Nifrətdən doğulanlar - Maya İmran yazır...

Maya İmran 

Maya İmran 

14 iyun 2023
# 14:57

Kulis.az Maya İmranın "Nifrətdən doğulanlar" adlı yeni yazısını təqdim edir.


Bir dəfə, bəlkə, səhərdən axşama qədər bu suala konkret cavab tapmağa çalışmışdım: “İnsanları aqressivləşdirən nədir?”

Sonra gördüm ki, bu özümü yormaqdan başqa bir şey deyil.

Çox vaxt pulsuzluqdur, ya da insanın doğuşdan qazandığı xarakteri.

Yəni, birinin qazancı ilə istəkləri üst-üstə düşmür, ona görə qarşısına çıxan, tanıdığı-tanımadığı kim varsa, neqativ tökür. Tutaq ki, maşın ala bilmir, maşın ala bilən hər kəsə nifrət tökür. Müqayisəni daha ucuz qiymətdə əşyalar üzərində də aparmaq olar. Yəni, başında bir kin küpü ilə dolanan adam, mütləq şəkildə bir yer, bir səbəb tapacaq onu tökməyə.

Bir söz deməyə səsi yetməsə belə, qaş-qabağı ilə nifrətini bildirir.

İndi biri çıxıb deyəcək ki, pulu olanın guya problemi yoxdur? Ya da heç bir pullu aqressiv deyil guya?
Ya da uğur qazanmağın sirri Mask kimi hər gün duş qəbul etmək deyil ki?!

Ali məktəbə qəbul olub, “ən böyük arzum”u gerçəyə çevirəndən bəri özümü qətiyyən hansısa problemi olan biri hesab eləməmişəm. Təbii ki, problemim hər zaman olub. Amma pulla həll oluna biləcək heç nəyi problem kimi təqdim eləməmişəm.

Çünki bu, mənim çox pul qazan bilməmək kimi “bacarıqsızlığımdan” meydana gələn xoşagəlməzliklərdir. Mənim ruzili ola bilməməyimdə qətiyyən ruzili birinin günahı yoxdur.

Sonralar fərqinə vardım ki, mən tanımadığım insanlara da təbəssümlə baxıram.
Küçədə, metroda, avtobusda-insan olan hər yerdə.

Evdən çıxanda “kürəyimdə bir neçə problem çuvalı olsa da”, rastlaşdığım ilk insana da təbəssümlə baxmışam.
Və qəribəsi budur ki, o təbəssüm “yükümü” yüngülləşdirib. Problemi unutmuşam. Bəzən, cəhd göstərmədən də, həllinə nail olmuşam.

İndi çoxu bunu, kainata enerji ötürmək kimi mövzulara bağlayacaq. Bəlkə də, doğrudan elədir. Bəlkə də, həqiqətən, “insan düşündüyünə çevrilir”.

Sözümün canı özüm deyiləm. Özümü artıq tanıyıram və çətinlik olanda da onu problemə çevirməməyi öyrənmişəm. Amma, hələ də niyə aqressiv olduğunu anlamadığım bir cəmiyyətin içindəyəm. Daha cavab tapmağa da çalışmıram.

İnsan bəzi mövzularda müzakirəni, o mövzuları anlamadığı zamanlarda aparır. Anladıqdan sonra, sadəcə, qəbullanır və əlindən gələn yalnız bu olur – üzülmək.

Təbəssüm, gücdür. Özgüvənin ən sadə və xoşagələn ifadəsidir.
Bir zamanlar, “Victoria’s Secret”in dəfiləsində göz qamaşdıran Miranda Kerr təbəssümü elə gözəl izah edib ki, əlavə bir kəliməyə də ehtiyac qoymayıb.

O deyir ki, səmimi bir təbəssüm, kiminsə nail olmağa cəhd edə biləcəyi ən inamlı və cəlbedici keyfiyyətdir. Ürəkdən gələn təbəssümdən daha gözəl bir şey yoxdur. Xoşbəxt, inamlı, xarizmatik insan üçün təbəssüm daxili zülməti işıqlandırır.

Təbəssümsüzlük, təkcə zamansız qırışlara səbəb olmur. Əvvəlcə, bədbinliyə yol açır, sonra nifrətə “hamilə qalır”, sonra isə bədbəxt bir insanı “doğur”.

Yox, qətiyyən dramatikləşdirmədim mövzunu. Elə nə var, onu deyirəm.

“Mənə yalan demə!” cümləsini qaş-qabaqla, qəzəblə, hiddətlə eşidən uşaq, əlbəttə ki, “balam, sən mənə düzünü deyəcəksən, bilirəm” cümləsi ilə böyüyən uşaqlığın qatilidir.
Mənəvi, psixoloji qatili!

Ümid edək ki, bundan ötə olmasın!

Amma nə böyük bədbəxtlik ki, bundan ötəsi də olur! Sözün həqiqi mənasında kindən doğulan uşaq böyüyüb mütləq qatil olur! Hər zaman psixoloji, bəzən isə fiziki !

Ötən ilin noyabr ayında bir idmançı, paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində elə idman zalındaca rəqibini öldürür. Vəhşicəsinə, öldüyünə əmin olana qədər bıçaqlayır onu! İdmançı- 2006-cı il təvəllüdlü Turan Rüstəmov Yevlax rayonundan məhz yarış üçün Bakıya gəlib, döşəkdə rəqibə qalib gəlib, sonra azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqlardan birində əyləşib. Və tanımadığı bir idmançı- 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovla aralarında yaranan mübahisə zamanı qətlə yetirilib.

Bu hadisənin təsirindən günlərlə çıxa bilmədim. Valideyn əyin-başını birtəhər düzəldib yarışa göndərdiyi gül kimi balasının bir gün sonra cənazəsini qarşılayır. Səbəb? – “İnsan görkəmində nifrətə rast gəlibmiş..”

Qatilin atası – bu kini boya-başa çatdıran “adam” - əməkdar məşqçi də uşağını müdafiə edirmişcəsinə çıxıb deyir ki, “uşaq Turanın qalib gəlməsini özünə sığışdırmayıb!”

Dünyanın kinini içinə sığışdıran “adam”da, əlbəttə, başqasının qələbəsinə yer olmayacaq.

Yazdıq, pozduq, bir-iki ekspert danışdı, ötdü keçdi.

Dedilər, bıçaq idman arenasına necə keçirilib, idmançının üst-başı niyə yoxlanmayıb, filan, vəssalam. Yenə də qəbullanmağa qorxduq. Dedik ki, birdən “aramızda insanabənzər nifrətlər dolaşır, insanlıqdan uzaq, insana qatil, ehtiyatlı olun!” deyərik, təşvişə salarıq kütləni.

Amma o qatilin məhkəmə zalından lovğa görüntülərini ictimailəşdirməyə qorxmadıq. Başıdik, baxışları iti şəkildə etdiyindən məmnun halda görkəmi ilə mesaj verirdi bizə, gələcəyə... Hədə-qorxu dolu bir ismarış! Təəssüf ki, yenə görə bilmədik, yenə hiss etmədik cəmiyyətin uçuruma doğru daha bir addımını..

Ömrünü nifrətinə qurban etmiş “adam”, amma o öldürdüyünü qurbanı sayır! Ən böyük qurban özünün olduğundan xəbərsizdir! Xəbərsiz öləcək!

Qatilin əli-qolu bağlı halda məhkəmə zalında dayandığı məğrur duruşuna baxdıqca, hələ də etdiyinə peşman olmadığını duyduqca anladım ki, insanlar ətdən, sümükdən, əzələdən ibarət olmazlar, sevgidən, nifrətdən, sevincdən, kədərdən ibarət olarlar.. Bu, 21 yaşlı nifrət Ruslan Səfixanovdur.

Ey adam, ölüb heçə dönən ətimiz, sümüyümüz, əzələmizdir! Özümüz olmayanda belə ünvanımıza edilən təbəssüm və nifrətlər dolaşacaq dünyada.. Onlar ölməyəcək!

Amma dərin bir kədərlə demək istəyirəm ki, Turan Rüstəmov hafizəmizdə gözəl gülüşü ilə əbədi qalib olsa da, dünyamız daha bir təbəssümdən məhrum oldu.

Daha bir nifrət təbəssüm üzərində vəhşiliklə “zəfər” çaldı..

Daha bir təbəssüm xatirəyə döndü, daha bir nifrət qatilə..

Özünüzü qoruyun!

# 1663 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #