Sən gedəndən yuvasını tərk etmiş qaranquş da geri gəlmədi - Vüqar Səmədzadə

Sən gedəndən yuvasını tərk etmiş qaranquş da geri gəlmədi - Vüqar Səmədzadə
17 yanvar 2024
# 15:30

Kulis.az Vüqar Səmədzadənin şeirlərini təqdim edir.

Sən gedəndən

Sən gedəndən
yuvasını tərk etmiş qaranquş da
geri gəlmədi.
Tənha qaldı yuvası,
tərk etdiyin evim, otağım kimi.
Gözlərinin nuru olmayan yeri
işıqlar da aydınlatmırmış, gülüm.
Hər gecə
otağımın divarlından gəlir səslərin,
səni pıçldayır hər şey...
Masanın üzərində son dəfə
aldığım o bircə qızılgül də
quruyub,
otağımda nəfəsin olmayan soyuqluğundan.
Bir xatirə danışır mənə
pıçıltılarımıza şahid olan quruca çiçək.
O da şərik olmuşdu
Xoşbəxt günlərimizə,
Şirin gülüşlərimizə...


Sizi bir mələk ruhlu sevdimi ?
O gün demişdim ki,
ürəyim tutduğu qədər sevirəm səni.
Bütün duyğularımın
təmənnasız şəklini çəkmişdim
göndərdiyim fotoda.
Baxışımın "yalvarışların"da,
hüzn dolu sözlərimdə,
məsajlarımda
bilirsən, nə qədər sən var idin...
Ovuc-ovuc etdiyim duada da
bir istəyim varıydı səndən:
- bir az qürur ver mənə,
- bir az xoş söz söylə...
- bir az da sev...
O qədər ehtiyacım var ki
- gülüşünə
- baxışına...
gözlərimdə indi yalnız bir həsrət var -
adı səni gözlərin...
...Sonra bilirsən,
yalnız qaldığımda neyləmək istədim?
Yolda gördüyüm hər kəsə
hayqırmaq istədim;
Sizi birisi sevdimi,
nəfəsi ilə o qədər uzaqlığı yaxın etdimi?
Başınız dizində uyudunuzmu?
Gözləriniz baxdımı saatlarla xəyalının gözlərinə ?
Başınızı sığalladımı bəyaz əlləri?
Qucaqladımı ruhuyla bütün ruhunuzu...
Mahnılar söylədimi pıçıltı ilə gecələri qısqandıran?
Sizi bir mələk ruhlu sevdimi ?

04.12.2023


Darıxmışam...

Hərdən elə gəlir ki,
sübh tezdən saralan günəş,
çıxmağa gecikən ay da sənə həsrətdi.
Axı, ən sadiq sırdaşımdı ay,
səndən danışmağa gələndə.
Hər gün sənə ehtiyacım,
onun qaranlıq gecəyə tələsdiyi qədərdi...
İndi düşün, necə darıxmışam mən...
Sənə duyduğum məsafəsiz sevginin
o qədər məsafəli dərdi var ki...
Aramızda qalan qapı da
indi uzaqdır
sənə çatmaq üçün.
Yerbəyer etdiyin işıqlı otağa
bir zülmət sükutu çöküb,
vərəqlərin üzərində yazılar da solub...
Yenə darıxmışam...

27.11.2023

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #