Sürücüsü ilə evləndi, falçıya getdiyini etiraf etdi, polisə düşdü – Erməni pərəstişkarı Nüşabə Ələsgərlinin hansı təklifini rədd etdi?

Sürücüsü ilə evləndi, falçıya getdiyini etiraf etdi, polisə düşdü – Erməni pərəstişkarı Nüşabə Ələsgərlinin hansı təklifini rədd etdi?
13 dekabr 2022
# 12:55

Kulis.az müğənni, Əməkdar artist Nüşabə Ələsgərli haqqında maraqlı faktları təqdim edir.

Hümmətova Nüşabə Ələsgər qızı 21 dekabr 1967-ci ildə Şəkidə anadan olub. Həkim və müəllim ailəsində böyüyən Nüşabə artıq uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənir. 1974-cü ildə Şəkidə 1-ci sinfə getsə də, iki il sonra ailəsi birgə Sumqayıt şəhərinə köçür. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etdirən Nüşabə eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil alır.

***

1986-cı ildə Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsini fərqlənmə diplomu ilə bitirib, elə həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olur.

1998-ci ildən Azərbaycan Teleradio şirkətinə solist olaraq işləməyə başlayıb. Televiziyada çalışdığı dövrdə bir çox verilişlərdə, bayram proqramlarında, tamaşalarda çıxış edir. Əhməd Orucoğlunun "Qayınana əməliyyatı"nda baş rollardan birinə, eyni zamanda 24 seriyalı "Yanmış körpülər" seriyalında baş rolda çəkilir.

***

Televiziyada çalışdığı dövrlərdə bir çox bəstəkarlarla işləyir, Şəfiqə Axundova, Eldar Mansurov, Nadir Əzimov, Ramiz Mirişli, Aygün Səmədzadə, Elçin İmanov və başqa bəstəkarların bir çox mahnılarını lentə yazdırır. Yaradıcılığı boyu 24 disk hazırlayıb.


Müğənni iki dəfə ailə qurub. İlk evliliyindən onun Orxan adlı oğlu, Nigar adlı qızı dünyaya gəlib. Uğursuz evlilik yaşayan müğənni bir müddət sonra həyat yoldaşı ilə yollarını ayırır. İkinci dəfə o, öz cangüdəni olan Rza adlı şəxslə ailə qurur. Bu evlilikdən onların övladı yoxdur. Müğənni müsahibələrinin birində deyir:

"Bir müddət mənim sürücüm və cangüdənim oldu. Sonra getdi Kanadaya, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi. Bir də gördüm qayıdıb, təəccübləndim. Gedəndə sevgisini demişdi. Cavab vermişdim ki, olmaz. Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı. Mən də anayam, istəyərəm oğlum subayla evlənsin, övladı olsun. Bunlar da məndə olmazdı. Bir ana öz oğlunu sevirsə, başqa övladı da sevməlidir. Ancaq sonra ailə qurduq. Evimin ən dəyərli varlığı həyat yoldaşım Rzadır. Evliliyimiz sevgi ilə deyil, məntiqlə olub. Həyat yoldaşım Rza ilə artıq 16 ildir ki, evliyəm. Övladlarımın birinin 9, digərinin 10 yaşı vardı biz ailə quranda. Mənimlə evlənmək üçün o, anamın sərhədini keçməli idi. Anam çox zəhmli qadın idi. Belə şeylərə çox pis yanaşırdı. Bir sözlə olmaz! Düşündüm ki, məntiqlə düz addım atmışam. Anam bizim evliliyimizə heç vaxt razı olmadı. Evliliyimiz razılıqsız oldu. İllər keçdikcə anam evliliyimizə çox sevindi. O, xəstə yatağında olanda söylədi ki, Rza, balalarımı sənə tapşırıram. Ürəyimin dərinliklərində düşünürdüm ki, bəlkə, anam haqlıdır. Bəlkə, səhv qərar idi? Amma nə yaxşı ki, bu addımı atmışam. Rza övladlarıma təkcə ata yox, həm də sürücü olub".

Məşhur müğənninin bir neçə dəfə polislə bağlı da problemləri olub. 2011-ci ildə onunla yol polisi arasında qalmaqal baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi müğənninin əyləşdiyi avtomobili saxladığı üçün o, yol polisini təhqir edib, söyüş söyüb. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi açıqlamasında faktı təsdiqləyib.

***

Nüşabə Ələsgərlinin qanun işçiləri ilə ikinci “toqquşması” isə 2019-cu ildə baş verib. Belə ki, müğənni həmkarı Manaf Ağayevin keçmiş kürəkəni Taleh Hüseynovu hədələməkdə günahlandırılıb. Zərərçəkmişin sözlərinə görə, müğənni müəyyən insanların vasitəsi ilə onu incidəcəyini, problemlər yaşadacağını deyib.


Nüşabə Ələsgərlinin çox çətin həyat sınaqları olub. İki ay fərqlə əvvəl anasını, daha sonra isə xərçəng xəstəsi olan bacısını itirir. Bu iki itki ona pis təsir edir. Səhnədən getməyi, hətta ölməyi belə düşünüb. Müsahibələrində bu haqda deyir:

“Çox qısa zaman kəsiyində iki doğmamı itirdim. Özümə qapandım. Mənə deyirlər ki, niyə efirə çıxmırsan? Çıxa bilmirəm, bilirəm ki, ağlayacam. Anam heç vaxt məni qoymazdı ki, ağlayam. Bu formada görünmək istəmirəm. Efirə belə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Əvvəl lap pis idim. Zaman yaraları sağaltmır. Anam öləndən sonra dünyam dəyişdi. Ondan 2 ay sonra da bacım rəhmətə getdi. Onkoloji xəstə idi. Böyük bir stress yaşadım. Anam bacımın xəstə olduğunu biləndə sağlam idi. Anam əllərini açıb göyə dedi ki, Allah, sən mənə balamın pis gününü göstərmə. Sağlam qadın bacımdan 2 ay əvvəl rəhmətə getdi. Ana və bacım dünyasını dəyişəndən sonra dedim ki, daha mahnı oxumayım, sənətlə vidalaşım. Ölənə qədər əlimdə mikrofon olmalıdır? Amma dost-tanışlar mənim bu qərarıma qarşı çıxdılar. Həm də məni depressiyadan çıxartmaq üçün sənətimə qaytardılar. Sevdiyim sənətdir, xalqın içində oluram, başım qarışır. Bu itkinin təsirindən məni zaman, uşaqlarım, yaxınlarım, ailəm çıxardı. Uşaqlarıma olan məsuliyyətim də rol oynadı. Nə edə bilərdim? Əlimdən heç nə gəlmirdi, həyat isə davam edir. Bu elə bir duyğudur ki, ölmək istəsən də ölə bilmirsən. Mən onların itkisindən sonra ölmək istəyirdim”.

Nüşabə Ələsgərli mərhum Xalq artisti İlhamə Quliyeva ilə yaxın dost olublar. Hətta İlhamə xanımın ad günündə Nüşabə Ələsgərova ona brilyant üzük bağışlayıb. İş elə gətirib ki, Nüşabə Ələsgərovanın ad günü olanda, İlhamə xanım xəstəxanada yatırmış. Nüşabə ad günündən bir neçə gün sonra xəstəxanaya həmkarını yoluxmağa gedir. İlhamə xanım onu görəndə deyir ki, çəkməcəni aç, orda sənin üçün hədiyyə alıb saxlamışam. Nüşabə Ələsgərli çəkməcəni açanda, orda bahalı zinət əşyasının olduğunu görür.

***

Müğənni tələbə yoldaşı, rəfiqəsi bəstəkar Aygün Səmədzadə ilə əvvəllər yaxın münasibətdə olsa da, sonralar onunla küsülü olduğunu bildirib. Buna səbəb isə müğənninin rəfiqəsinin solo konsertinə gələ bilməməyi olub.

Müğənni verilişlərindən birində erməni pərəstişkarı ilə bağlı yaşadığı əhvalat nəql edərək deyir:

"Konsertdə çıxış edirdim. Çoxlu tamaşaçılar var idi. Birdən bir ağbirçək qadın səhnəyə gəldi, məni qucaqlayıb öpdü. Mən də onunla qucaqlaşdım. Konsertdən çıxanda gördüm ki, gül dəstəsi ilə məni gözləyir. Onu Azərbaycana dəvət etdim. Amma gələ bilməyəcəyini dedi. Səbəbini soruşduqda isə "Mən Gəncə ermənisiyəm, gələ bilmərəm” cavabını verdi”.

***

2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyətinə başlayan Nüşabə Ələsgərli 2018-ci ildə "Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri" adlı elmi işini müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim işləyir. 2013-cü ildə Əməkdar artist adına layiq görülüb.

***

Bir çox müğənnilər kimi Nüşabə Ələsgərli də falçılara inandığını və onların yanına getdiyini etiraf edib. Ancaq bir neçə il əvvəl Məkkəni ziyarət edəndən sonra heç vaxt falçı yanına getməyib.

# 12829 dəfə oxunub

Müəllifin son yazıları

# # #