Professorun “Koroğlu” təhrifi

Professorun “Koroğlu” təhrifi
27 may 2013
# 15:14

1956-cı ildə müqəddiməsi və izahları az qala das­­tanın özü qədər olan «Koroğlu» eposunu yenidən çap etdirən Məmmədhüseyn Təhmasib uzun illərin yükündən azad oldu. İş burasındadır ki, gürcülərlə savaş epi­zod­ları səbəbindən Stalin və Beriyanın qəzəbinə gələn, «Dədə Qorqud» barədə guya Mircəfər Ba­ğı­ro­vun «Bəyəm biz at əti yemişik?» sualı ilə kitabı bağ­la­nan bu dastandan sonra «Koroğlu»ya da ehtiyatlı mü­nasibət təbii idi. Eposun müqəddiməsində «1917-ci ildən etibarən ardı-arası kəsilməyən kəndli üs­yan­ları təşkil edib, müvəqqəti Müsavat hakimiyyəti və osmanlı müdaxiləçiləri ilə mübarizə aparmış Qatır Məm­məd» (Təhmasib M. Koroğlu. 1956. s.7) haqqında da söhbət açılır.

M.Təh­masib: «1919-cu ildə müsavatçılar tərəfindən xaincəsinə öldürülmüş bu xalq qəhrəmanının da xati­rəsi xalq yaradıcılığında əbədiləşdirilmişdir. Onun özü, silahdaşları, mübarizəsi, 26 Bakı Komissar­la­rın­dan Şaumyan və Əzizbəyovla görüşləri və sairə haqqın­da xalq içərisində müxtəlif rəvayətlər, xatirələr, qoş­malar yaşamaqdadır. Bizdə belə tarixi şəxsiy­yət­lər­ haqqında yaradılmış qəhrəmanlıq nəğmələri çoxdur. Bu nəğmələr sözün əsil mənasında dastan, epos sə­viy­­yəsinə yüksələ bilməmişdir ki, bunun da özünün müəyyən səbəbləri vardır» (s.7) yazsa da, son­­rakı illərdə bu «qəhrəmana» həsr olunmuş folklor nümunəsini də məhz onun tələbəsi, indi BDU-nun folklor kafedrasına rəhbərlik edən MEA-nın müxbir üzvü, prof. Azad Nəbiyev ərsəyə gətirdi. Və tərtibçi mət­nindəki «Qatır Məmməd» dastanının bir-birindən fərqli üç əlyazması məlumdur. Bu əlyazmalardan biri mərhum folklorşünas Ə.Axundovun şəxsi arxivin­də­dir. Əlyazması 50-yə yaxın xatirədən ibarətdir. Əl­yaz­mada Qatır Məmməd hərəkatı qismən əhatə olun­sa da, mətn dastandan çox memuar tələblərinə uy­ğun gəlir. Dastanın ikinci əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun arxivində saxlanılır. Bu birinci əlyazmasına nisbətən təkmilləşdirilmiş variantdır. Üçüncü əlyazması isə professor M.Təhmasibdə ol­muş­dur. Vaxtilə professor M.Təhmasibin folklorşü­nas­ Ə.Axundovla birlikdə nəşrə hazırlamaq istədikləri bu­­ əlyazması Qatır Məmməd hərəkatını tam əks et­dirə bilməməyinə, bir sıra qolların bütöv yazıya alın­mamağına, əldə edilmiş ayrı-ayrı epizodların dastan səviyyəsinə yüksələ bilməməyinə və s. səbəblərə görə nəşr edilməmişdir. Professor M.Təhmasib və Ə.Axun­­dovun yarımçıq qalmış işini davam etdirmək, dasta­nın əsl aşıq variantını bərpa etmək üçün bir neçə il çalışmalı olduq» (Nəbiyev A. Qatır Məmməd. B., 1985 s. 230) qənaəti isə sosial deyil, süqutuna gedən dövlətin sifarişinin tələbinin yerinə yetirilməsini təsdiqləyir.

Obyektivlik naminə qeyd etmək lazımdır ki, 14 fev­ral 1919-cu ildə Goranboy ərazisində Qatır Məm­mə­din başçılığı ilə kəndlilərin polis məntəqəsinə və bir­ neçə gün sonra yerli mülkədarın malikanəsinə hücumuna sonrakı illərdə sovet tarixçiləri tərəfindən inqilabi don geydirilsə də, bu hadisə vətəndaşa çev­rilməmiş sakinlərin kortəbii cinayəti idi. Akademik Cəmil Quliyevin Gəncə partiya komitəsinin məktublaşmaq üçün Qatır Məmmədlə əlaqələndiricisi O.B.Orucovun xatirələrinə istinadən yazdığı: «Gəncə kommunistlə­rinin yazılı tapşırığı ilə Qatır Məmməd erməni kəndlərini müsavat dəstələrinin hücumundan qoru­muş­dur» (Гулийев Д.Б. Борба коммунистической партии за осуществление Ленинской нчионалной политики в Азербайджане. Б., 1970. s.255) - sözləri saxta təməl üzərində qu­rulan xalqlar dostluğuna xidmət cəhdidir. Növbəti cümlədəki Gəncə partiya dairəsinin göstərişi ilə 1919­-cu ilin may-sentyabr aylarında Qatır Məm­mə­din­­ yanında çalışmış peşəkar təşkilatçının erməni S.D.Məlik-Kərəmov olması fikri isə arxivdəki dəqiq mənbəyə əsaslanır. Həmin dövrdə bolşeviklərin siyasi məqsədlə istifadə etdikləri, sonradan xalq qəh­rə­ma­nı­na çevrilərək haqqında əsərlər yazılmış, film çə­kil­miş bu savadsız kəndli – Qatır Məmməddin ictimai şüu­rundan isə söhbət gedə bilməzdi. 24 fevral 1919-cu ildə Qatır Məmmədin Qarabağ ətrafında meydan suladığı ərəfədə Andronikin dəstələri Şuşa ya­xın­lığında müsəlman əhalisinə qarşı kütləvi qırğınlar tö­rə­dirdilər. Şəhərin 35 kilometrliyində 200 nəfərlik ingilis qoşunu bölməsinin Qarabağ kəndlərini talan edən Andronikin silahlı quldur dəstələrinin qarşısını alması tarixi hadisə oldu. Vəziyyətin ciddiliyini görə­rək Andronikin dəstələrinin mahaldan çıxarılmasını israr edən müttəfiq qoşunları komandanlığının 3 ap­rel bəyanatı ilə Xosrov bəy Sultanovun qubernator sə­lahiyyətlərini qəbul etməsi bölgədə əmin-amanlığın bərpasını sürətləndirdi. Lakin sovet təbliğat maşını Xosrov bəy Sultanov kimi əsl qəhrəmanların yox müd­rik xalqın nifrətlə «Qatır» ləqəbini verdiyi bir na­da­nı önə çəkirdi.

«Koroğlu» eposunun müqəddiməsində də M.Təh­ma­­sibin: «Məlum olduğu kimi hələ 17-ci əsrdə ya­şa­mış və əsasən öz yaşadığı illərin tarixini yazmış ta­rixçi Arakel Təbrizli 1610-cu illərdə İran-Türkiyə istilaçılarına və yerli feodallara qarşı Azərbaycanda qalxmış kəndli üsyanının başçılarını sayarkən bun­ların sırasında Kosa Səfər, Gizir oğlu Mustafa bəy və başqaları ilə birlikdə Koroğlunun da adını çəkmişdir.» (s.9) - istinadı yalnız və yalnız eposun çapını hə­­­­ya­ta keçirmək istəyi ilə bağlıdır. «Koroğlu» eposunun müxtəlif xalqlarda «Goroğlu», «Qaraoğlu», «Qurqülu» variantlarını yada salan, dəlillərin çoxmilli tərkibini, dindən uzaq olduqlarını önə çəkən Məmmədhüseyn Təh­ma­sibin bu qəhrəmanların fövqəltəbii varlıqla əla­qələrinin yoxluğunu belə iddia etməsi də, çapı tezləşdirmək istəyindən irəli gəlirdi. İnqilabdan sonra Azərbaycanda nəşr edilən «Koroğlu» eposları arasında folklorumuzun, xüsusilə də aşıq yaradıcılığının, das­tanlarımızın toplanması və nəşri sahəsində ən çox iş görmüş mərhum Hümbət Əlizadənin 1941-ci ildə nəşr edilmiş kitabı xatırlanır və: «Oxuculara təqdim olunan bu kitab da həmin variantın işlənmiş, mü­kəm­məl­ləşdirilmiş yeni nəşridir» (s.10) cümləsi ilə məhz həmin variantdan istifadə olunduğu vurğulanır... Şübhəsiz ki, türk xalqlarının əfsanəvi qəhrə­man­lıq dastanı olan «Koroğlu» eposunun minilliklərin yad­­daşından gə­lən mi­foloji qaynaqları sosrealizmə tabe etdirilmədən işıq üzü görə bilməzdi. Lakin M.Təh­masibin müqəddiməsindəki əsaslandırmalara, epo­sun mozaik süjetindəki dəyişkənliklərə bax­ma­ya­raq eposun mifik qaynaqları da ustalıqla qorunub saxlanılmışdır. M.Təhmasibin tərtibi, müqəddiməsi və şərhi ilə dəfələrlə dilimizdə və nəhayət rusca nəşr olunan das­tanda Rövşənin çöldə oynayarkən tapdığı ağır, parıldayan daşı örüşdə otla­yan buzova atması, daş buzova dəyməsə də, onun yelinin buzovu yıxıb öldür­məsi, daşın göydən düşmüş ildırım parçası olduğunu yəqinləşdirən Alı kişinin ondan Misri qılıncı ha­zır­latması əşyanı mifoloji qaynaqlardan qidalanan kos­mik obraza çevirir. M.Təhmasibin «Azərbaycan xalq dastanları» əsərində qeyd etdiyi: «Bir sıra dastan­ları­mızda qəhrəmanların qılıncı Misri qılınc adlanır. Lakin ümumiyyətlə, bu qılınc Koroğluya məxsusdur. Kor­oğlunu Misri qılıncsız təsəvvür etmək mümkün de­yildir. Qıratsız, bir də Misri qılıncsız Koroğlu kor kişinin oğludur» (Təhmasib M. Azərbaycan xalq dastanları. B., 1972. s.142) fikirləri bu mifoloji üçlüyün əsl mahiyyətini açır.

Qeyd etmək lazmdır ki, dastanın ayrı–ayrı va­riant­larında qılıncın hazırlanması ilə bağlı epizodlar fərq­lidir. Akademik nəşrdə daşdan biz sifariş edən Alı k­i­şi­nin digər ustanın hazırladığı qılıncın Misri olma­dığını sübut etmək üçün bizlə qılıncda dəlik açaraq ustanı ifşa etməsi kəmfürsətliyə münasibəti əks et­dirir. «Qaf–Penn» variantında Misri qılınc kor Alı kişini bu­ qılıncı əldən verdiyinə peşmançılıq çəkən ustanın və­ onun dostlarının hücumundan xilas edir. «Koroğlu – Əsəd» variantında Rövşən atları və anasını doğma kəndi Murad­bəyliyə apardıqdan sonra Alı kişi onu ləz­gi ustanın yanına göndərir və usta halal­lıqla ona qı­lınc düzəldir.

M.Təhmasibin tərtib etdiyi dastan va­riantında Koroğlunun aşıqlığı da mifik qaynaqlara söykənir və onun «Azərbaycan xalq dastanları» monoqrafiyasındakı: «Alı kişi Rövşəni yanına çağırıb, Çənlibel ətrafındakı dağların birindəki qoşa bulaqdan söz açır: «Yeddi ildən yeddi ilə cümə axşamı məşriq tərəfdən bir ulduz, məğrib tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulağa nur tö­külər, köpük­lənib daşar. Hər kim Qo­şabulağın suyundan içsə, aşıq­ olar» (s.32) cümlələri də mifik qaynaqların önə çəkildiyinin təsdiqidir. Koroğlu qocalanda da:

«Axır əcəl gəldi etdi hay, haray!...

Çəkdiyim qovğalar bitdi hay, haray!...

Tüfəng çıxdı mərdlik getdi hay, haray!...

Mənmi qocalmışam, ya zəmanəmi?» (s.320) -deyərək misri qılıncı belindən çıxarıb atsa da, fi­nal­da yenidən dəlilərini başına yığıb şərə qarşı mü­ba­rizəni davam etdirməklə siyasi deyil, bədii ideyanı da­ qorusa da söz azadlığının verdiyi imkan M.Təh­ma­sibin tərtib etdiyi bu eposun qəbuledilməzliyi mə­sə­ləsinin də, zaman-zaman qabardılmasına səbəb olur. Orası da məlumdur ki, demokratiyanın üç əsas göstəricisindən; bazar iqtisadiyyatı təsəvvürü yarat­maq və ya azad seçkini saxtalaşdırmaq mümkün olsa da, söz azadlığı kənar müdaxiləyə davam gətirmir. Cəmiyyətdə söz azadlığının təsdiqi və ictimai fikrə tə­siri prosesinin get-gedə gücləndiyi bir şəraitdə M.Təhmasibin folklorla bağlı irsinə də müxtəlif rakurslardan yanaşılması təbiidir. Bu baxımdan H. He­ris­çinin və İ.Rzayevanın 3 mart 2007-ci il tarixli «Gündəlik Azərbaycan» qəzetindəki «Paket» mə­qa­ləsindəki: «Folklorşünas M.Təhmasibin hazırladığı (yaz­dığı?) əslində «dördgöz» Mircəfərin əmriylə saxtalaşdırdığı, eybəcərləşdirdiyi, axtaladığı, qətlə ye­tirdiyi «Koroğlu» dastanı və hətta «Mən o boyda Ko­roğ­lunu, o tarixi milli cəngavərimizi amansızcasına qətlə yetirmiş Məmmədhüseyn Təhmasibi görmüşəm – arıq, sısqa çəlimsiz, öz kölgəsindən çəkinən bir in­san idi. Koroğlunun qatili. Bəlkə də milisdən, qapıya gələn işıqçılardan, qonşulardan belə ürkən biçarə… Deyilənə görə yazıçı Mirzə İbrahimov öz tarixi romanları ilə fəxr edərkən Təhmasib hərdən onu qırağa çəkib qulağına bunu pıçıldayarmış: «Çox atı­lıb-düşmə, sənin «Gələcək gün» romanın varsa, mə­nim də «Koroğlu» adlı povestim dillərdə əzbərdir. Özün bilirsən hökumət nəyə görə icazə vermir onun ilk səhifəsinə mən öz imzamı atım. Mirzə dövlət sir­ridir bu. Yanımda özünü yekəxana aparma. Mən də ya­­zıçıyam axı…» (Herisçi H., Rzayeva İ. Paket. Gündəlik Azərbaycan q. 03-03-07) fikirləri də demokratiya və bazar iqtisadiyyatının sənət ekvivalenti kimi ənənəvi dəyərləri inkar edən post­moder­nist təfəkkürün təzahürüdür.

Paris Milli Kitabxanasından gətirilmiş (1989) 13 məclisli «Koroğlu» nüsxəsinin, bədii emal prosesini keçmədən 25000 tirajla çap olunub yayılması koroğluşünalığımızın qələbəsi olsa da əslində müdaxiləsizliyi ilə ilkin mənbənin pintilik es­te­tikasını saxlayan bu variantın işıq üzü görməsi də postmodernizmin ruhuna uyğundur. Beləliklə, yaşlı­ları çaşdıran cavanlara ləzzət verən bu eposda Türküstan padşahı Sultan Muradın baş ilxıçısı Mirzə Sər­ra­fın oğlu kimi təqdim olunan, cəmisi bircə gün də səbrini basmayıb, otuz doqquzuncu gün xırda bir deşik açmaqla gedişatın tam başa çatmasına mane olan, cahillikdən atasının gözünü açacaq köpükü su­yu özü içən Rövşənə atasının: «Evin yıxılsın, necə ki, məni ö üzünə həsrət qoydun, səni görüm övlad üzü-nə həsrət qalasan» (s.18) qarğışı dastanda Nigarla, Pərizad xanımla evlənsə də züriyyəti olmamağı ilə gerçəkləşir. Və bununla da qəhrəmanını çoxar­vadlılıqdan uzaqlaşdırmaq naminə digər xanımları dəlilərin adına yazan M.Təhmasib variantından ilkin fərq üzə çıxsa da digər gizlinlərin faş olması ideyanı neytrallaşdırmaya bilmir. Belə ki, şiəliyi önə çəkilən Koroğlunun Urfa şəhərindəki Mir İbrahim adlı qəs­sabın on dörd yaşlı oğlu Eyvaz Balını özünə saqi et­mək üçün: «Eyvaz Balı kimi bir cavan sevdim» - və yaxud: «Seylab kimi bol eyləyin çaxırı, için cavanlarım ta mən gəlincə» (s.26) - deyə oğlanın gözəlliyinə baxmaqdan ötrü qəs­sab dükanına yığılmış osmanlıların «çomaqla be­yin­lərini dağıdıb, qıçlarını qələm edib, bellərini sın­dır­ması» (s.29) namaz qılan xalq qəhrəmanının ara­ğı-çaxıra qarışdırması, alış-verişdə kəf gəlməsi, ye­diyinin həddini bilməyən qarınqulu olması, işini ke­çirdikdən sonra mollanı öldürüb günahsız qarının di­va­rının altında basdırması (s.65) və yetəni Sö­yüş­lərə qərq etməsi, Nigar xanımın qızlarla şərab məc­lisi qurması (s.69), Koroğlunun açıq dö­yüş-də uduzduğu, pusquda durub öldürdüyü erməni taciri «ərəb atlı, dəmir donlu ac Aslana bənzədərək ona yas tutması (s.114), dəlilərin başıpozuq­luğu (s.124), Eyvazın, Dəmirçioğlunun Koroğ­lunun qanını içməyə hazır olmaları (s.160.184), nəhayət finalda Məkkə ziyarətinə yollanan ağsaqqal Koroğlunun və Qıratın başlarının nökərləri Almas xan­­la, Bəhram xanın hiylə yolu ilə kəsilməsindən qəzəblənən Şah Abbasın onları dəlilərə qiymə-qiymə doğratdırması (s.216), şərlə mübarizədə xeyri qalib-ölməz edən klassik modelli Məmmədhüseyn Təhmasib va­riantını əxz etmiş ənənəvi təfəkkür tərzinə malik oxu­cunu çaşdıran postmodernizmin ruhuna uyğun olsa da, ilk öncə qərbin vaxtilə becərdiyi müstəmləkə psi­xo­­logiyasına xidmət edir. Və tərtibçi filologiya elmləri doktoru, professor İsrafil Ab­basovun ön sözündəki: «Qədim Azərbaycan diyarını gəzib – dolaşmış onlarla Avropa səyyahları, müxtəlif peşə yönümlü ictimai və dövlət xadimləri, alim, yazıçı və şairlər bu ölkədən çox şey öyrəndikləri kimi, özləri ilə də çox şey aparmışlar. Əfsuslar olsun ki, bu axın­da mənimsənilmə, özününküləşdirmə, bəzən hətta mil­liləşdirmə meylləri də özünü göstərmişdir.» ( Abbasov İ. Koroğlu. B., 2005. s. 5) qənaətinin dəqiqliyi təsdiqlənir.

Bununla belə, 1956-cı ildə məhz M.Təhmasibin sayəsində ədəbi dilin tələblərinə uyğun işlənməklə və ideyanın maddiləşmə forması olan üslubu qabart­maqla eposun çapı mühüm ədəbi hadisəyə çevrildi və sonrakı onilliklərdə məhz bu variantın aşıqlar, el sənətkarları tərəfindən dildə-ağızda söylənilməklə ge­niş­ populyarlıq qazanmasına şərait yaratdı. Əlbəttə ki, formaca milli, məzmunca sosialist dəyər qazanmış bu­ eposda:

«Nigarı dərdə gətirən,

Cəsədin qəbirə yetirən,

Koroğlu namın götürən

Yurdunda son olan yoxdu»(s.101) – şikayətilə analığa tələbat duyğusunu da büruzə ve­rən xanımından,

«Aşıq Cünün sənə heyran,

Eyləmə könlümü viran,

Çənlibeldə qurub dövran

Bir tutaydım toyun Eyvaz!» (s.105) -deyərək xalq qəhrəmanına Təkə–Türkman bo­yun­dan ər oğul seçməklə sağlam niyyətini bəyan edən el ağsaqqalından və nəhayət:

«Aslanam deyiləm tülkü.

Tanımaram qorxu, hürkü,

Ərəbi, əcəmi, türkü,

Qıraq a qəssabın oğlu!...

Çoxdur Koroğlunun yaşı,

Nə qovğalar çəkib başı,

Əl ver sənnən dağı-daşı

Yaraq a qəssabın oğlu!...» (s.113) - hayqıran Koroğlunun özü də milli mənafeyi siyasi motivə qurban versə də, «polad geyimli», «ər oğlu ərə», dava günü qızmış nərə», «Koroğlunun qoç balası deyə» valideyn münasibətini önə çəkir. Şüb­hə­siz ki, əsasən poeziya nümunələrinə deyil, nəsr tə­rəfinə əl gəzdirilən bu eposun siyasi müdaxiləyə uğ­ra­ması ağrılı fakt olsa da və hətta Koroğlunun par­tiya, Eyvazın isə komsomol liderlərinə bənzəməsində belə bir həqiqət çaları tapılsa da, əsərin milli mənsu­biy­yəti ilə bağlı məqamlarda Məmmədhüseyn Təhmasibə irad tut­maq nadir hallarda mümkündür. Belə ki, onun tələ­bəsi professor Azad Nəbiyev sonralar müəlliminin das­­ta­nın geniş oxucu auditoriyası qazanması naminə gü­zəştə gedərək tərtibatda çıxarmadığı: «Ərəbi, əcəmi, türkü qıraq a qəssabın oğlu» - kəlmələrinə görə əzab çəkdiyini yaxşı xatırlayır. «Kitabi-Dədə Qorqud»un qarşısına çəkilən sədlərdən sonra «Koroğlu»nun ağır güzəştlərlə də olsa işıq üzü görməsi eposun rus dilinə çevrilərək paytaxtda çap etdirməklə ümum­it­tifaq oxucuya çatdırılması ehtimalı M.Təhmasibi qane etdiyindən dövrün diqtəsinə, yəni sosrealizm ictimai üslubuna məmnuniyyətlə tabe olurdu. Çünki yalnız demokratiyanın yaratdığı imkan daxilində qoyulan problemə öz dərdini qata bilən müəllif, fərdi üslubunu meydana çıxarır. Tutaq ki, vaxtilə bolşevik-daşnak liderlərinə peşəkar səviyyəli heykəllər yapmış birisinin fərdi üslubunu müstəqillik dövründə yaratdığı “Koroğlu”ya təqdim etməsi mümkünsüzdür. Buludların üzərində dördnala çapan Qıratın belindəki, iri gövdəsi ilə uzlaşmayan köhləni, Avropaya xas deşici qılıncı belə xırda qüsur olan Koroğlunun statikliyi başındakı, müəllifin “fərdi üslubunda” üzə çıxmaqla millətçiliyi təsdiqləyən kübar osmanlı fəsini yerə salmamaq qorxusundan irəli gəlir.

Aydın Dadaşov - professor

# 4130 dəfə oxunub

Müəllifin son yazıları

# # #