Səfurə İbrahimovanın doğum günüdür

Səfurə İbrahimovanın doğum günüdür
27 dekabr 2023
# 15:30

Bu gün Xalq artisti Səfurə İbrahimovanın doğum günüdür.

Kulis.az məlumat verir ki, o, 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda onu Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik Teatrın truppasına daxil olub.

Səfurə İbrahimova səhnədə Kamalə, İnci (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Əsmər (“Alov”, Mehdi Hüseyn), Fernando (“Dəlilər”, Lope de Veqa), Gülnar və Tamara (“Vaqif”, Səməd Vurğun), Nazlı (“Ölülər”, Cəlil Məmmədquluzadə), Ofeliya (“Hamlet”, Vilyam Şekspir) və oynadığı digər rollar ilə uğur qazanıb.

Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti (1 iyun 1974-cü il) və Xalq artisti (24 dekabr 2002-ci il) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır.

Aktrisa 2020-сi ilin 21 dekabrında evində dünyasını dəyişib.

# 445 dəfə oxunub

Müəllifin son yazıları

# # #