik və sadə bir əhvalatdan sənət əsəri yaratmaq bacarığı estetik bənzətmədir. Qalanın da oxucu düşüncəsinə buraxıb keçirəm Mirmehdi Ağaoğlunun əsərlərini oxumağa. Mirmehdinin əsərlərini oxumaq “karnaval”da iştiraka bənzəyir. Bu karnaval da fərqli sənət növləri əylənir. Hörmətli Ağaoğlu bəzən bir rəssam kimi sözün rəngini, bəzən bir rejissortək sözün statik, donmuş halını, bəzən də bir şair kimi ədəbi dozasını tənzimləyir. Nəticədə yeni dövrün plastik sənətlərindəki kimi qarışıq, rəngarəng mənzərə ilə qarşılaşırıq. “3D” formatlı printerlərin köçürmə funksiyasını daşıyan Ağaoğlu üslubu hadisələri mikroskopik baxış və riyazi dəqiqliklə şərh edir. Bakıda sosial məhrumiyyətlər xaosunda əlləşməklə ömür çürüdən ailələrin vəziyyəti də karnaval illüziyasına bənzəyir. Gerçək karnavalın tam xəbərsiz. Məhz, bu məqamda Mirmehdi qələmi illüziyasız, yalansız karnavalı təqdim edir.

Oxucu düşünməsin ki, Ağaoğlunu qələmində əskik tərəflər yoxdur. Tənqid göstərmə sənətidir. Gözəl və nöqsan tərəfləri göstərmə. Əsərin bəzi səhnələrində pərakəndəlik, dağınıqlıq hiss olunur. Bu cür nöqsan dil-üslubla bağlıdır. Mirmehdinin bu kiçik, ancaq vacib qüsurları aradan qaldıracağını ümid edirik. Məsələn: Nəsiminin rayonda yaşayarkən müflisləşdiyi və Nəsibin məktəb macəraları quru, spontan cümlələrlə tamamlanır. Bu isə əsərin bütövlük və dramatizminə mənfi təsir göstərir.

Son söz

Nəsiminin “Dilbər aydır: Ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?” beyti romanın epiqrafıdır və bu da təsadüfi deyil. Nəsiminin lirik məni – aşiq həddən artıq sevir, eşqin trans halındadır. Eşqin elə bir mərtəbəsinə çatıb ki, ağıl belə ona lazım deyil, heç ah-nalə də. Ona görə deyir ki, mən bu ağılla “fəğan” qoparmaq, ah çəkməyi belə istəmirəm. Mirmehdi Ağaoğlu “Neylərəm” qəzəlini dekonstruksiya edir. Dilbər ağır məişət dərdinin ağırlığından sərsəmləşir, ağlını itirir və əri Nəsiminin başqa bir qadınla evlənməsinə razı olur, hətta özü zorla həyat yoldaşını dollarla dəyişir. Mirmehdi Ağaoğlu qələmi dekonstruksiyanı suni bəzək-düzəklə deyil, orqanik atmosferdə dövrümüz və reallığımıza köçürür. Bu məqamda Dilbəri və Nəsimini qınamaq və lazımsız xarakter təhlilləri aparmaq, ittihamlar nəinki ədəbiyyata, heç həyatın özünə belə yaddır. Nəsiminin qəzəlindəki poetika, fəlsəfi – ilahi və təbii bucaqlar, Allah, metafizika və fizika üçbucağında birləşir. “Bu gün səbr elə” də Dilbərin özü və tanrının gördüyü feysbuk statusunda reallaşır: ”Günahlarımı bağışla, Tanrım və mənə güc ver!” Dilbər maddidən mənəviyə doğru dəyişilmə prosesinə məruz qalır.

Biz də romanın sirrini və sehrini çox pozmadan oxucuya yeni və fərqli mütaliələr arzulayırıq.

Ülvi Babasoy

”Kaspi” qəzeti

# 2233 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #