“Sən yadıma düşəndə” kitabının təqdimat mərasimi keçirildi

“Sən yadıma düşəndə” kitabının təqdimat mərasimi keçirildi
9 iyun 2023
# 18:50

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovaya həsr olunmuş - rus dilində yazıldıqdan sonra tərcümə edilərək qurumun dəstəyi ilə ərsəyə gələn “Sən yadıma düşəndə” kitabının (müəllif bəstəkarın qızı Zəhra İbrahimova (Ələkbərova), tərcüməçi Gültəkin İbrahimovadır) təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ABİ sədri Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə gənc ikən bir ulduz kimi parlayan Elza xanımın bənzərsiz yaradıcılığından, bir-birindən gözəl, dillər əzbəri olan mahnılarından, ömrü boyu şövqlə çalışaraq milli musiqimizi zənginləşdirməsindən danışıb. Natiq eyni zamanda quruma rəhbərliyə başlayarakən ilk tədbiri sənətkara həsr etdiyini xatırlayaraq onun dahi Üzeyir bəydən başlayan peşəkar və xalq musiqi ənənələrindən məharətlə bəhrələnməsi məsələsinə toxunub.

Sonra çıxışçılar - sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova “Elza İbrahimovanın yaradıcılıq yolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Elza İbrahimovanın mahnılarında söz və musiqinin vəhdəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Yeni nəşr olunmuş “Sən yadıma düşəndə” kitabı (Bakı, “Renessans-A”, 2023) haqqında” məruzələrlə çıxış ediblər.

Musiqişünaslar cismani yoxluğuna baxmayaraq mahnıları ilə ölməzlik qazanan bəstəkarın bənzərsiz istedadını, daim qurub-yaratdığını dilə gətirib, maraqlı fikirlər söyləyiblər.

Tanqoda burjua ahənginin olduğunu və sovet ruhuna uyğun gəlmədiyini iddia edən bədii şuranın əksinə gedərək Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri Elza İbrahimovadır.

Onun “Qurban verərdim” (sözləri Rəfiq Zəkanındır), “Sən mənə lazımsan” (sözləri Əliağa Kürçaylınındır), “Bağçadan keçmisən” (sözləri Ənvər Əlibəylinindir) və sair tanqo ritmində yazılmış musiqiləri sevilən mahnıları sırasındadır. Bu məqamlardan və bəstəkarın yaradıcılığının təbliğində uzun illərdən bəri usanmadan çalışan Çingiz İbrahimovun böyük əməyindən söz düşüb.

Milli Məclisin deputatı Hikmət Babaoğlunun bir musiqisevər kimi E.İbrahimovaya verdiyi dəyər, dilə gətirdiyi məqamlar yadda qalıb.

Tədbirin bədii hissəsində Elza xanımın ilhamının məhsullarını, müğənni Rövşən Əziz Əməkdar artist Fəridə Hüseynovanın müşayiəti ilə “Gecələr bulaq başı” (sözləri Bəxtiyar Vahabzadəndir), “Təki sən səslə məni” (sözləri Əliağa Kürçaylınındır), Əməkdar artist Arzu Əliyeva “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” (hər iki mahnının sözləri Dəmir Gədəbəylinindir) mahnılarını zövqlü ifaları ilə yenidən sevdiriblər.

İlhamə Adilqızının öz sözlərinə bəstələdiyi və fortepiano arxasına keçərək çaldığı mahnını Aytən Məhərrəmova gözəl səsi və ifası ilə bəyəndirməyi bacarıb.

Yaddaşlarda yaşayan daha bir nəğməni - şair Vahid Əzizin sözlərinə Elza xanımın bəstələdiyi “Mehribanım”ı bu dəfə Xalq artisti Fidan Hacıyeva ifa edib. Və məşhur əsər yeni həyat qazanıb.

Təqdimat mərasimin sonunda bəstəkarın qardaşı Çingiz İbrahimov ailə adından tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirib.

ABİ-nin əməkdaşı musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu təqdimat mərasimi xoş əhvalla yekunlaşıb.

# 982 dəfə oxunub

Müəllifin son yazıları

# # #