Rəssam və şair Nazim Şahın fərdi sərgisi açıldı

Rəssam və şair Nazim Şahın fərdi sərgisi açıldı
14 avqust 2026
# 15:40

Rəssamlar İttifaqında rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, eksponatlar rəssamın rəsmlərini sərgi məkanına inteqrasiya olunmuş on üç şeir ilə birləşdirir. Əsərlər vahid bir ifadə - rəssamla Uca Tanrı arasında şəxsi və açıq söhbət yaratmaq üçün nəzərdə tutulub.

Sərginin açılış mərasimində çıxış edən Xalq rəssamı Aydın Rəcəbov Nazim Şahın istedadını və peşəkarlığını yüksək qiymətləndirib, onun əsərləri ilə bağlı fikirlərini qonaqlarla bölüşüb.

Sərginin açılışında rəssam Vüqar Əli və şair Ələsgər Talıboğlu da çıxış edərək Nazim Şahın yaradıcılığı haqqında maraqlı faktları diqqətə çatdırıblar.

Nazim Şah 1974-cü ildə Azərbaycanın Füzuli rayonunda anadan olub. 1993-cü ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1997-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Rəssam və şair 1997-ci ildən bəri beynəlxalq və milli sərgilərdə iştirak edib. O, Bakıda və Türkiyənin Antalya şəhərində fərdi sərgilər keçirib. Rəssamın əsərləri Türkiyə, ABŞ, İran, Belçika, Rusiya və Fransada şəxsi kolleksiyalarda saxlanılır.

Layihə çərçivəsində 15 avqust saat 15:00-da sərginin kurator turu və rəssamla görüş keçiriləcək. Giriş sərbəstdir.

Qeyd edək ki, sərgi avqustun 18-nə qədər davam edəcək.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər