Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq yazıçısı Anarın “AYBkitab“ seriyasından “Göz muncuğu” kitabının təqdimatı və imza günü keçirilib. APA-nın məlumatına görə, tədbirdə birliyin katibi, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Mövlud Süleymanlı, millət vəkili Hüseynbala Mirələmov və başqaları iştirak edib.
Tədbirdə çıxış edən birliyin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Yazıçılar Birliyində imza günlərinin keçirilməsi ənənə halını alıb. R. Məcid Anarın yeni povesti haqqında oxuculara məlumat verərkən qeyd edib ki, povest ilk dəfə “Azərbaycan” jurnalında çap olunub.
“AYBkitab“ seriyasının və birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza layihə haqqında tədbir iştirakçılarına məlumat verib və əlavə edib ki, layihə çərçivəsində ilkin olaraq 20 kitabın çapı planlaşdırılır.
“Göz muncuğu”nun ön sözünün müəllifi Pərvin Nurəliyeva, millət vəkili Hüseynbala Mirələmov və başqaları Anarın yaradıcılığı, yeni povesti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Anar kitabın çapına və təqdimat mərasiminə görə təşkilatçılara minnətdarlığını bildirib.