"Sarı gəlin"in iki üzü - İlqar Fəhmi

"Sarı gəlin"in iki üzü - İlqar Fəhmi
10 iyul 2023
# 13:17

Kulis.az İlqar Fəhminin "Sarı gəlin"in iki üzü" adlı yazısını təqdim edir.

Geriyə və ya irəli

Uzun illər ərzində bu film haqqında yazmaq istəyirdim. Həmişə içimdə dolaşıb, məni düşündürürdü. Lakin həmişə də bu fikirdə olmuşam ki, "Sarı gəlin" haqqında qələbədən sonra yazmaq daha yaxşı olar...

Öz zamanını qabaqlayan, yaxud dövrdən, zamandan yuxarı qalxan müəyyən sənət əsərləri var ki, onun tam qavranılması üçün xeyli vaxt lazımdı. Eynən Yavər Rzayevin "Sarı gəlin" filmi kimi...

Bu gün müharibə mövzusunda filmlər barədə, daha doğrusu, bu filmlərin az olması barədə çox danışılır... Lakin məncə, problemin kökü filmlərin olmamasında deyil, əksinə, olan filmlərimizi təbliğ edə bilməməyimizdədi.

"Fəryad", "Hər şey yaxşılığa doğru", "Dolu" və daha bir neçə filmi çıxmaq şərtilə geniş tamaşaçı kütləsi əksər filmlərimizdən çox da məlumatlı deyil. Yalnız məhdud dairədə tanınıb. Bunun da müxtəlif səbəbləri var.

İlk səbəbi, uzun illər ərzində Mədəniyyət Nazirliyi ilə telekanallar arasındakı anlaşılmazlıqlar idi. Bədii filmlər çəkilirdi, təqdimatları keçirilirdi, vəssalam, qoyulurdu rəfə... Kinoteatrlarımız yox idi, telekanallar da efir üçün ödəniş istəyirdilər. Beləcə, geniş tamaşaçı kütləsi milli filmlərin çoxundan xəbərsiz qalırdı. Yalnız son onillikdə internet məkanında audio-vizual materiallar yerləşdirmək mümkün olandan sonra, bu filmlərin əksəriyyətini Youtube-də izləmək mümkün oldu...

Ümumilikdə isə Qarabağ müharibəsi mövzusunda bədii filmlərimizi xatırlayarkən, onları şərti bir neçə kateqoriyaya bölmək olar:

1. Birbaşa açıq süjet üzərində qurulan və kütləvi tamaşaçıya istiqamətlənən müharibə filmləri ("Fəryad", "Dolu" və s.).

2. Müharibə ətrafında baş verən psixoloji konfliktlər üzərində qurulan filmlər - "Girov", "Günaydın, mələyim", "Biz qayıdacağıq", "Yalan" və s.

3. Müharibə mövzusuna alternativ, fərqli baxış prizması üzərində qurulan filmlər ("Hər şey yaxşılığa doğru" və s.).

4. Müharibə mövzusunda olsa da, ümumilikdə müharibədən daha yüksəyə qalxıb ümumbəşəri, əbədi dəyərlərə söykənən filmlər...

Yavər Rzayevin 1998-ci ildə çəkdiyi "Sarı gəlin" filmi məhz son kateqoriyaya aiddir. Və deyərdim ki, tək son kateqoriyanın yox, ümumilikdə Azərbaycan kinosunun müharibə mövzulu filmləri içində ən yaxşılarından biridir (subyektiv olaraq, mənimçün, elə ən yaxşısıdır).

Əsl kino

Bu gün iki nəfəri üzbəüz oturub danışdıran və "mən kino çəkdim" deyərək sinəsinə döyən bir çoxlarının "sənət nümunələri"ndən fərqli olaraq, "Sarı gəlin", ilk növbədə, əsl kinodu - sözün həqiqi mənasında, kino... Bədii televiziya filmi yox, serial yox, nə bilim, art-haus, filan yox... Hər epizodun, hər kadrın quruluşunda, kompozisiyasında, simvolikasında məhz kino dili, istifadə olunan, az qala dərslik kimi istifadə olunmağa layiq olan bir kino...

Filmin elə bir kadrı, elə bir səhnəsi yoxdu ki, sadəcə, hansısa sözü, dialoqu, fikri, hadisəni çatdırmağa xidmət eləsin. Yox. Burda film sözə yox, söz filmə xidmət edir... Hərçənd ki, film Azərbaycan kinosunun böyük maddi sıxıntılar içində olan dövründə çəkilib və maddi-texniki baxımdan çəkiliş qrupu çox sıxıntılar yaşayıb.

Son onilliklərdə, əksər hallarda bunun əksini görürük.

Filmə baxırsan - yüz minlik aparaturalar, bahalı kino-kameralar, işıq texnikası, səs avadanlığı və daha nələr, nələr... Bir sözlə, hər şey var, amma ortada kino yoxdu. Niyə? Çünki əsl kinonun nədən (nələrdən) ibarət olduğunu, deyəsən, yavaş-yavaş unutmuşuq. Kino adıyla bizdə istehsal edilən məhsulların bir hissəsi musiqi klipini, bir hissəsi teleserialı, bir hissəsi teatrı, bir hissəsi televiziya verilişini xatırladır. Kinonun bədii dili yoxdu. Bəlkə də dövrün tələbi belədi. Kəmiyyət artdıqca bədii keyfiyyətin aşağı düşməyi labüddü. Az qala toy operatorlarının da kino çəkdiyi bir dövrdə hansı "kino dili"ni uma bilərik?

"Sarı gəlin" isə belə deyil. Film ilk kadrlarından adamı məhz kino atmosferinə salır; hər xırda detala diqqət çəkir, birinci planla bərabər ikinci, üçüncü planlar da işləyir, kadrda gördüyümüz predmetlər sadə obyekt çərçivəsindən çıxıb simvola, metaforaya çevrilir, hansısa mətləblərin açarı olur... Hətta sözlər də.

"Filmdə baş verən hadisələr Qarabağ müharibəsinin epizodlarından biri ola bilərdi". Bu ifadə titrlərdən əvvəl ekranda gedən yazıların içində yer alır. Məncə, elə ən maraqlı mətləb elə burda gizlənir.

"Ola bilərdi". Ola bilərdisə, deməli, olmayıb. Deməli, hələ bizim müharibəmiz adi torpaq davasından daha yüksəyə qalxıb "əbədi xeyir-şər konflikti" həddinə çata bilməyib. Belə olan halda, rejissor özü hadisələri adi müharibədən daha yüksəyə qaldırmağa məhkumdu. Və filmin sonunda görürük ki, buna müvəffəqiyyətlə nail olur.

Filmin adının "Sarı gəlin" qoyulmasının özüylə, artıq filmin simvolikası başlanır. Sarı gəlin iki qonşu xalq arasında heç cür bölüşdürülə bilməyən bir mahnı olmaqdan çıxır, xəyali bir simvolik obraza çevrilir. Bu simvolu hər kəs öz istədiyi kimi mənalandıra bilər. Kiminçünsə ilham pərisi, kiminçünsə cənnət hurisi, kiminçünsə ağ libas geyinmiş əzrayıl və sair və ilaxır... Simvolizmin gözəlliyi ondadır ki, müəllif hər kəsə simvolu özü anladığı kimi qavramağa şərait yaradır.

Şəxsən, mənim üçün Sarı gəlin hər iki tərəfin "yaxşı"larının xilas mənbəyi olan bir cənnət pərisinin nişanəsidi. O cənnət ki orda millət, xalq, din fərqi yoxdu. Orda yalnız yaxşılar və xəyalpərəstlər var. Sülh var, gözəllik var, sevgi var, işıq var...

Xarakterlər pleyadası

Əsərin əsas qəhrəmanları dörd nəfərdir: iki obraz biz tərəfdən, iki obraz erməni tərəfdən.

Xarakterlərin bütün xırdalıqlarına varmaq istəməzdim, amma onu qeyd edim ki, hər iki tərəfin baş qəhrəmanları şərti olaraq, iki qismə bölünüb: qəddar, qəzəbli və yumşaq, həlim... Əsas konflikt dramaturgiyası məhz bu dörd nəfərin arasında baş verir. Bizim qarşımızda qəddar və yumşaq azərbaycanlı - qəddar və yumşaq erməni obrazı canlanır.

Və bu dördbucağın ətrafında çox maraqlı ikinci plan obrazları pleyadası...

Filmin həm süjet dramaturgiyasına, həm də obrazların xarakterinə diqqət etdikdə yüksək səviyyəli bir ssenarist işi görürük (qeyd edim ki, filmin ssenari müəllifi də Yavər Rzayevin özüdür).

Müəllif hadisələri hara aparacağını, təbii ki, qabaqcadan bilir və filmin ilk səhnəsindən ssenaridəki hər detal, hər cizgi məhz finala işləyir.

Məncə, ideal kino dramaturgiyası məhz belə olmalıdır. Müəllifin təxəyyülünə çoxlu təsirli epizodlar, maraqlı səhnələr gələ bilər, lakin ana xəttə, əsas ideyaya xidmət eləməyən istənilən bir bədii tapıntı, maraqlı səhnə-filan qətiyyətlə ixtisar olunmalıdı ki, əsas mesaja, əsas ideyaya aparan yoldan tamaşaçını yayındırmasın.

"Sarı gəlin"in ssenarisində də artıq və ya əskik olan detal yoxdur, hər şey əvvəldən sona qədər bir nöqtəyə vurur.

Bəs hansıdır bu ideya, bu mesaj?

Qeyd etdiyimiz kimi, filmin əvvəlində şərti bir "səngər" görürük. Səngərin hər tərəfində şərti olaraq, bir pozitiv və bir neqativ qəhrəman ön plana çəkilir. Qəddar, qəzəbli erməni və azərbaycanlı komandir və təsadüfən müharibəyə düşmüş bir erməni, bir azərbaycanlı personajı...

Bu, ssenarinin başlanğıc nöqtəsidir. Burdan yola çıxan müəllif düzgün dramaturji quruluş üzərində yığılan gərgin, dinamik hadisələri elə dəqiqliklə düzür ki, finala yaxın, şərti "səngər" öz mahiyyətini dəyişir, dörd baş qəhrəman arasında da yerdəyişmə baş verir.

Səngərin bir tərəfində yumşaq, həlim erməni və azərbaycanlı, digər tərəfində qəddar, qəzəbli erməni və azərbaycanlı qalır (müsbət və mənfi deməzdim, çünki əsərdə ümumiyyətlə müsbət və mənfi personaj yoxdu, hər kəsin öz həqiqəti var). Bu keçid müəllifin əsas ideyasına xidmət edir.

Onu da qeyd edim ki, müəllif bu keçidi elə maraqlı və səlis hadisələr üzərində qurur ki, heç nə falş kimi görünmür. Hər şey məntiqi cəhətdən doğru, dəqiq əsaslandırılır.

Həlim, yumşaq azərbaycanlının erməni əsirini güllələmək əvəzinə, onu duzla doldurulmuş gülləylə vurmasından tutmuş, sonradan həmin erməninin azərbaycanlını əsirlikdən qurtarmasına qədər bütün hadisələr, sonrakı əsirdəyişmə prosesində baş verənlər - bir sözlə, bütün süjet xətti, az qala zərgər dəqiqliyi ilə işlənib və əsaslandırılıb.

İdeyadan uzaqlaşmayaq. Qeyd etdiyimiz kimi, bütün süjet bir nöqtəyə xidmət edir. Beləliklə, çoxsaylı dramatik hadisələrdən sonra hər iki tərəfin müsbətləri və mənfiləri birləşir (yenə təkrar edirəm, mənfi anlayışları burda şərtidi, çünki mənfi deyilənlərin arasında da qəribə bir "cəngavər" münasibətini görürük. Çünki onlar o biri həlim qəhrəmanlarımızdan fərqli olaraq, əsl döyüşçüdürlər. Səbəbindən, mahiyyətindən asılı olmayaraq, müharibəyə gəldiklərini və burda necə davranmalı olduqlarını çox yaxşı bilirlər).

Ən sona yaxın isə süjet dramaturgiyasının kulminasiya nöqtəsinə çatırıq - hər iki tərəfin qəddar-qəzəbli obrazı birləşib, o biri iki nəfəri qətlə yetirməkçün ova çıxır. Beləliklə, milli fərq, milli münaqişə aradan qalxır, konflikt ümumbəşəri, əbədi müstəviyə - "xeyir-şər mübarizəsi" müstəvisinə keçir. Bəli, müəllifin hadisələri gətirmək istədiyi nöqtə məhz buradır. Bütün milli, dini, irqi münaqişələrin mahiyyətində "xeyirlə şərin mübarizəsi" dayanır. Sonda səngərin hansı tərəfində olmasından asılı olmayaraq, pislər birləşir və yaxşıların ovuna çıxır. Yaxşılar da qurtulmaqçün bir-birinə sığınmağa məhkumdur; hansı millətə, hansı dinə aid olmasından asılı olmayaraq.

Simvollar

Filmdə çoxsaylı metaforalardan və simvollardan istifadə olunur. Bunlardan ən birincisi, filmin adına çıxmış Sarı gəlin simvoludur ki, bu barədə yuxarıda danışmışdıq. Mənim diqqətimi çəkən ikinci simvol isə "duz" simvoludur.

Bu simvolu həmin vaxtda çəkilmiş və müharibəyə alternativ yanaşma nümayiş elətdirən "Hər şey yaxşılığa doğru" (rejissor - V.Mustafayev) filmindəki eyni simvolla müqayisəli şəkildə analiz edək. O filmdə bütün absurd hadisələrin sonu duzla bitir. Bütün film boyu erməni meyitini Bakının içində ora-bura aparan qəhrəmanlar sonda duz gölünün yanında dayanıb nəfəs dərirlər və göldən duz yığan adamları görürlər. Və kino qəhrəmanlardan biriylə duzyığanın kiçik və simvolik dialoquyla bitir.

- A bala, o nədi elə?

- Duzdu, duz...

- Eh, rəhmətliyin oğlu, dünya dağılır, bu deyir duz...

Vaqif Mustafayev sanki bütün bu cür müharibələrin, qanlı olayların arasında da bir duz axtarır, zarafatı, qara yumoru ön plana çəkərək oxucuya deyir ki, ruhdan düşməyin, hər şey düzələcək, hər şey yaxşı olacaq, əsas budu ki, duzumuzu itirməyək.

Yavər Rzayevin filmində isə hər şey duzla bitmir, əksinə, əsas konflikt məhz duzla başlayır.

Yavər Rzayev sanki kino diliylə Vaqif Mustafayevin yanaşmasına etiraz edir, bəyan edir ki, duzla hər şey həll olunsaydı, hər şey yaxşılığa doğru getsəydi, dərdimiz nəydi ki? Əslində, elə ən böyük problemlərimiz gülləni duzla (qəzəbi zarafatla) əvəz eləməyimizlə başlayır. Bəli, azərbaycanlı erməni əsiri güllələmə əmri alıb icra edəndə erməni yanını tutub qışqırır, amma ölmür, çünki məlum olur ki, tüfəngindəki güllə qırmayla yox, duzla doldurulub. Bir müddət sonra, erməni bizim əsirə atəş açanda, bizim əsir həlak olur, çünki bu dəfə duz yox, qırma irəli keçir...

Biz "duz" deyib hər şeyi zarafata saldıq, onlarsa, duzu kənara qoyub, gülləni qabağa verdilər, qan tökdülər, öldürdülər, qırdılar və o zaman öz istədiklərinə çatdılar. Bəlkə, əslində, bizim uzun illər bu məsələyə "duzlu münasibətimiz" elə onların xeyrinə idi. Çünki bizim qəzəbimizi soyudurdu... Yavər Rzayevin filmindən sonra mən həmişə bu barədə düşünürdüm...

P.S. Filmin operator, aktyor işi, musiqi həlli yüksək səviyyədə qurulub. Tanınmış aktyorlarımız - Ramiz Novruz, Fərman Abdullayev, Hacı İsmayılov, Cahangir Novruzov, Münəvvər Əliyeva, Muxtar Maniyev hər biri filmdə bənzərsiz və yaddaqalan xarakterlər yaradıblar. Emosional musiqi həlli də (bəstəkarı - Siyavuş Kərimi) filmin dramatik epizodlarının tamaşaçıya təsirini bir qədər də gücləndirir.

Filmin bütün süjetini danışmaq istəməzdim, çünki düşünürəm, ki, "Sarı gəlin" filminə fərqli prizmadan təkrar-təkrar baxmağın zamanı məhz indidir. Və əminəm ki, hər bir tamaşaçı həm süjetdən, həm də filmdəki simvolikadan öz təfəkkürünə uyğun mənalar çıxaracaq.

Müəyyən mənada Yavər Rzayev zamanını 25 il qabaqlamışdı. O vaxt "erməni" məfhumu bizim üçün mütləq mənada şər qüvvənin simvolu idi, istənilən fərqli yanaşma insanlarda qıcıq yaradırdı. Bu gün isə hər şey dəyişir. Konfliktin gərgin fazası artıq arxada qalıb. Torpaqlarımız azad olunub, qisasımız alınıb. Məncə, məhz indi, konfliktə ümumbəşəri, ədəbi bir baxış bucağından baxmağın vaxtı çatır - yaxşı və ya pis millət yoxdur, yaxşı və ya pis insan var. Vəssalam... Yavər Rzayevin 25 il əvvəl verdiyi mesaj məhz bundan ibarət idi.

# 1677 dəfə oxunub

Müəllifin son yazıları

# # #