Son illərdə çəkilən filmlərin sponsorları, dəstəkçiləri

Son illərdə çəkilən filmlərin sponsorları, dəstəkçiləri
21 aprel 2025
# 10:00

Son illərdə Azərbaycan kino industriyası həm dövlət, həm də özəl sektorun maliyyə dəstəyi ilə bir çox yeni layihələrə imza atıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Kino Agentliyi (ARKA), Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi kimi qurumlar yerli kino istehsalına maliyyə ayıraraq sənayenin inkişafına töhfə verib.

“Tağıyev. Neft”, “Azərbaycan Atabəyləri”, “Qarabağ FK: 30 mövsüm SƏFƏRDƏ” və “Stadionlar susanda” kimi filmlər əsasən dövlət dəstəyi ilə ərsəyə gəlib və tarixi-bioqrafik janrda çəkilib.

Bundan əlavə, özəl sektorun da kinoya marağı artıb. Bizon, MEDERA Hospital, Neqsol Holding, Kapital Bank, Bakcell, Norm, AİDİN Dadash Baradar Co., Volt, EME Parfum kimi şirkətlər müxtəlif filmlərə sponsorluq edərək istehsal prosesində mühüm rol oynayıb.

“Hozu 007”, “Hozu dayə”, “Şor biznes” və “Lənətli kitab” kimi filmlər özəl sektorun maliyyə dəstəyi ilə çəkilən layihələr sırasındadır.

Janr baxımından dəyərləndirmə aparsaq, son iki ildə Azərbaycanda ən çox dram və komediya janrında filmlərin çəkildiyinin şahidi olarıq.

“İyirmi birinci möcüzə”, “Apatiya”, “Aktyor” və “Səma ilə görüş” kimi dram filmləri daha çox sosial və psixoloji mövzulara toxunub.

“Hozu 007”, “Şor biznes”, “Elçilik” və “Evdə qalmış 2” isə komediya janrında çəkilib və tamaşaçıların böyük marağına səbəb olub. Bundan başqa, qorxu-komediya, tarixi-bioqrafik, kriminal-dram və melodram kimi müxtəlif janrlarda da filmlər ərsəyə gətirilib.

Ümumilikdə, dövlətin kino sənayesinə dəstəyi davam edir və özəl sektorun da marağının artması kino industriyasının inkişafında mühüm rol oynayır.

Qeyd edək ki, bu tendensiya gələcəkdə daha keyfiyyətli və müxtəlif janrlarda filmlərin çəkilməsinə şərait yaradacaq.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #