Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar

Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
20 avqust 2019
# 15:34

Bu gün böyük Azərbaycan xanəndəsi, Xalq artisti Xan Şuşinskinin doğum günüdür. Kulis.az bu münasibətlə Xan haqqında maraqlı faktları təqdim edir.

Qarabağ məclislərinin birində İranın böyük xanəndəsi Əbülhəsən Xan İqbalın “Kürd-Şahnaz” muğamını dinləyirlər. Xanəndə İslam Abdullayev üzünü şagirdi İsfəndiyara (Xan Şuşinskinin əsl adı belədir – red.) tutur.

- Belə oxuya bilərsən?

Xan Şuşinsi cavab verir:

- Bir dəfə də dinləsəm, oxuyaram!

Muğamı bir dəfə də dinləyirlər və Xan “Kürd-Şahnaz”ı necə oxuyursa, İslam Abdullayev heyran qalır. O, şagirdinə baxıb razılıqla gülümsəyərək deyir:

- Əbülhəsən İranın xanıdır, sən də bu gündən oldun Azərbaycanın Xanı!

O vaxtdan gənc İsfəndiyara hamı Xan, bir az yaşlanandan sonra isə Xan əmi deyə müraciət edir.

***

Xan Şuşinski gənc yaşlarından papiros çəksə də sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdi.

***

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı bacararmış. Gözəl də nərd oynayarmış, nadir hallarda uduzarmış. Lakin savadı elə də olmayıb. Bir dəfə Moskva səfəri zamanı rus əlifbası ilə yazılmış “Zoopark” («Зоопарк») sözünü “300 park” kimi oxuyur.

***

Hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, söyləyə və oxuya bilirdi. Eyni zamanda müasirlərindən, əsasən də Əliağa Vahiddən ilk dəfə o qəzəl oxuyur və onları məşhurlaşdırır.

***

Xan Şuşinski uzun illər övlad həsrəti ilə yaşayıb. Bu mövzuya toxunan qızı Bəyimxanım atası haqqında belə demişdi: "Atam həmişə deyərdi ki, “Süsən-sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?” mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi, o vaxtlar Allah mənə övladdan başqa hər şey vermişdi”. Uzun illərdən sonra dörd övladının olması onu çox xoşbəxt edib.

***

Xan ilk həyat yoldaşı Tovuz xanımla 35 il evli olur, lakin övladları olmur. Tovuz xanım özü Xanın ikinci dəfə evlənməsini istəyir. Beləliklə, Xan Şuşinski ikinci dəfə 56 yaşında özündən 30 il cavan Suğra xanımla evlənir. Və Xan hər iki həyat yoldaşı ilə ömrünün sonuna kimi bir yerdə yaşayır. Lakin ilk xanımını incitməmək üçün onun yanında ikinci həyat yoldaşına heç vaxt isti münasibət göstərmir.

***

Bir gün Xan Şuşinski musiqiçi yoldaşları ilə toydan gəlirmiş. Quldurlar onları soymaq üçün faytonlarını saxladırlar. Sənətkar olduqlarını biləndə Xandan oxumasını istəyirlər. Xan necə oxuyursa, uzun müddət ev-eşiyindən uzaq düşmüş quldurbaşını ağlamaq tutur, onlara xələt verib sağ-salamat Şuşaya yola salır.

***

Qadın ifaçı ilə ilk duetin təşəbbüskarı və ifaçısı Xan əmi olub.

***

Üzeyir bəy Hacıbəyov 1920-ci ilin payızında Qarabağda gənc ifaçılar axtarışına çıxır. Xan Şuşinski Üzeyir bəyin hüzurunda oxuyur, böyük bəstəkar onun səsini çox bəyənir və beləliklə müğənninin sənət karyerası başlayır. Sonralar Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək ondan zövq aldığını dilə gətirir.

***

“Qarabağ Şikəstəsində” “Fələk vay-vay”, “Ölürəm” kəlmələri işıqlı kommunizm ideyalarına zidd olduğundan, muğamın mətnindən çıxarılmasını tələb edirlər. Xan Şuşinski dəfələrlə aidiyyatı məmurlara şikəstənin mahiyyətini və bu sözlərin havayı işlənmədiyini izah etməli olur. Bəzən inandıra bilir, bəzən yox. Misal üçün, “Şuşanın dağları başı dumanlı” ifadəsini o “Qızıl fond”dakı məşhur ifasında “Şuşanın dağları deyil dumanlı” kimi oxumaq məcburiyyətində qalır.

***

Moskvada, Böyük Teatrda Azərbaycan mədəniyyəti ongünlüyündə Sara Qədimova və Şövkət Ələkbərova ilə birlikdə “Qarabağ şikəstəsi” ifa edir. Zil pərdələri necə oxuyursa, kulisdə durmuş teatrın aparıcı solisti, SSRİ Xalq artisti İvan Semyonoviç Kozlovski heyrətə gəlir, iki əli ilə başını tutur və “Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə başlayır.

***

Xan əmi ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur.

# 12805 dəfə oxunub

Müəllifin son yazıları

# # #