Səttar Bəhlulzadə Gəncədən niyə getmək istəmirdi? - Bir əsərin tarixçəsi

Səttar Bəhlulzadə Gəncədən niyə getmək istəmirdi? - Bir əsərin tarixçəsi
15 dekabr 2023
# 15:00

Bu Xalq rəssamı Səttar Bəhluzadənin doğum günüdür.

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Kəpəz niyə ağlayır?” adlı yazısını təqdim edir.

Adı Azərbaycan təsviri sənəti tarixinə qızıl hərflərlə yazılmış xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909-1974) ən böyük xidmətlərindən biri də onun ona qədər üçüncü-dördüncü dərəcəli sayılan mənzərə janrını əhəmiyyətli bədii-estetik sərvətə çevirə bilməsidir. Heç şübhəsiz bunu şərtləndirən başlıca səbəb onun mənzərənin məna-məzmun yükünə gözəllik qaynağı olmaqdan əlavə, tamaşaçını düşündürə biləcək, onunla dialoq qurmaq gücünə malik olan “sirr qatı” əlavə etməsidir. Təbii ki, o, buna mənzərə janrında davamlı axtarışlar aparması nəticəsində nail olmuşdur. Belə ki, onun başlanğıcı ötən əsrin qırxıncı-əllinci illərinə təsadüf edən mənzərə yaradıcılığında təbiət motivləri realist-gerçəkçi tutumlu olmaqla, daha çox yurdumuzun gözəlliyinin inandırıcı bədiiləşdirilməsi vəzifəsini daşıyır. Sonrakı illərdə, daha dəqiq desək, altmışıncı-yetmişinci illərdə isə onun mənzərəyə münasibəti əsaslı şəkildə dəyişir. Bunu əsərlərin rəng qatının daha geniş bədii ümumiləşdirmələrlə işlənməsi ilə yanaşı, kətan üzərində gerçəkləşən mənzərələrin obrazlı görkəm alması və bir çox hallarda düşündürücü məna-məzmun yükü daşıması da təsdiqləyir. Bu yerdə əlavə edək ki, Səttar Bəhlulzadənin təbiət motivlərinə bu vaxta qədər rast gəlinməyən bədii münasibəti Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin yaranmasını şərtləndirmişdir. Rəssamın “Xəzər gözəli” (1961), “Dəniz sahili” (1962), “Torpağın arzusu” (1963), “Kəpəzin göz yaşları” (1965), “Gülüstan” (1965), “Azərbaycan nağılı” (1966), “Qədim alov” (1968), “Analar yanar, ağlar” (1972), “Suraxanının qədim alovları” (1971), “Gəncə gölü” (1972), “Tanrıyla söhbət” (1973) və s. lövhələri bu qəbildəndirlər.

Bu əsərlərin arasında “Kəpəzin göz yaşları” əsəri təbiətə özünəməxsus bədii-fəlsəfi münasibətinə görə xüsusilə seçilir, desək, yanılmarıq. Belə ki, yuxarıda da vurğuladığımız kimi rəssam Azərbaycan təbiətinin çoxlarının gözündə bəlkə də adiləşən məşhur guşəsinə fərqli yanaşma nümayiş etdirmişdir.

Səttar Bəhlulzadə: Kəpəzin göz yaşları

Öncə deyək ki, Göygölü Səttardan əvvəl də təsvirə alan rəssamlarımız çox olub. Müharibədən sonra respublikamızda aparılan quruculuq işlərinin nəticəsində inşa olunan yeni mədəniyyət evlərinin, klubların, kitabxanaların, ali və orta təhsil ocaqlarının interyerində istifadə olunan vacib tərtibat elementinin siyasi xadimlərin portretləri ilə yanaşı Göygöl mənzərəsinin olması birmənalıdır. Odur ki, Göygölün təsviri o vaxtlar respublikanın əksər rəssamlarının yaradıcılığında yer almışdır. S.Bəhlulzadənin bu prosesdə iştirak edib-etmədiyi dəqiq məlum olmasa da, onun Respublika Bədii Fondunun xətti ilə sifarişlər işləmədiyini bildiyimizdən Göygöllə bağlı əsərinin də olmadığını söyləmək olar. Amma altmışıncı illərdə rəssamın təbiətin bu gözəl guşəsində olması ona çox qısa müddətdə bir-birindən maraqlı əsərlər yaratmağa imkan vermişdir. Onların arasında 1965-ci ildə yaradılan “Kəpəzin göz yaşları” əsəri bədii həllinə və məna-məzmun tutumuna görə başqalarından fərqlənir. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş olunan mənzərənin maraqlı yaranma tarixçəsi vardır...

1962-ci ildə sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam Göygölə - onun tacı sayılan möhtəşəm Kəpəz dağına baş çəkmədən şəhərə getməyi özünə bağışlaya bilməyəcəyini söyləyir. Bakıya tələsən dostlarını yola gətirdikdən sonra birlikdə Göygölə tərəf qalxırlar...

Payızın sonları idi. Həmin gün sanki təbiət Səttarın etibarına qarşı çıxmışdı. Bir göz qırpımında buraların ab-havası dəyişmiş, Kəpəzin zirvəsini qatı duman bürümüşdü. Bu dumanın, çənin içərisində az-çox meşəni, bir az da suyu görmək mümkün idi. Səttarın çöhrəsi bulud kimi tutulur, yediyini-içdiyini bilmir. Elə siqareti siqaretə calayır. İki ayağını bir başmağa dirəyir ki, Kəpəzi görmədən Bakıya gedən deyiləm. Onun xasiyyətini yaxşı bilən Toğrul da, Tahir də “təslim” olub, hadisənin gedişini izləməyə üstünlük verirlər. Yalnız iki gündən sonra, sübh çağı Səttarın təşvişi və həyəcan dolu səsi otağın sakitliyini pozur: “Kəpəz! Kəpəz!” Doğrudan da, bulud tamam çəkilmiş, Kəpəz bütün gözəlliyi ilə göz önündə durmuşdu. Dağın döşü boyunca yayılmış meşənin qızılı rəngi gölün ayna sularında əks olunurdu. Sözlə ifadə olunmayan cazibədar bir mənzərə yaranmışdı. Səttarın üzü gülürdü. Dostları da istər-istəməz onun səsinə qalxıb bu gözəl mənzərəyə doyunca tamaşa edirlər. Bakıya qayıtdıqdan sonra rəssam gördükləri və çəkdiyi etüd əsasında “Kəpəzin göz yaşları” əsərini yaradır. Bu mənzərə, əslində rəssamın müşahidəsi ilə heyrətinin fəlsəfi qayəyə köklənmiş nəticəsi idi...

Səttar Bəhlulzadə — Vikipediya

Doğrudan da Səttardan əvvəl də, sonra da Göygölü fırçaya alan rəssamlar çox olsa da, amma heç kəs onun kimi yüksək sənətkarlıqla bu dilbər guşənin obrazlı təsvirini yarada bilməmişdir. Gölü gördüyü payız günü Səttarı səmanın maviliyi, dağların möhtəşəmliyi, meşələrin bərəkət rəngi sevindirsə də, diqqətini ən çox cəlb edən, onu riqqətə gətirən həm də təbiətin bu dəlisovluğundan sonra Kəpəzin zirvəsi yanında axşamdan qalan ... ay olmuşdu. Bir tərəfdən günəş çıxmasına baxmayaraq, gecədən qalmış ay hələ də dağın zirvəsinə, suyun sinəsinə öz nurunu, işığını səpələməkdə idi. Bu anda belə bir qeyri-adi sükutu pozan yalnız göz yaşlarıdır. Kəpəz ağlayır... Tamaşaçı bunu sevinc yaşları kimi də qəbul edə bilər. Bəlkə də Kəpəz belə bir ağlasığmaz gözəllik yaratdığına görə sevinirdi. Bu sevinc yaşlarını isə Səttar böyük həssaslıqla duymuş və mənalandıra bilmişdi... Bütünlükdə isə “Kəpəzin göz yaşları” tablosu təsviri sənətimizin heç vaxt yaddan çıxmayacaq səhifəsi, onun mənzərə janrını özünəməxsus və yeni bədii məziyyətlərlə zənginləşdirən və Vətənin bu qürurdoğurucu guşəsi haqqında sevincli-kədərli həqiqətdir, desək, yanılmarıq...

Belə ki, bizcə indiki halda göl gözəlliyinin yarada biləcəyi bu sevinc həm də çoxqatlı kədər üstündən “boylanır”. Belə ki, əsərdə Göygöl də, ona dayaq duran Kəpəz də rəssam təqdimatında həm də, bu yerlərin uzaq-yaxın tarixini özündə hifz edən yaddaş rəmzidirlər. Rəssam təfsirində mövcud olduqları çox təzadlı zaman kəsiyində bu mahalın ağrılı-acılı anlarına şahidlik edən, Yelizavetopollaşan, Kirovabadlaşan, Cavad xan igidliyini və faciəsini görən, müstəqilliyimizin ilk paytaxtının yaşantılarını müşahidə edən qədim Gəncəyə dağın da, gölün də unutqanlıq nümayiş etdirməsi mümkünsüzdür. Ona görə fəlsəfi qayəli Səttar fırçası Göygölü və Kəpəzi təkcə gözəllik daşıyıcısı kimi yox, həm də qürur və yaddaş mücəssəməsi kimi təqdim edir...

Rəssamın “Kəpəzin göz yaşları” əsəri üzərində düşüncələrimizi bir az da genişləndirsək, deməliyik ki, rəssam onu bir çoxları kimi sadəcə olaraq, “Göygöl” də adlandıra bilərdi. Amma göründüyü kimi, bunu etməyib. Etsəydi, yəqin ki, Səttar olmazdı. Odur ki, Kəpəzi əsərində “ağladan” rəssam təkcə onun yaratdığı gözəlliyə münasibət bildirməyib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi bu ecazkar görüntüsü də, onu tamaşaçısını suallar burulğanına salan əsərin çoxqatlı adı da əslində, motivin təzadlı yaşantılardan qaynaqlandığının, düşündürücü fəlsəfi yük daşımasının ifadəsidir.

Səttar Bəhlulzadə dühasının parlaq plastik ifadəsi

Ümumiyyətlə, Səttarın Vətən sevgisindən qaynaqlanan əsərlərinə məqsədli adqoyma münasibəti vardı. O, buna böyük əhəmiyyət verirdi, desək, yanılmarıq. Moskva sərgisində (1973) “Gəncə gölü” (1972) və “Gəncə çinarları” (1973) əsərlərinin adlarının “müasirləşdirilməsinə” çalışan sovet ideoloqlarına qəti etiraz edən rəssam onların tamaşaçılara öz adı ilə təqdim olunmasına həm öz inadkarlığı, həm də zamanında yerli respublika rəhbərinin onun mövqeyini dəstəkləməsi ilə nail ola bilmişdi.

Səttar Bəhlulzadənin portreti, 1981 - Böyükağa Mirzəzadə - Photo #662 -  AzKataloq | Azərbaycanın Onlayn Foto və Sənəd Arxivi - Online Photo and  Document Archive of Azerbaijan

Əlavə edək ki, bu ecazkar tablonun yaranmasına digər amillərin, o cümlədən rəssamın göl barəsində bilgilərinin, əqidə dostları ilə apardığı söhbətlərin də təsiri olmuşdur. Odur ki, o, əsərin son görüntüsünə qədər karandaş və mürəkkəblə “Kəpəzin göz yaşları”nın onlarla eskizini və yağlı boya ilə nisbətən kiçik ölçülü variantlarını da işləmişdir.

Səttar Bəhlulzadənin bir qərinəlik yaradıcılığı ilə mənzərə janrının bədii-estetik mahiyyətini duyulası dərəcədə tutumlu etməsi, başqa sözlə desək, mənzərənin cəlbediciliyi ilə yanaşı həm düşündürücülüyünə nail olması, heç şübhəsiz onun milli təsviri sənətimizin inkişafına verdiyi əvəzsiz yaradıcılıq töhfəsi sayılmalıdır.

# 1959 dəfə oxunub

Müəllifin son yazıları

# # #