“Tanrının otağı” hər birimizin içindədir... - Birgəyaşayış mümkündür ya yox?

“Tanrının otağı” hər birimizin içindədir... - Birgəyaşayış mümkündür ya yox?
30 sentyabr 2025
# 11:55

"Whiteroof production"ın Mədəniyyət Nazirliyi və Kino Agentliyi 2025-ci il üzrə "Dövlət Dəstəyi ilə İstehsal Ediləcək Film Layihələri" müsabiqəsi üçün təqdim etdiyi "Tanrının otağı" filmi beynəlxalq uğur qazanıb.

Kulis.az xəbər verir ki, layihə yaradıcıları Türkiyənin məşhur prodüseri Semih Sacaklı və onun "TULPAR FİLM" şirkəti ilə birgə istehsalat barədə razılığa gəlib.

Filmin ssenari müəllifi Nicat Dadaşovun açıqlamasına görə, bu, filmin beynəlxalq satış, distribusiya və festivallara çıxışı üçün güclü zəmanətdir: "Çəkilişlər Türkiyədə, eləcə də Avropanın uyğun ölkələrində (Moldova, Rumıniya) həyata keçirilə bilər. Bundan əlavə olaraq "Mojo Prodüksiyon", və Serkan Semizlə postprodakşn mərhələsinin müəyyən mərhələlərində 15 030 avro məbləğində dəstək barədə müqavilə də imzalanıb. "Tanrının otağı"nda münaqişə zamanı Yerevandan qaçan azərbaycanlı ana və qız, Bakıda bir erməni ailəsi ilə evlərini dəyişməyə razılaşır – bir şərtlə: yaşlı erməni qadın evdə qalmalıdır.

Qan və düşmənçiliyin ucaltdığı divarların arasında tənha qalan bu iki qadın zamanla birgə yaşamağın yolunu axtarmağa başlayırlar. “Tanrının otağı” - əslində hər birimizin içindədir, bu, insanın vicdanı ilə üz-üzə qaldığı an, nifrətin yoxsa insanlığın daşıyıcısı olmaq arasında etdiyi böyük seçimdir. 2025-ci il 8 avqust tarixində dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq ABŞ-da Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ortaya mühüm bir sual qoydu: Birgəyaşayış mümkündür ya yox? Bu sualı özümüzə verməyin vaxtıdır! Yoxsa buna yalnız qonşu binada yaşayan erməni ilə rastlaşanda hazırlaşacağıq? Yaxud da kimsə bu barədə film çəkib böyük festivalların mükafatlarını alanda? İncəsənət elə uzaqgörən olsa yaxşıdır!"

# 116 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər