Qadına və şeirə görə iki dəfə sürgün edilən, əkiz qızlarını bir gündə itirən, qəbri naməlum Azərbaycan şairi

Almas İldırım, şair

Almas İldırım, şair

25 mart 2021
# 21:00

Bu gün ömrünün böyük hissəsini mühacirətdə keçirən Azərbaycan şairi Almas İldırımın doğum günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edir.

Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində doğulub. Atası Əbdülməhəmməd və anası Nisə xanımın ilk övladı olub. Almasdan sonra ailənin Sona və Ziba adlı qızları, Əbdüləli, Məhəmmədəli və Heydər adlı oğlanları da doğulub.

***

Almasın əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb.

***

Türk tədqiqatçı Ənvər Aras Almas adının onun babasına məxsus olduğunu yazır. İldırım adının qaynağına gəldikdə isə türk tədqiqatçı, Almasın müəllim həmkarı Ramiz Ardanın xatirələri bu baxımdan maraqlıdır. Ardanın yazdığına görə, Almas doğularkən Bakıda güclü yağış yağırmış, ildırım çaxırmış. İldırım adını da doğulduğu günün xatirəsidir.

Gallery

Heyvandarlıq, əkinçiliklə yanaşı ticarətlə də məşğul olan Əbdülməhəmməd kişi 1913-cü ildə Bakıdan 40 km məsafədə yerləşən Şüvəlana köçür, ardınca isə Çəmbərəkəndə yerləşir. Ailə Saraykin küçəsi, 7 nömrəli evdə yaşayır.

***

İldırımın atasının 1500 illik tarixi Qala kəndində tarlaları, qoyun sürüləri, Çəmbərəkənddə iş yerləri, Şüvəlanda bağ-bağçaları, ticarətxanaları və Xəzərin sahilində yük gəmilərinin olduğu bilinir. Almas İldırım almanlar Bakını azad edərsə, var-dövlətini Ramiz Ardayla bölüşəcəyini deyirmiş.

***

1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas fars dilinə yiyələnir. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazıldığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir.

***

1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin Şərqiyyət fakultəsinin Ədəbiyyat bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini ələ keçirirlər.

Gallery

Təbii ki, onun universitetdən qovulmasının səbəbi təkcə atasının tacir olması deyildi. Ə. Aras yazır: “Ən önəmli səbəblərdən biri milli düşüncələri ilə xalqın hisslərinə dərman olmasıydı. Hətta 1927-ci ildə Bakıda yazıb, “Qiyabi çox sevdiyim Faruk Nafizə” sözləri ilə Faruk Nafizə ithaf etdiyi “A dağlar” şeiri mərkəzi Ankarada yerləşən, İstanbulda nəşr edilən “Həyat” jurnalında yayımlanması mühüm səbəb idi”.

***

Almas İldırım təhsili ilə yanaşı o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır.

***

“Yaşıl yarpaq” dərnəyinin “Yaşıl yarpaqlar” adlı divar qəzetində şeirləri çap edilən Almas İldırımın bu illərdə dostluq etdiyi şəxslərdən biri də şair Mikayıl Müşfiq olur.

***

Sovetlərin ilk illərində Azərbaycan yazıçılarının yaratdığı və getdikcə nüfuz qazanan bu cəmiyyətlər Çekanın diqqətindən yayınmır. Ona görə də cəmiyyətlər nəzarət altına alınmaq üçün birləşdirilir və 1928-də Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradılır. Almas İldırım bu quruma üzv olmaq məcburiyyətində qalır.

***

Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olmasına, sovet rejiminin əmrlərinə canla-başla əməl etməməsinə görə ağır tənqidlərə məruz qalır. Proletar şairlərin və tənqidçilərin (Əkbər Ruhi, Əsəd Əyyubi, Süleyman Rüstəm) onun haqqında yazdıqları şairə sürgün qapısını açmış olur.

Gallery

Şair hətta “Vahid Türküstan”, “Vahid Cağatay” adlı dövlət qurmaq istəməkdə də ittiham edilir. Əkbər Ruhi onun haqqında yazır: “Yazıçılar arasında müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi bulunanlar arasında Almas İldırımın da olması meydana çıxmışdır. Bunlar Əhməd Cavad və Hüseyn Cavidin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədiylə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik... Cavad dəbiyyat sahəsində bəzi gənclərimizi zəhərləməyə müvəffəq oldu. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından atıldı. O, Cavadın qeyri-mətbu şeirlərinə nəzirələr yazdı. Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir”.

***

Mətbuatdakı bu tənqidlər onun siyasi idarə tərəfindən cəzalandırılmasına bəs edir və Almas İldırım 1929-cu ildə Dərbəndə sürgün edilir. Ailəsi və bir neçə dostu 22 yaşlı Almas İldırımı Dərbəndə yola salır. Bu ilk sürgünündə o, “Dağlara vida” şeirini yazır.

***

Bakıda “Azərnəşr”də Məhəmməd Səid Ordubadi onun “Dağlar səslənirkən” adlı şeir kitabını yayımlayır. Lakin tezliklə bu kitab haqqında tənqidi yazılar peyda olur, kitab qadağan edilir, satışdan yığışdırılır. Bu kitabdan sonra onun Aşqabada sürgün edilməsinə qərar verilir. Almas İldırım əllərini onu Bakıdan Aşqabada yola salmağa gələnlər arasında olan şair dostu Mikayıl Müşfiqə çiyninə qoyaraq deyir: “Bunların məqsədi mənə indi aydın olur. Yəqin, hər dəfə bir türk məmləkətinə göndərməklə Böyük Türküstanımızı mənə qarış-qarış gəzdirmək istəyirlər”.

***

24 yaşlı Almas İldırım Bakı ilə əbədi vidalaşır. Bunu hiss etdiyi üçün “Əlvida, Bakı” şeirini yazır

Gallery

Almas Aşqabadda Şamaxıdan sürgün edilən, əslən Güney Azərbaycan olan bir ailənın qızı ilə tanış olur. 1932-ci il mayın 1-də Zivər xanımla ailə həyatı qurur. Burada “Zəhmət” qəzetində və Aşqabad radisounda yayımlanan şeirləri onu böyük nüfuz qazandırır və Bakıda bundan xəbər tutulur. Yenidən dövrəyə girən Əkbər Ruhi, Süleyman Rüstəm kimi rejimin tənqidçi və şairləri ona qarşı çıxışlar edirlər. Hətta QPU agenti olan Əkbər Ruhi şairin fəaliyyətini təftiş etmək üçün Aşqabada göndərilir.

***

Ə. Ruhinin bu qədər Almas İldırım əleyhinə fəaliyyət göstərməsinin başqa bir səbəbi da vardı. Ə. Aras kitabında qeyd edir: “Ruhinin İldırıma qarşı aşırı kin və nifrət bəsləməsinin bir səbəbi də Humay xanımdır. Çünki Yazıçılar İttifaqının ilk şairələrindən olan və daha sonra Əkbər Ruhiylə evlənən Humay xanımın gənclik illərində, evlənməmişdən əvvəl şairə qarşı xüsusi bir marağının olması, Ruhinin də Humayı qısqanması söylənilir. Hətta şair Humay xanım üçün elçi gedilməsini ailəsindən istəyir, ancaq şairin atası səbəb göstərmədən onun istəyini qəbul etmir”. Şairin əmisi oğlu Hacıağa Almaszadə də Ənvər Arasla söhbətində bu faktı təsdiqləyir.

***

Artıq Almas İldırımın heç bir çıxış yolu qalmamışdı. Ya Ruhinin dediyi kimi təslim olaraq kommunistlərin sırasına qatılmalı, ya da Sibirdə həlak olmalı idi. Çox düşünərək o başqa bir yolu seçir: Türkiyəyə qaçmaq.

Gallery

Zivər xanım atası Məhəmmədağa kişini də razı saldıqdan sonra İldırım ailəsi 19 iyun 1933-cü il saat 21:30-da evdəki lampanı da söndürməyərək yola çıxırlar. Üç aylıq övladları Azərlə birlikdə bir dəvə karvanına qoşulurlar. Bir neçə gün bu karvanla birlikdə yola düşürlər, lakin bunun təhlükəli olduğunu bilib Firuzə yaylağında karvandan ayrılırlar. Günlərlə ac-susuz qalırlar. Hətta Azər yaşasın deyə onu daşlıqda buraxıb getmək istəsələr də, bunu bacarmırlar, bir neçə metr getdikdən sonra möhkəm səslə ağlayan körpəsinin səsini eşidən Almas geri qayıdıb deyir: Mən uşağı burda qoya bilmərəm, götürək, eybi yox, mən ölsəm, o da ölər. Onlar geri qayıdıb övladlarını götürürlər. Min bir əziyyətlə İran sərhədinə keçdikdən sonra tutulurlar. İran sərhədçiləri sərhədi pozduqlarına görə ailəni həbs edir. “Stalin, Sovet casusu” adı ilə şairə 25 gün işgəncə verilir, 24 saat bədəni soyuq suyun içinə salınır, sorğu-sual edilir. Səhhəti ağırlaşır, nəhayət Tehrandan gələn əmrlə sərbəst buraxılır.

***

Almas İldırım İranda keçən 6-7 aylıq sürgün həyatından sonra 1934-cü ildə Türkiyənin Van şəhərinə sığına bilir. Vanda onlara Əhəd Əlizadə Ural adlı şəxs yardımçı olur. 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Elazığa yollanırlar.
Almas İldırım 1934-1935-ci təhsil ilində Palu bölgəsinə bağlı olan Karacabağda ibtidai məktəbində müəllimlik edir. 1935-ci ilin sonu - 1936-cı ilin əvvəllərində Palunun Karaçor nahiyəsinə müəllim təyin edilir.

***

Bu illərdə “Boğulmayan bir səs” adlı kitab çap etdirir. Azərbaycan Kültür Dərnəyinə üzv olur, yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunur. Müsavatçılarla əlaqələr qurur, Rəsulzadənin tərəfində yer alır, Mirzəbala Məhəmmədzadə ilə məktublaşır, Berlində çap olunan “Kurtuluş” jurnalına yazılar göndərir. Çətin günlər görür, Eldəgəz və Yurdavar adlı əkiz qız övladlarını bir gündə itirir. Ailənin Türkiyədə daha sonra üç övladı olur: Aras, Odkan, Mehmet Bakühan.

Gallery

1939-cu ildə anası Nisə xanımın vəfat etməsi ilə bağlı xəbər alır. Atası Əbdülməhəmməd kişi 1941-ci ildə Türkiyədəki oğlu ilə əlaqə saxlaması iddiası ilə bütün ailə üzvləri ilə birlikdə Nargin adasına sürgün edilir. Heç bir dəlil olmadığına görə 60 gündən sonra azad edilirlər. Bacısı Sona xanım isə Nargin hadisəsindən sonra bir qonşu vasitəsilə Almasa məktub göndərərək ailəsindən heç kimin qalmadığını, hamının öldürüldüyünü, məktub göndərərsə, məktubun çatdığı ünvanda da hər kəsin öldürüləcəyini qeyd edir. Bir dəfə küçədə birinin “satqının bacısı” deməsindən sonra Sona xanım əsəb sarsıntısı keçirir, yaxşı ifa etdiyi qarmonunu sındırır, evi axtardıqlarında tapacaqları qorxusu ilə qardaşından gələn, çarpayının borusu içində saxladığı məktubları yandırır. 1941-ci ildə xəstələnən Sona xanım 1983-cü ildə vəfat edir.

***

Sona xanımın son məktubundan sonra Almas geridə qalanları təhlükəyə atmamaq üçün artıq heç kimə məktub göndərmir. Atası Əbdülməhəmməd kişi 1945-ci ildə vəfat edir.

***

Bakının Qala kəndində doğulan şairin özü isə 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin qəbri təəssüf ki, hazırda bilinmir. Almas Ildırımın oğlu şairin son günlərini belə xatırlayır: Mən gimnaziyanı bitirdikdən sonra atam artıq yatağa düşdü. Atamın əlacı adi bir “pensillin”də imiş. Olsa, atam sağ qalacaqdı. Bir ay xəstə yatdı, qanında laxtalanma vardı. Çünki hər iki böyrəyi də işləmirdi. Mənim isə həmin vaxt 17 yaşım olardı. 14 yanvar tarxində atam yataqdaca canını tapşırdı. Biz ağlaşırdıq. Həkimlər gəldi. Amma artıq gec idi. Atamız vəfat etmişdi.

***

Almas vəfat etdiyində Mehmet Bakühan 2, Odkan 8, Aras 15, Azər isə 18 yaşında idi. Bütün ailənin yükü Azərin üzərinə düşür. Şairin yoldaşı Zivər xanım isə 21 fevral 2007-ci ildə vəfat edir.

# 15805 dəfə oxunub

Müəllifin son yazıları

# # #