“Multikulturalizm” jurnalının 2017-ci il üçün birinci sayı işıq üzü görüb

“Multikulturalizm” jurnalının 2017-ci il üçün birinci sayı işıq üzü görüb
8 may 2017
# 15:23

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2017-ci il üçün birinci sayı işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı ilə açılır.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi – zamanın çağırışı” Beynəlxalq konfransının iştirakçılarına təbrik məktubu, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki çap edilib.

Jurnalın rəsmi bölməsi “Xocalı yürüşü” haqqında informasiya ilə qapanır.

“Azərbaycançılıq” bölməsində Azərbaycanın görkəmli dövlət, ictimai və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsində Ulu Öndər Heydər Əliyevin etdiyi çıxış dərc olunub.

“İslam Həmrəyliyi İli” rubrikasında “Klassik irsimizdə həmrəylik çağırışları” sərlövhəsi altında Nizami Gəncəvi, İmadədin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Alı, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Abdulla Şaiq, Hüseyn Cavidin şeirlərindən parçalar verilib.

Sözügedən bölmədə eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Azər Nəhmədovun “İslam həmrəyliyi və müasirlik”, Mətbuat və Elmi Tədqiqatlar üzrə “Delta” Mərkəzinin prezidenti, “Madarat Gharbiyya” jurnalının baş redaktoru, livanlı alim Mahmud Haydarın “Teoloji yaxınlaşma: müasir katolik xristianlığı və islam arasında dialoq” yazısı (fransız dilində) dərc edilib.

“Forumlar, konfranslar, dəyirmi masalar” bölməsində “İslam həmrəyliyi – zamanın çağırışı” Beynəlxalq konfransının gündəliyi verilib.

“Multikulturalizm məsələləri” rubrikasında AMEA-nın Fəlsəfə İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, Fransanın “Akademik Palmalar” ordeni kavalaeri, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “Multikultural vətəndaşlıq məsələsinə dair”, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Adilə Abdullayevanın “Multikulturalizmə dair ədəbiyyatın təbliğində Azərbaycan Milli Kitabxanasının əsas fəaliyyət istiqamətləri” yazısı dərc edilib.

“Din tariximizdən” rubrikasında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Əli Fərhadovun “Müsəlman həmrəyliyinin və multikulturalizmin mükəmməl ifadəsi” yazısı yer alıb.

“Homo Sapiens” bölməsində tanınmış şair, publisist Mətləb Ağanın “Bizi gələcəkdə nə gözləyir?” yazısı verilib.

“Axundov zalı” rubrikasında tanınmış jurnalist Azər Qaraçənlinin “Birləşmə” hekayəsi çap olunub.

“Höte zalı” bölməsində görkəmli şair Ramiz Rövşənin təqdimatında dünya ədəbiyyatından poetik tərcümələr verilib.

“Multikulturalizm mozaikası” rubrikasında IV Beynəlxalq multikulturalizm qış məktəbinin gündəliyi dərc olunub.

Jurnalın bu dəfəki “Region” əlavəsi Şimal-Qərb bölgəsinin qələm adamlarına həsr olunub. Əlavədə Giya Paçxataşvili, Vaqif Aslan, Qiymət Məhərrəmli, Kamil Qardaşov, Şahid Məmmədkərimov, Hədiyyə Şəfaqət, Ramiz Örsər, Racik Ağacani, Qoşqar Qaraçaylı, Bahar Səmin, Əfsanə Abdullayeva, Mamed Mamedov, Elçin Hacıyev, Kənan Rza, Mətanət Kərimova, Georgi Keçaari, Nadir Ziyadlı Qıpçaq, Nüyvər Şərifova, Tahirə Sultan, Mayis Keçaari, Vasif Zöhraboğlu, Zaur İlhamoğlu və Aşot Udinoğlunun şeirləri (Azərbaycan, udi və avar dillərində) verilib. Qeyd edək ki, “Region” əlavəsinin növbəti səfəri Naxçıvan Muxtar Respublikasının bölgələrinə olacaq.

# 1243 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #