Rəşad Məcid: “Mən onları şair hesab etmirəm”

Rəşad Məcid, şair

Rəşad Məcid, şair

15 iyul 2022
# 15:40

AYB sədrinin birinci müavini Rəşad Məcid Vaqif Poeziya Günlərinə aparılmayan şairlər haqqında açıqlama verib.

Kulis.az xəbər verir ki, o bu barədə suallara cavabında bildirib:

“Yerlər məhdud sayda olduğu üçün Vaqif Poeziya günləri tədbirinə hər kəsi aparmaq olmur. Bəzi insanlar isə aparılmadıqları üçün gedənləri qısqanırlar. Şuşada keçirilən əvvəlki tədbirlərdə iştirak edən bəzi şairlər bu dəfə iştirak edə bilmədi. Ötən ilə nisbətən bu dəfə Vaqif Poeziya Günləri tədbirində məhdud sayda yer olduğu üçün müəyyən insanlar narazılıqlarını bildirib. Ümid edirəm ki, onlar da gələcəkdə keçiriləcək tədbirdə iştirak edib, Şuşanı görəcəklər. Mən özüm sosial şəbəkələrdə müəyyən yazıları oxudum və Şuşa həsrəti çəkən insanların oraya gəlməsi üçün çalışdım. Ola bilər ki, bəzi şəxslər yaddan çıxıb, ancaq növbəti tədbirlərdə onlar da mütləq dəvət olunacaq. Əsasən də Qarabağ və Şərqi Zəngəzur regionundan olan şairlər oraya dəvət aldı. Həmçinin, protokola uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB), Ağsaqqallar Şurasının, Söz Ədəbi Birliyinin nümayəndələri də tədbirdə iştirak edirlər. Ümumiyyətlə, mən bu seçim barədə çox ciddi bir giley eşitmədim. Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ictimai birliyi var. Bu qurumun üzvləri arasında qazi yazarlar da az deyil. Onların Şuşaya gəlmə məsələsi Yazıçılar Birliyindən kənarda, Söz Ədəbi təşkilatının vasitəsi ilə həyata keçirilir. AYB-nin üzvlərinin sayı əvvəlcə 200 nəfər nəzərdə tutulmuşdu, ancaq daha sonra bu say 100-ə endirildi. Yəni əvvəl iştirak etmiş şairlər bu dəfəki tədbirə dəvət olunmayıb. Hər kəsin Şuşaya getmək istəməsi başa düşüləndir. Arzu edirəm ki, bütün insanlar Şuşada bu cür möhtəşəm tədbirlərdə iştirak edə bilsin”.

Ümid Nəccari, Aqşin Evrən, Fuad Cəfərli, Emil Rasimoğlu, Tural Turan kimi imzaların niyə Vaqif Poeziya Günlərinə dəvət almaması ilə bağlı suala isə AYB katibi bu cavabı verib:

“Burada bəzi gənc şairlər iştirak edir, hətta onların müəyyən şeirləri tədbirdə səsləndiriləcək. Mən, ümumiyyətlə Tural Turan və Emil Rasimoğlunu şair hesab etmirəm. Hətta onlar yaxın 20 ildə Vaqif Poeziya günlərində iştirak edə bilməyəcək”.

Publika.az

# 3384 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #