Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı – Xalq artisti haqqında bilmədiklərimiz...

Silahlı hücuma məruz qaldı, keçmişindən imtina etdi, əri ona iftira atdı – Xalq artisti haqqında bilmədiklərimiz...
21 oktyabr 2023
# 21:00

Bu gün Xalq artisti Tünzalə Ağayevanın doğum günüdür.

Kulis.az müğənninin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Tünzalə Qabil qızı Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirəndən sonra təhsilini Gəncə şəhərində, Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfində davam etdirir. O, həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.

***

Tünzalə xanım hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyir. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilir.

2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi olur. Həmin vaxtdan estrada mahnılarının bəstəkarı və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur.

***

Tünzalə Ağayeva Ukraynada “Yalta-2003” Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-pri mükafatçısı olub.

***

2006-cı ildə Azərbaycanın “Əməkdar Artisti” fəxri adına layiq görülüb.

2008-ci ildən Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

***

Xalq artistinin mətbuatda yayımlanan “Sənətə gəlməyimdə ancaq özümə və atama borcluyam. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb” fikirləri birmənalı qarşılanmamışdı. Müğənninin atası Qabil Ağayev də qızının fikirlərini təsdiqləmişdi:

"Qızımın bütün uğurları üçün mən əziyyət çəkmişəm. “Kamaz” markalı maşınımı satıb onu səhnəyə gəlişinə yardımçı olmuşam. Ona heç kim kömək etməyib".

Tünzalə Ağayevanın ilk albomunun üz qabığında bu sözlər yazılıb:

“Uşaqlıqdan Vaqif Gərayzadə musiqisinin böyük pərəstişkarlarından biriyəm. Rayonumuzda yaşayarkən təsəvvür etməzdim ki, nə vaxtsa bəstəkarımızla görüşüb yaxından tanış olacam. Xoşbəxtəm ki, belə fürsət mənə nəsib oldu. Çünki vurğunu olduğum musiqinin yaradıcısı, gözəl insan, sevimli bəstəkarımız Vaqif Gərayzadə ilə tanışlıq, onunla birgə işləmək, onun məsləhətlərini dinləmək mənim üçün böyük şərəfdir. Məhz Musa müəllimin təşəbbüsü ilə mən gözəl bəstəkar Vaqif Gərayzadə ilə tanış oldum və biz bu albom üzərində birgə çalışdıq”.

***

Tünzalə Ağayeva bir müddət pedaqoji fəaliyyətlə də məşğul olub. Bir neçə il müəllim işləyib.

Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o, həyat yoldaşından ayrılıb. Şəxsi həyatı haqqında çox danışmağı sevməyən müğənni ayrılığı ilə bağlı müsahibələrinin birində deyir:


“Onun dəstəyini heç vaxt dana, haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis - deyə bilmərəm. Hər birimizin xətası var. Yeddi il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, o demək deyil, biri yaxşı, digəri pisdir. Birinin beyni inkişaf edir, digəri yerində qalır. Məndə belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın iki yaşı var idi. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. İki-üç il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, "hər şey gözəldir" deyirdim. Efirdə ağlamağı bacarmıram. Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Albomlarım uğur qazanırdı. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. O illərdə Tünzalə Ağayeva ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. Düşünürdü ki, mənlə yaşamırsa, həyatı məhv olmalıdı. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi”.

Həmkarı Nura Suri isə Xalq artistinin keçmiş həyat yoldaşı ilə bağlı mətbuatda gedən xəbərləri sildirdiyini öz sosial şəbəkə hesablarında paylaşırdı:

“Tunzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini yutube və quql portallarından sildirib. Yəqin, öz yaddaşından da silinib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “çox sağ ol””

***

Tünzalə Ağayeva digər həmkarı Rəqsanə İsmayılovanın onun haqqında dediyi “Şokoladları müğənnilərin evinə göndərib reklam etməkdənsə, xalqa kömək etsin” fikrini də belə şərh edib:

“Aşağı səviyyədə çıxıb efirdən nümayiş olunmaq və mənim ünvanıma şokolad satır və sair demək... Mənə ağıl verməyə ehtiyac yoxdur. Valideynlərim məni o qədər ağıllı tərbiyə ediblər ki, heç kimin məsləhətinə ehtiyac görmürəm. Addımlarımı da, xeyriyyəçiliyimi də bilirəm. Mən Allaha cavab verirəm”.

Tünzalə Ağayeva dinləyicilərin yadında bandanalı şəkilləri, klipləri ilə qalsa da, sonradan imicini dəyişdi. O, ilk vaxtlar açıq-saçıq şəkillər paylaşanda dinləyicilər onu tənqid, bəzən də təhqir edirdi. Şəkillərinin altına “Bu fəxri adları alandan sonra sənin də zayın çıxdı. Əvvəllər efirə ağıllı-başlı geyimdə çıxırdın, səni də Röya pozdu… Kimə baxırsan, hamısı göbəyini açıb… Sizə hörmətim var, amma bu siz deyilsiz. Səni pozanın Allah evini yıxsın, səni də soyundurdular” kimi rəylər yazılırdı.

***

Tünzalə Ağayeva həm də keçmiş imici ilə bağlı da açıqlamalar verib:

“Mənim heç vaxt qapalı geyimim olmayıb. Modelyer-dizayner Zümrüd Mirzəliyeva “Bakı payızı” müsabiqəsindən bu yana hər zaman çox maraqlı, fərqli və kreativ obrazlar hazırlayıb. Maraqlısı odur ki, o zaman sadəcə bəzi telekanalların arxivində qalıb. “Bakı payızı”nda, eyni zamanda ilk vaxtlarda çıxışlarımdakı dekolteli, transparan əlbisələrdə görüntülərim arxivdədir. Söhbət 22 il bundan əvvəldən gedir. Tünzalənin hədsiz dekolteləri də var, transparan bluz paltarları da, üst geyimləri də. Yəni hər cürə geyinmişəm. İndiki nəsil o arxivləri görməyib və gördükləri hazırkı tərzimdir. Bir şey məni çox güldürür. Niyə insanlar bandananı hicabla səhv salır? Bu, insanın zəif dünya görüşündən xəbər verir. Bandana üç künc yaylıqdır və mən heç vaxt örtünməmişəm. Heç vaxt radikal geyim geyinməmişəm”.

Müsahibələrinin birində haqqında kitab yazılacağını vurğulayıb. Uzun müddətdir bərabər işlədiyi prodüsseri tərəfindən yazılacaq kitabda onun haqqında hər şeydən söhbət açılacaq.

***

Sənətçi 29 il əvvəl tələbəlik illərində Gəncə hadisələri zamanı başına gələn təhlükəli anlardan danışıb:

“Birinci kurs tələbəsi idim. Gəncədə çox qorxulu hadisələr baş verirdi. Dərsim bitdi. Fortepiano müəllimim dedi ki, “Tünzalə, evə get, şəhərdə vəziyyət təhlükəlidir”. Mən onun sözlərinə qulaq asmadım və evə getmədim. Dərsdən çıxdıq, rəfiqələrimlə Sabir küçəsinə getdik. Bir də baxdıq ki, bizdən başqa heç kim yoxdur. O anı xatırlayıram ki, hərbi maşın gəlirdi. Oradan əlisilahlı şəxs qışqırdı ki, yerə uzanın. Əsgər formasında adamlar idi. Sonra bizi bir kafeyə apardılar və şəhərdəki vəziyyət sakitləşənə qədər orada qaldıq”.

Tünzalə Ağayeva hazırda fank və blyuz elementləri ilə pop-cazz-xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir.

O, 2019-cu ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.

# 6387 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #