Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı

Şeir yazmağa Stalinə görə başladı, evli ola-ola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu – Musa Yaqubun nağıl kimi həyatı
10 may 2023
# 21:00

Kulis.az Xalq şairi Musa Yaqub haqqında maraqlı faktları təqdim edir.

Yaqubov Müsavat Səfiməmməd oğlu 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi. 1967-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alır.

***

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayır. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilir. M. F. Axundov adına mükafata layiq görülür.

***

O, 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülür.

***

Ən məşhur şeiri “Bu dünyanın qara daşı göyərməz”dir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.

***

“Bu dünyanın qara daşı göyərməz”lə bağlı başqa bir fakt... Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. “Bu dünyanın qara daşı göyərməz” şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: “Çox gözəl şeirdir”. Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.

Şeirin yaranma tarixçəsini Musa Yaqub belə danışır:

“Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi”.

***

Musa Yaqub həm də təbiət şairi kimi tanınıb. Ağaclara olan sevgisi barədə ona sual veriləndə şair deyir: Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi.

Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi, amma bu şeir yazmaq məsələsi onu düşündürüb. “Əlaçıyamsa gərək mən də şeir yazım” deyib və o gündən şeir yazmağa başlayıb.

***

Göyçayda bir xanıma aşiq olub. Amma bu sevgisi baş tutmayıb. Musa Yaqub o sevgidən ilhamlanaraq çoxlu şeirlər yazıb.

***

Deyilənə görə, sevdiyi qadın özündən yaşca böyük imiş. Sonradan Musa Yaqub çox çətinliklə evləndiriblər. Anası öz kəndlərindəki bir qıza elçi düşüb. Musa Yaqubun sonradan həyat yoldaşı olan həmin qız gizlicə onun məhəbbət şeirlərini oxuyurmuş. Bir gün qısqanclığı ortaya çıxır. Musa Yaquba deyir ki, mənə heç şeir yazmamısan. Şair də etiraf edir.

***

Musa Yaqub ən qalın şeir kitabı olan şairdir. Onun kitablarından biri min səhifədən çoxdur.

Musa Yaqubun 70 illik yubileyində Vaqif Səmədoğlu etiraf edib: “Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur”.

***

Həmişə yeyib-içən adam olub Musa Yaqub. Dediyinə görə, 10 yaşından içir. Araq içməyinin tarixçəsi də maraqlıdır: “Malyariya xəstəliyinə tutulmuşdum, dəhşətli qızdırmam olurdu. Kimsə anama demişdi ki, araq içirtsən düşər. O da araq verirdi mənə”.

***

Əsl adı Müsavat olub. Cümhuriyyətin şərəfinə atası qoyubmuş. Sonra “vat”ı atıblar “Musa” qalıb.

***

Müsahibələrinin birində deyib: “Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam”.

Doğulub, boya-başa çatdığı və dünyada ən çox sevdiyi Buynuz kəndini ona görə tanıyırlar. Çox vaxt bu kəndə “Musa Yaqubun kəndi” deyirlər.

***

Musa Yaqubun yaşı 80-i keçsə də onun saçları ağarmamış, qapqara qalmışdı. Saçının hələ də qara olmasına özünün açıqlaması belə idi: “Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb”.

***

Onu dağdağan ağacına oxşadırlar. Şair Məmməd İsmayıl deyib ki, Musa Yaqubun əlinə müqəddəs dağdağan ağacı kimi əski bağlayıb niyyət eləmək olar.

O, həyatda da bu cür xeyirxah və əliaçıqdır. Füzuli rayonundan qaçqın düşən şair Mətləb Misirin ailəsinə öz evində uzun müddət sığınacaq verib, onlara ən ağır günlərindən yaxından köməklik edib.

***

Millət vəkili olan vaxt Milli Məclis haqqında çox sərt bir şeir yazmışdı. Bu şeir bir çox dairələrdə etirazla qarşılanmışdı. Həmin şeir budur:.

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

***

Musa Yaqubun İsmayıllıdakı evi o regiona yolu düşən bütün ədəbiyyat adamlarının doğma evi olub. Ədəbi mühitdən o evə getməyən nadir şair-yazıçı tapmaq olar. O evə getməyən və Musa müəllimin süfrəsində oturmayan...

Şair həm təmizliyinə, həm də təbiətə bağlılığına görə gah şaman, gah buddist hesab edənlər vardı. Qəribədir, Musa müəllim özü bu sözlərin mənasını müfəssəl bilməyib.

***

Musa Yaqub həkimlərin məsləhətinə əməl edərək bir ay dilinə araq vurmur. İçki içmədiyi günlərdə də məclislərdə iştirak edən şair araq içənlərin hamısının bir-birini təkrarladığını görüb təəccüblənir. Öz-özünə deyir, ilahi, içənlərə qoşulmadan üç-dörd saat məclisdə əyləşmək necə əzablıdır. Sonra içindəki səsə əlavə edir: “Ay dadi-bidad, gör illərlə məclisdə içəndə ayıqlara nə qədər zülm eləmişəm”.

***

Musa Yaqubun “Taleyin qisməti” şeiri ünvanlı olub. Yəni başqa bir xanıma yazılıb. Şair özü də etiraf edir ki, 1986-cı ildə yazdığı bu şeiri 40 yaşında vurulduğu bir qadına yazıb. “Həyat yoldaşınız qısqanmırdı?” - sualına isə belə cavab verib: “Məni şeirə bağışlayırdı”.

Şair həyat yoldaşı Zöhrə xanıma heç vaxt şeir yazmadığını desə də, onun ölümündən sonra etiraf edib: “Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşıyla bölüşə bilməmək əzabdır. O, gedəndən sonra hiss etdim ki, əslində ona çox şeirlər yazmışam.”

***

Musa Yaqub eynən dostu Məmməd Araz kimi parkinson xəstəliyindən əziyyət çəkirdi.

undefined

O, 7 may 2021-ci ildə, ad gününə üç gün qalmış 84 yaşında vəfat edib. Xalq şairi vəsiyyətinə əsasən doğulduğu Buynuz kəndində valideynlərinin və həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

# 20393 dəfə oxunub

Müəllifin son yazıları

# # #