Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi

Qapı arxasındakı həqiqət - İman İmanlının hekayəsi
25 oktyabr 2025
# 11:35

Kulis.az İman İmanlının "Qapı arxasındakı həqiqət" hekayəsini təqdim edir.



Axşam saat 21:30 olardı. Külək payızın sərinliyini Xətai metrosunun qabağına gətirmişdi. Neft-Kimya Prosesləri İnstitutunun dayanacağındaydım, 46 nömrəli avtobusu gözləyirdim. Keçən maşınların motor səsi fon musiqisi olub, bu səhnəni tamamlayırdı.

Bir xeyli gözləyəndən sonra avtobus dayanacağa yaxınlaşdı. Qapı açıldı, içəridən gələn isti hava üzümə toxundu. Kartımı oxudub içəri girdim və adətim üzrə, ən arxa oturacağa tərəf addımladım. Arxada oturmağı sevirəm, elə bil dünyanın kənarında dayanıb insanlara tamaşa eləyirəm.

Əyləşər-əyləşməz pəncərə kənarına keçdim, yanımdakı boş oturacağa çantamı qoydum. Avtobus hərəkətə edərkən küçə lampalarının işığı şüşədən süzülürək üzümə vurmağa başlamışdı.

Həmin an bir səs eşitdim. Başımı qaldıranda qabağımda 26–28 yaşlarında qadın gördüm, – qara, dağınıq saçları alnına səpələnmiş, gözləri yuxusuzluqdan şişmişdi.

Qəhvəyi gödəkçə və qara don geyinmişdi.

Bir anlıq baxışlarımız toqquşdu.

- İcazə olar, mən pəncərə kənarına keçim, əyləşim? - sakitcə dedi.

- Əlbəttə, buyurun, - cavabladım.

Qalxıb xanıma yol verdim. O, nə təşəkkür etdi, nə də gülümsədi, elə indicə içindən fırtına qopacaqmış kimi gözümə baxdı. Baxışlarında qəribə bir yorğunluq var idi.

Pəncərə kənarına keçib, yağışdan ləkələnmiş şüşədən şəhərin susqun mənzərəsinə baxmağa başladı.

Avtobus tərpəndi. Küçə işıqları bir-bir arxada qalırdı. Mən qulaqlığımı çıxarıb dolaşmış ipləri açmağa başladım.

Gecələr Bakıda avtobusla evə qayıtmaq mənim üçün bir növ daxili sükunət rituallarından biridir. Elə bil şəhərin səsi uzaqlaşdıqca, içimdəki səs daha aydın eşidilir.

Telefonu açdım. Neşet Ertaşın “Yolcu” mahnısı... “Play” düyməsinə toxundum.

Səs ağır idi. Hər notda bir insanın ömrü, bir ayrılıq sədası vardı.

İnsan ölür ama ruhu ölmez,
Bunca mahlukat var, hiçbiri gülmez,
Cehennem azabı zordur, çekilmez,
Azap çeken hayvanları gördün mü?”
Bir-iki dəqiqə sonra qadın yüngülcə çiynimə toxundu
".

- Üzr istəyirəm... əgər mümkündürsə, bir qulağını mənə verə bilərsiz?” - o dedi. - “Mənim qulaqlığımın enerjisi bitib, amma indi musiqi dinləməyə çox ehtiyacım var”.

O qədər sakit, o qədər səmimi dedi ki, tərəddüd etmədən qulaqlığın bir tayını uzatdım. O an bilmirdim ki, bu sadə jest bizi eyni melodiyanın, eyni kədərin içində birləşdirəcək.

Mahnı yenidən başladı. Neşet Ertaşın səsi avtobusun təkər səslərinə qarışırdı.

Vade tekmil olup ömür dolmadan,
Emanetçi emanetini almadan,
Ömrüyün bağının gülü solmadan,
Varıp bir cananın kulu oldun mu?..


Pəncərədən süzülən işıqlara baxa-baxa düşündüm: “Görəsən, nə dərdi var bu qadının? O baxışlar, o sükut, gözlərinin altındakı o kölgələr... heç biri təsadüf deyildi”.

Elə bu fikirlər içindəykən, birdən çiynimdə isti damcıların süzülüb köynəyimi islatdığını hiss etdim. Başımı qaldırdım, qadın sakitcə ağlayırdı. Nə səsi çıxırdı, nə də nəfəsi. Sadəcə göz yaşları sakitcə axır, titrəyən dodaqları ilə sanki içində nəsə deyirdi.

Qulaqlığı çıxarıb asta səslə soruşdum:

- Niyə ağlayırsınız?

Cavab vermədi. Sadəcə sağ əlimi sıxdı. O an əlimin içindəki o soyuq, titrək barmaqlar mənə ondan daha çox şey danışdı. Elə bil o soyuqluqda illərin yorğunluğu, itkilərin izləri gizlənmişdi.

- Bəlkə, dayanacaqda enək, sizə su alım? - asta səslə dedim.

Başı ilə razılıq verdi. Mən tələsik “stop” düyməsini basdım. Avtobus Nargilə dairəsinə yaxın bir dayanacaqda dayandı. Əlindən tutaraq, avtobusdan yerə endirdim. O an nəsə soruşmaq istədim, amma yadıma düşdü ki, mən bu qadının adını bilmirəm.

Tez soruşdum:

- Adınız nədir?

Bir an susdu, sonra sanki nəfəsi içində qırıldı və pıçıltı ilə dedi:

- Firuzə.

O qədər incə, o qədər qırıq səslə dedi ki, bu sadə ad beynimdə mahnı kimi səsləndi. Firuzə… Axı bu ad xoşbəxtliyin, saf sevginin rəmzidir. Bəs mənim yanımdakı bu qadın niyə “xoşbəxtlik” deyil, daşa dönmüş bir Firuzə idi?

Nə baş vermişdi? Niyə axşamın bu vaxtında, bir qadın bu qədər çarəsiz görünürdü?

Bu düşüncələr arasında addımlayırdıq. Külək Firuzənin üzünə vurur, dağınıq saçlarını bir az da dağıdırdı. O isə başını qaldırmadan, sakit addımlarla yanımda yeriyirdi. Mən hər addımında onun səsini gözləyirdim.

O qədər sakit idi ki, elə bil bu sükutun içində sözlər donmuşdu. Nəhayət, içimdən keçənləri hiss etdi. Baxışlarını yerə dikdi, bir an dərindən nəfəs aldı. Və yavaş-yavaş, qurumuş dodaqlarından çıxan titrək səslə danışmağa başladı:

***

- İki il əvvəl Gəncəyə, xalam qızının yanına istirahətə getmişdim...

Xalam qızı orda universitetdə oxuyurdu, tələbə idi. Beyləqandan bir qızla kirayə qalırdılar. Mən o vaxt çox yorulmuşdum, işdə də başım qarışıq idi. Dedim, bir az fikrimi dağıdım, dincəlim. O da çox israr elədi, dedi:

- Gəl, burda bir az dincələrsən, Hacıkəndə çıxarıq, Göygölə, Maralgölə gedərik...

Getmək qərarı verdim. Onsuz da xalam hər dəfə danışanda deyirdi ki, “bir xalan qızı var, bir dəfə də gəlib görüşmürsən, ayıb deyilmi?” Səhər tezdən hazırlaşdım, avtovağzala getdim. Ordan avtobusla Gəncəyə yollandım. Uzun yol idi, amma qəribə bir həyəcan vardı içimdə.

Gəncəyə çatanda xalam qızı məni qarşıladı. Bir-birimizi görəndə çox sevindik, gülüşdük, qucaqlaşdıq. Evdə bir az oturduq, çay içdik, söhbət elədik. Həmin günü heç yerə çıxmadıq.

Mən dedim:

- Yol yorğunuyam, bir az yatım dincəlim, yorğunluq canımdan çıxsın

Səhəri gün oyandıq, hazırlaşdıq, çıxdıq. Əvvəlcə Gəncəni gəzdik, sonra qalxdıq Hacıkəndə. Həqiqətən, Bakının havasından sonra oranın havası tamam başqa idi. Elə təmiz idi ki, qulaqlarım tutulmuşdu.
Sonra Göygölə qalxdıq. Xalam qızı maşını saxlamaq istədi, amma yer tapa bilmirdi. Bu zaman iki oğlan yaxınlaşdı.

Biri dedi:

- Xanım, qabaqda bir yer var, orda saxlaya bilərsiz.

Bu sözləri deyən oğlanın yanındakı mənə baxırdı deyə pis hiss edirdim. Baxır və gözünü çəkmir. Xalam qızı maşını sürəndə mən də güzgüdən ona zillənmişdim.

Bizə yeri göstərən oğlan artıq aralanmaq istəyirdi, amma o biri - mənə baxan - qolundan tutdu, qoymadı getsin.

Biz maşından düşdük, piyada qalxacağımız yerə tərəf getdik. Üç nəfər idik. Amma hiss edirdim ki, o iki oğlan da arxamızca gəlir.

Göygölə çatdıq, xalam qızı mənim şəklimi çəkdi. Elə o anda o oğlan yaxınlaşdı.

Dedi:

- İstəyirsiz, durun, üç xanımı bir yerdə çəkim.

Biz də razılaşdıq.

O şəkil çəkəndə gülümsədi və dedi:

- Heç tanış gəlmirsiz, qonaqsız deyəsən?

Xalam qızı cavab verdi:

- Yox, biz burda oxuyuruq. Bu da mənim xalam qızıdı, qonaq gəlib.

O da gülümsəyib dedi:

- Onda xoş gəlib Gəncəmizə.

Qızlar şəkil çəkdirməyə davam etdilər. Mən isə uzaqlaşdım, dəmir məhəccərə əlimi qoyub gölə baxmağa başladım.

Külək sakitcə əsirdi, suyun səthi tərpənmirdi. O an içimdə qəribə bir duyğu vardı; nəsə dəyişəcəkdi.

Birdən oğlan yaxınlaşdı.

- Üzürlü sayın, narahat edirəm...

- Buyurun, - dedim soyuqqanlılıqla.

- Xanım, adınızı bilmirəm. Sizi birinci dəfədi görürəm. Amma Gəncədə məni tanıyanlar bilir, elə gözübaşı qaynayan biri deyiləm. Sadəcə sizi gördüm... və sizdən, bilmirəm niyə, amma çox xoşum gəldi. Adınız nədi?

Mən bir addım geri çəkildim:

- Sizə nə adım nədi... zəhmət olmasa, uzaqlaşın. Maraqlanmıram bu məsələ ilə.

Durdu, bir an baxdı, sonra sakitcə dedi:

- Mənim adım Səfərdi.

Əlini uzatdı. Mən isə gülməkdən özümü saxlaya bilmədim. O qədər səmimi, o qədər qəribə vəziyyət idi ki... sadəcə gülümsəyirdim.

Firuzə bu hissəyə çatanda həm ağlayırdı, həm də gülürdü. Səsi titrəsə də danışmağa davam edirdi.

Elə tanış olduq... Səfərin 22 yaşı var idi, artıq evli olan bir bacısı vardı. Mən isə 26 yaşımda idim. İlk tanışlıqda elə bu fərqi dedim:

- Biz heç uyğun deyilik, mən səndən yaşca böyüyəm.

O isə gülümsəyərək cavab verdi:

- Mənim üçün yaşın önəmi yoxdu. Bu dəqiqə səni evdəkilərlə tanış edib, “mama, bu mənim evlənəcəyim qızdı”, - deyə bilərəm.

Bu sözləri deyəndə əvvəl elə bildim zarafat edir. Hətta gülüb dedim:

- Sən dəlisən, indi tanış olmuşuq axı!

Amma onun baxışında elə bir səmimiyyət, elə bir inam var idi ki, içimdə qəribə bir güvən duyğusu hiss etdim. O an bu oğlana qarşı içimdə nəsə dəyişdi.

O, dostuna zəng edib dedi: “Maşını xodda saxla, mamamı gəlini ilə tanış eləməyə aparmalıyam”.

Gülmək tutmuşdu məni, amma ürəyimdə bir səs deyirdi ki, “bəlkə də bu oğlan doğrudan da sənin üçün gələcəkdi”.

Nömrələrimizi bir-birimizə verdik, elə o gündən hər gün danışmağa başladıq. Video söhbətlər, saatlarla danışmaq… onu bir gün görməsəm, elə bil nəfəsim çatmırdı. Hər səhər gözümü onun səsi ilə açmaq, axşam yatmazdan öncə onunla danışmaq həyatımın ən gözəl vərdişinə çevrilmişdi.

Səfərin imkanı yaxşı deyildi. Bəzən ehtiyacı olanda ona kömək edirdim, o da imkan tapanda mənə. Atamı 8 yaşımda itirmişəm, anamla tək böyümüşəm. Əziyyətin, mübarizənin nə olduğunu yaxşı bilirdim. Ona görə də Səfəri anlayırdım.

Bir gün dedi ki, “səndən uzaq qala bilmirəm, Bakıya gəlmək istəyirəm”. Mən dedim ki, dostumun evi var, gəlib orda qala bilərsən, işləyərsən. Amma o bilmirdi ki, pulsuz olan bir otaqlı evi mən Qarayevdə 300 manata kirayələmişəm.

O, Bakıya gələndə elə bil şəhərin havası dəyişdi. Hər gün işdən çıxandan sonra görüşürdük. Özünə ofisiant işi tapmışdı. Artıq 7 aya yaxın idi şəhərdə idi. Çox adamla sirr bölüşməsəm də, işdəki ən yaxın rəfiqəm onu tanıyırdı.

Aramızda bəzən söz-söhbət olanda bizi o barışdırardı.

Mən tez-tez Səfərin evinə gedirdim. Evi yığışdırar, yeməyini bişirər, sonra çıxıb gedərdim ki, işdən qayıdanda yeməyi hazır olsun. Biz elə bil evli idik… Hər şeyin ilkini məhz onunla yaşamışdım. Bədənimə, ruhuma, qəlbimə ilk toxunan insan Səfər idi.

İlahi, nə qədər xoşbəxt idim… Elə bil, illərdi yığılmış bütün soyuqluğu o istiliyi ilə əridirdi. Gülüşüm, baxışım, danışığım, — hər şeyim dəyişmişdi.
Bir gün axşam mənə yazdı:

- 26 fevral 2026-cı ildə nişanlanırıq. O zamana qədər pul yığaq, hər şeyi gözəl təşkil edək.

Mən o tarixə inanmışdım. Hətta işdə bir kağıza yazıb masamın kənarına yapışdırmışdım: “26.02.2026”. Hər gün o kağıza baxırdım. Artıq xərclərimi azaldır, qəpik-quruş xərcləyirdim ki, o gün gələndə hər şey çox gözəl olsun.

Elə bu düşüncədə olduğum günün axşamı işdən çıxıb Qarayevdəki evə getdim. İçəri girəndə gördüm ki, ev tamamilə dağınıq vəziyyətdədi. İçimdən deyinə-deyinə, “bu pintiliyini sənə tərgidəcəm”, - deyib, musiqi qoşdum və gülə-gülə yığışdırmağa başladım.

Otaqdan tanış bir qoxu gəlirdi. Vanilya... Bu, mənim sevdiyim “Burberry Her” ətirimin qoxusuydu. Adətən, işdə qoyuram, iş yoldaşlarım da o qoxunu hiss edəndə dərhal bilirlər ki, Firuzə gəlib. Hətta bir yaxın padruqam da deyir ki, “ölürəm o qoxudan ötrü”.

Dayandım, fikirləşdim: “Yataqdan gəlir bu qoxu...”

Yaxınlaşdım, bəli, elə oradan gəlirdi. Üç gün əvvəl biz bu yataqda xəyallara dalmışdıq. İçimdən qəribə bir istilik, eyni anda da soyuqluq keçdi.

Ev çox gözəl qoxuyurdu, amma içimdə nəsə qəribə bir narahatlıq vardı. Başladım otağı səliqəyə salmağa. Sonra yadıma düşdü ki, yemək hazırlamamışam. Keçdim mətbəxə. Masada içilmiş beş şüşə pivə, cips, fıstıq qabıqları vardı.

Səfər arada iş yoldaşlarıyla evdə futbola baxırdı. Aralarında mənim tanıdığım bir neçəsi də vardı. (Firuzə bir-iki tanışın adını çəkir)

Tez masanı yığışdırdım, soğan soymağa başladım. Bilirsən, mən şeirləri çox sevirəm. Hər dəfə soğan soyanda ağlıma Ramiz Rövşənin “Soğan acısı” şeiri düşür.

"Soğan soya-soya ağlayan qadın,
Gözünün yaşını silə bilmərəm.
Neyləyim, mən sənə özgəyəm, yadam,
Neyləyim, yanına gələ bilmərəm..
."

Soğanı soyub doğradım, sonra kartofu. Soyuducudan bir az toyuq çıxarıb başladım bişirməyə. Qəşəng yemək hazırladım. Səfər mənim əlimdən çıxan hər yeməyi çox sevirdi, həmişə də iştahayla yeyirdi. Yeməyi qazın üstünə qoydum, qapağını bağlayıb dedim, “qoy bişsin, o gələndə hazır olsun”.

Sonra keçdim yataq otağına, orda bir az işim qalmışdı. Xalça gözümə çirkli göründü. Dedim, “götürüm çırpım, sərim, hər şey səliqəli olsun.” Xalçanı çəkən kimi sanki zaman dayandı. Yatağın altından bir qoruyucu (prezervativ) çıxdı.

Üzür istəyirəm, amma biz onunla olanda heç vaxt ondan istifadə etməmişik... Əllərim bir anlıq boşluğa düşdü. Sanki kimsə içimdən bir parçamı dartıb çıxardı.

Bilirsən, insan heç vaxt xəyanəti sevdiyi adama yaraşdıra bilmir. Mən də öz-özümə dərhal bəhanə tapdım: “Yəqin, dostlarından biri ev istəmişdi, o da açarı verib. Hə, başqa nə ola bilər ki? O elə şey eləməz...”

Amma içimdə səs susmurdu. Hər dəfə sakitləşmək istədikcə ürəyimdə bir səs deyirdi: “Bəlkə, sən yanılırsan?”

Otağı yığışdırmağa davam etdim, amma beynimdəki səs bir an da susmadı. Düşünməkdən yorulmuşdum.

Axırda dedim ki, “boş ver, gələndə danışaram onunla”. Özümü yatağa atdım, yorğunluqdan gözüm elə bil məcbur bağlandı. Yuxuya getdim...

***

Firuzə o qədər dolu və ağrı-acı ilə danışırdı ki...

On zəng gəlib. Yuxudan telefonun vibrasiya səsi ilə oyanıb, amma telefonu açmadan sönüb. Gələn zəng isə Səfərdən imiş. Sonra Səfər mesaj yazıb: “Həyatım”. Firuzə ona zəng etmək istəyəndə, qapının açılma səsini eşidib. İçəri girən səs Səfərin səsi imiş:

- Narahat olma, balam, içərdə heç kim yoxdu keç.

Amma arxasınca başqa bir səs gəlib:

- Ayyaqqabımı həmişəki yerdə çıxarıram.

Otaqda bu iki səs arasında donub qalan Firuzə, ikinci gələn səs ilə düşüncələrə qərq olub.

Yataq otağının qapısını açan kimi qabağında canından çox sevdiyi sevgilisi və onun yanında bütün həyatını bölüşdüyü, dərdini öz dərdi bildiyi rəfiqəsi dayanıbmış. Firuzə danışmadan tez qapıya çatır. Ayaqqabısını geyinmək istərkən, Səfər yanına gəlib deyir:

- Getmə, gözlə.

***

Qolumdan tutub üzümə baxdı. Bilirsən, o an mən nə qışqıra, nə bağıra, nə də ağlaya bildim… Sadəcə donub qaldım. Bədənim buz kəsilmişdi, qan damarlarımdan çəkilmiş kimi hiss edirdim. Sən heç bir insanın gözündə ölüm qorxusu görmüsən? Mən bu gecə iki insanın gözündə gördüm. Bu insanlar həyatımda ən vacib insanlar idi.

***

Firuzə sadəcə dönüb Səfərə bir söz deyibmiş:

- Get.

Və tez pilləkənlərlə aşağı düşübmüş. Səfər də dalınca:

- Dayan, nolar, başına dönüm, dayan... Qoy izah eləyim, bir qələtdi eləmişəm.

Amma Firuzə ilk dəfə Səfərə səsini qaldıraraq:

- Məni narahat eləmə! Üzünü görmək istəmirəm, - deyibmiş.

***

- Mənə taksi çağıra bilərsənmi? Evə getmək istəyirəm. – Firuzə mənə dedi.

- Əlbəttə, — deyib proqramdan taksi çağırdım.

- Mənim edəcəyim bir şey varmı, Firuzə? İstəsən, evinə qədər ötürüm.

Sanki boşluğa danışırdım; qarşıdan heç bir səs gəlmirdi. O an taksi gəldi. Qapını açdım, oturdu. Pulu taksiyə uzatdım. Taksi hərəkət etmədən əvvəl pəncərəni endirdi və gözlərimə baxdı. O baxışda həm acı, həm qəribə bir sakitlik vardı.

Taksi hərəkət edəndə mən Nargilə dairəsindən Neyrocərrahiyə tərəfə qalxmağa başladım. Bir dəqiqə sonra yanımda bir taksi dayandı. Firuzə taksidən enib yanıma gəldi, pulu əlimə sıxaraq pıçıltıyla dedi:

- Çox sağ ol… amma məni dinləməyin bəs etdi.

Sonra qaçaraq taksiyə oturdu.

Mən isə yol boyu musiqinin sədaları arasında onun göz yaşlarının titrəyən səsini eşidirdim. Xəyanətin, etimadsızlığın insanı necə sındırdığını o an ilk dəfə bu qədər yaxın və dərindən hiss etdim.


13.10.2025

# 126 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər