Tahir Salahovun atasının güllələnməsində Süleyman Rəhimov amili – Yeni fakt      

Tahir Salahovun atasının güllələnməsində Süleyman Rəhimov amili – Yeni fakt      
10 sentyabr 2021
# 12:11

Kulis.az tədqiqatçı Aslan Kənanın Süleyman Rəhimovla bağlı yazdığı məqaləni təqdim edir.

Ötən ay “Kulis”də Xalq yazıçısı Süleyman Rəhimov haqqında yayımlanan yazı ilə tanış olduqdan sonra aşağıdakı yazını qələmə almaq məcburiyyətində qaldım.

Sən demə, Azərbaycan Yazıçılar İttifaqı 1960-cı illərin əvvəllərində ən şiddətli hallar yaşayırmış. Bu dövrün də baiskarları xalq yazıçıları Süleyman Rəhimovla Mehdi Hüseyn arasında gedən kəskin hallar imiş. Sonra da qeyd olunur ki, Mehdi Hüseynin ölümünə səbəb məhz bu hallar imiş.

Ümumiyyətlə, nəinki o dövrü, 70-80-ci illəri araşdıranda da Yazıçılar İttifaqında hamı düşündüyü kimi heç də sağlam mühit olmayıb.

Bəs həqiqət nəyi deyir?

İlk növbədə qeyd edək ki, görkəmli alim, Moskva Dövlət Universitetinin professoru Əziz Şərif Xalq yazıçısı Mirzə İbrahimovdan Mehdi Hüseynin ölümünün təfərrüatı barədə soruşanda yazıçı öz cavab məktubunda bu hadisə barədə ətraflı məlumat verir. Həmin məktubu olduğu kimi dəyərli oxucularla tanış edirik:

Mirzə İbrahimov — Vikipediya

“...O ki qaldı Mehdinin ölümünə, Əziz dayı, bu barədə söylənilən müxtəlif şayiələrin heç birinə inanma. Arada belə sözlər gəzir ki, rəhmətliyin vəfatını gözü ilə görən mən özüm belə heyrət edirəm. Əlbəttə, indiki qeyri-normal vəziyyət indi yaranmamışdır. Bir günün, bir ayın məhsulu deyil, tarixi uzundur. Bu vəziyyət yalnız Mehdinin deyil, bizim hamımızın ürəyimizi ağrıdıb (mən insafən məsuliyyət duyğusunu itirmiş beş-üç nəfəri demirəm) hamımıza əzab-əziyyət verir. Bu bir daha sübut edir ki, xilas ancaq böyük məqsədləri, böyük idealları hər bir işdə meyar tutmaq, eqoizmin, xəstə, murdar eqoizmin kökünü kəsməkdədir. Bunu edə bilməsək, işimiz şuluqdur. Çünki xırdavatçının gözü uzağı görə bilməz. Xırdavatçının dostu olmaz. Xırdavatçılar biri-birinə nifrət edərlər. Xırdavatçı bir iynə üstündə göz çıxarar.

Mehdinin ölümü ərəfəsində baş verən hadisələr də göstərir ki, böyük məqsədlər unudulanda insan (xüsusən yazıçı) xırdavatçıya çevrilir. Ən balaca məsələ, mahiyyəti bir qəpiyə dəyməyən məsələ biri-birinin həyatını zəhərləmək vəzifəsinə çevrilir. Mart ayının 10-da rəyasət heyətində mübahisəyə səbəb olan məsələlər, başqa normal bir münaqişə də çox asanlıqla həll oluna bilərdi. Əlbəttə, mən Mehdinin ölümünün səbəbləri kimi həmin mübahisələri axtarmıram və bu qətiyyən doğru deyil. Çünki bizim ondan qat-qat şiddətli mübahisələrimiz olub ki, ogünkü mübahisə onların yanında adi bir uşaq deyişməsinə bərabərdir. Lakin o mübahisə də olmaya bilərdi. Çünki ona heç bir əsas yox idi. Lakin yaranmış şəraitdə hər an, hər dəqiqə ən xırda və əhəmiyyətsiz şey üstündə mübahisə qopa bilərdi. Bunu hiss edən Mehdi hələ bir həftə qabaq məndən İttifaqa tez-tez gəlməyi xahiş etmişdi.

Heç olmasa, rəyasət heyətlərinin iclaslarına gəl, sən olanda bir az sakitləşirik, deyib yarı zarafatla güldürmüşdü. Mən gündüzlər yazmağa adət etdiyimdən saat 2-dən, 3-dən tez evdən çıxmıram. Martın 10-da rəyasət heyəti saat 2-yə təyin olunmuşdu. Mən Nərimanov haqqında povest üzərində işləyirdim. İşim də yaxşı gedirdi. Odur ki, tərəddüd içində idim. İşimi yarıda kəsib iclasa getmək istəmirdim. Lakin Mehdinin xahişini xatırlayıb getdim. On-on beş dəqiqə gecikmişdim. Mən içəri girəndə rəyasət heyətinin iclası başlamışdı. Doğrusu, içəri girən kimi Mehdinin üzündə böyük bir yorğunluq gördüm. Rəngi qaralmışdı. Ourdları batıq idi, gözləri çuxura düşmüşdü və yorğun idi (sonradan eşitdim ki, o gecə pis və gec yatıb, səhərdən, saat 11-dən katibliyin iclasını çağırıb, üç katib nə barədə isə üç saat müşavirə ediblər, heç kəsi içəriyə buraxmayıblar. Mən keçib oturanda İlyas Əfəndiyev danışırdı. Qulağıma dedilər ki, bizim qurultayın məsələsini müzakirə edirlər:

  1. Qurultayı nə vaxt çağırmaq, yazda, yaxud yayda, payızda olsa oktyabrda, yoxsa dekabrda,
  2. Qurultayda bircə məruzə olsun, yoxsa bir-neçə məruzə,
  3. Qurultayda bütün üzvlər nümayəndə kimi iştirak etsinlər, yoxsa ayrıca nümayəndələr seçilsin.

Mübahisəyə səbəb olan şeylər də bunlar idi. Əlbəttə, bu və ya digər təklifə tərəfdar çıxanlar müxtəlif məqsədlər güdürdülər. Lakin rəyasət heyətinin bir sıra üzvləri bu məqsədlərdən uzaq olduqda, işin xeyrini güddüyü qurultayın yüksək səviyyədə keçməsini istədiyi üçün mübahisə və atışmalarının qızışmasına yol verilmədi. Bütün məsələlər barədə nisbətən doğru və məqbul qərarlar çıxarıldı.

Mehdi Hüseyn — Vikipediya

Təqribən saat dördün yarısında o biri məsələyə keçdik (“Boz atın belində” adlı kitabın müzakirəsi) burada da Məmməd Cəfər Cəfərov məruzəçi idi. Mehdi ona söz verdi. Özü də sakitcə dirsəklənib qulaq asmağa başladı.

Beş dəqiqə keçmiş Kübra xanım həyəcanla ayağa qalxdı. Mən o tərəfə baxdım. Yoldaşlar biri-birinə dəydilər. Mehdinin başı stolun üstünə düşmüşdü, son dərəcə ağır nəfəs alırdı. Sanki boğulurdu. Rəngi qaralıb-göyərmişdi, gözləri hədəqəsindən çıxıb iriləşmişdi. Tez yaxasını açdıq. Su gətirdik, valokardin verdik. Lakin bir qurtum da boğazından keçmədi. O, bir kəlmə də danışa bilməyib boğulurdu. Bütün bu proses beş dəqiqə çəkmədi. Artıq son nəfəsi boğazından çıxmış və o rahatca ölmüşdü.

Bütün dəhşət bundan sonra başladı. Biz Mərkəzi Komitəyə xəbər verdik, ailəsinə necə bildirmək barədə məsləhətləşməyə başladıq. Ümumən, çaşqınlıq içində qalmışdıq. Elə bu vəziyyətdə də Nəbi Xəzri qışqırmağa, hay-küy salmağa başladı: “Öldürdülər, günün günorta çağı, gözümüzün qabağında öldürdülər, Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim onu öldürdülər!”– deyib bağırır, haman yoldaşlara hücum çəkir, söyürdü.

İmran (İmran Qasımov – red.) və bəzi başqa yoldaşlar da ona qoşulanda doğrusu əsəbilikdən mənim ürəyim buna dözmədi, o biri otağa keçdim. Çünki Nəbi kimisini sakit etmək mümkün deyildi.

Xüsusən, bir az da otaqlar adamla dolur, bu da vəziyyəti daha da gərginləşdirirdi. Bütün bunları ona görə yazıram ki, nə qədər ağır vəziyyət yarandığının təsəvvür edəsən və çalışasan ki, yoldaşları görəndə ədavət duyğularını yatıran sözlər tapasan. Hələ bu günə kimi təşkilatın vəziyyəti qeyri-müsbətdir. Yenə komissiya, yenə onu-bunu çağırma, yenə söz-sov. Axırı nə vaxt çatacaq, bilən yoxdur. Bütün bunlar məni yorub və nifrət edirəm. Odur ki, mümkün qədər uzaq olmağa çalışıram.”

Nəbi_Xəzri-Sekil Axtar Sekil Yukle

Onu da xatırladım ki, Süleyman Rəhimovun oğlu, mərhum yazıçı Şamo Arif mənimlə söhbətlərinin birində Nəbi Xəzrinin öz hərəkətlərindən peşman olduğunu ona bildirmiş və xalq yazıçısının ruhundan üzr istəmişdi. (Mübahisə vaxtı Nəbi Xəzrinin Süleryman Rəmimovu şillə ilə vurduğu deyilir – red.)

Yuxarıdakı yazı barədə müsahibə verən Süleyman Rəhimovun o biri oğlu Aqil Rəhimov bunların yalan olduğunu bildirir və dədəsinə (ailədə atalarına bu cür müraciət olunurdu) haqq qazandırmaqdan ötrü onun dəflərlə “KQB”-yə çağırıldığını da göstərir.

Aqil müəllim müsahibəsində bildirir ki, guya Mirzə İbrahimovu respublikadan sürgün etmək istəyiblər, lakin Süleyman Rəhimovun xahişi ilə Mircəfər Bağırov bu fikirdən daşınıb.

Ola bilsin, aşağıda qeyd edəcəyimiz hadisədən sonra Süleyman Rəhimov Bağırovun sevimlisinə çevrilsin, lakin Mirzə İbrahimova qarşı belə bir fikir həqiqətə uyğun deyil. Fikrimiz aydın olmaqdan ötrü Mirzə İbrahimovun 16 və 19 iyul 1938-ci ildə həyat yoldaşı Sara xanıma yazdığı məktublardan sətirləri nəzərinizə çatdırırıq:

“...Bu gün Ordubadi (tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi nəzərdə tutulur -A.K.) yoldaş Bağırovun yanına getmişdi. O, mənim xəstəliyimdən danışmışdır. Bağırov ay yarım mənə məzuniyyət vermələrini tapşırmışdır (Biləsən ki, o, nə qədər həssas adamdır!) Beləliklə, sessiyadan sonra ayın 25-də Kislovodskiyə çıxacağam”.

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu  basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar

Xatırladım ki, Ordubadi yeganə şəxs idi ki, Bağırov dolayısı yolla onunla hesablaşardı. Ona görə də Mirzə İbrahimov məzuniyyətə çıxmağa Bağırovdan icazə almaq üçün qonşusu, yazıçıların ağsaqqalı sayılan Ordubadidən xahiş edir.

Məzuniyyətə çıxandan sonra Səməd Vurğunla istirahətə bir yerdə getməli olduğu üçün onu gözləməli olur. Bu ərəfədə respublikada geniş konfrans keçirilir. Mirzə İbrahimov rəhbər vəzifədə işlədiyinə görə məzuniyyətə çıxmasına baxmayaraq həmin konfransda iştirak edir və Bağırovla görüşür. Həmin məktublardan sətirlər:

“...yoldaş Bağırov gəldi və mən onlardan ayrılmalı oldum. Yoldaş Bağırov mənə “tez ol, müalicəyə çıx get – dedi. O, məni oğlu kimi istəyir”.

Belə diqqət sahibi olan şəxs necə sürgünə yollana bilərdi. O, nə qəbahət etmişdi. Məlumdur ki, Mirzə İbrahimov həmin dövrlərdə sözə baxan kimi tanınırdı. Həm də repressiyanın tüğyan etdiyi bir vaxtda Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alırdı.

Aqil müəllim qeyd edir ki, dədəsi tez-tez “KQB”-yə çağırılır və müxtəlif səbəblərdən incidilirdi.

İncitmək yox, görünür onlarla iş birliyinə dəvət edilirdi. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, mən repressiyaya aid iki kitabın müəllifiyəm. Dövlət Təhlükəsizlik Xidmətinin arxivində araşdırma apararkən Süleyman Rəhimovun sənədləri ilə də yaxından tanış olmuşam. O zaman məndə bir çox suallar yarandı. Bu suallardan yalnız birini yazıçının oğlu Arif müəllimə verdim:

No description available.

“1934-1935-ci illərdə Laçın rayonunun birinci katibi Teymur Salahov (məşhur rəssam Tahir Salahovun atası – red.), ikinci katib isə dədəniz Süleyman Rəhimov olub. O zaman aralarında yumşaq desək “inciklik” olduğu üçün Süleyman müəllimi Samuxa ikinci katib, daha sonra 1937-ci ildə Naxçıvanın Şahbuz rayonuna birinci katib göndərirlər. Partiya işçilərinin arasında vaxtilə “inciklik” olduğu nəzərə alınaraq hər ikisini həbs edirlər (belə hallara repressiya dövründə tez-tez rast gəlmək olurdu). Teymur Salahov güllələnməyə məhkum olunur, Süleyman Rəhimov isə 1937-ci ilin dekabr ayından 1938-ci ilin aprel ayına qədər -dörd ay həbsdə qaldıqdan sonra azad edilir və həmin ilin aprel ayında Azərbaycan SSR Nazirlər Soveti yanında Mədəni-Maarif işləri komitəsinin sədri vəzifəsinə təyinat alır. Bununla da o, yenidən partiya sıralarına qayıdır və (1939-1958-ci illər) fasilələrlə Azərbaycan Yazıçılar İttifaqına da rəhbərlik edir. Bundan sonra 1940-cı ildə irəli çəkilərək, Bakıda müxtəlif partiya sıralarında fəaliyyətini davam etdirir. O, Azərbaycan Kommunist Partiyasının Bakı şəhər komitəsində təbliğat üzrə katib, Azərbaycan KP MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini işləyir. Maraqlıdır, Süleyman Rəhimova nə üçün idi bu qədər isti münasibət?”

Arif müəllim bir az duruxdu və sonra mənə “Aslan bəy, bu barədə görüşəndə geniş söhbət edərik” - dedi. Həmin söhbətdən sonra bir daha onunla görüşə bilmədim və Arif müəllim dünyasını dəyişdi.

Akademik Bəkir Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına  böyük töhfələr verib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümumiyyətlə, Süleyman Rəhimov bəzi rəhbər işçilərin sayəsində dövrünün hökmranı olub. Xatırlayıram, 1973-cü ildə akademik Bəkir Nəbiyev onun “Qoşqar qızı” əsərini tənqid etmişdi. Cavabında Süleyman Rəhimov “Ədəbiyyat və incəsənət” qəzetində Bəkir müəllimin ünvanına etikaya sığışmayan ifadələr işlətməkdən belə çəkinməmişdi.

Rəhmətlik Bəkir müəllim Nizami adına Ədəbiyyat muzeyinin direktoru işləyəndə yanına getmişdim, Süleyman Rəhimovun ona yazdığını xatırlatdım. O, həmin vaxtları xatırlayıb dedi ki, bir dəfə Abbas Zamanovla dəniz kənarında gəzintiyə çıxanda Süleyman Rəhimov qarşılarına çıxır. Bu zaman Bəkir müəllim oradan ayrılmaq istəyir, Abbas müəllim etiraz edir və deyir ki, Süleyman müəllim o hadisəni çoxdan unudub. Lakin yaxınlaşanda Abbas müəllimlə görüşdü, mən əlimi uzadanda “əlini çək, səni elə tapdalayaram, izin də qalmaz” - dedi. Mən də ona lazım olan sözləri deyib, bir daha repressiya illərini xatırlatdım və üzümü çevirib getdim.

Mənə elə gəlir ki, belə bir mövzuda yazı qələmə alanda ehtiyatlı olmaq, deyilən dedi-qodulara rəvac verərək oxucular arasında çaşqınlıq yaratmaq əvəzinə, sənədlərə söykənmək və yaxud hadisənin birbaşa iştirakçısı ilə ünsiyyət qurmaq lazımdır.

# 5755 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #