Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?

Özündən 6 yaş kiçik qaraçı ilə evləndi, ərindən sonra 2 ay yaşaya bildi – Azərbaycanlı aktrisa Bakıya niyə gəlmirdi?
31 avqust 2023
# 21:00

Bu gün Xalq artisti Tamilla Ağamirovanın anım günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atası Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib.

***

Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən yan keçmir. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edirlər. Xoşbəxtlikdən aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürür. Suqra xanım “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra karyera qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayır. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək olur. Nəhayət, 18 yaşlı Tamilla Bakı Teatr Məktəbinə daxil olur.

***

Təhsilini başa vurduqdan sonra Moskvaya gedir. Və elə ilk imtahandan münsiflər heyətinin diqqətini cəlb edir. O, birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur.

1952-ci ildə Sverdlovsk şəhərində Tamella Ağamirovanın taleyi dəyişir. Belə ki, o, dünyada yeganə qaraçı teatrı sayılan “Romen” teatr truppasının üzvü Lyalya Çernaya ilə rastlaşır. Uzun illər “Romen” teatrında çalışan Çernaya Tamillanı teatra işə dəvət edir. O, dərhal Çernayanın “Romen” teatrında işləmək barədə təklifini qəbul edir.

24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların “Romen” Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Stalin mükafatına namizəd göstərilir.

***

Teatr karyerası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. O, ilk dəfə 1957-ci ildə rejissor Qriqori Kozintsevin “Don Kixot” romanı əsasında ekranlaşdırdığı eyni adlı filmdə cazibədar qrafinya İltisidora obrazını canlandırır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.

Ağamirova cəmi 12 filmə çəkilib. Uğurlarından sonra azərbaycanlı kinematoqrafçılar da aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. O, xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir.

Azərbaycanda ilk dəfə 1958-ci ildə “Onun böyük ürəyi” filminə çəkilir.

***
“Onun böyük ürəyi”dən sonra "Əsl dost", "Koroğlu", "Matteo Falkone", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" filmlərinə çəkilir.

***

1960-cı ildə 32 yaşlı Tamilla Ağamirova özündən altı yaş kiçik olan SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə həyatı qurur:
“Açığı, uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ildə gəlmişdi. Məndən dərhal sonra. Tamilla füsunkar qadın idi. Bir sözlə, azərbaycanlı idi. Onun valideynləri müsəlman olsa da, razılığa gəldik. Bəlkə də, onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki, birdən qızı oğurlayaram. Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə imkanımız yox idi, teatrdan qəpik-quruş qazanırdıq. Otağımızı təmir etməyə pulumuz olmasa da, aramızda sevgi var idi”.

Bu evlilikdən onların 3 övladı - Mixail və Pyotr, qızları Tamilla dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötükcə bəxş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Onların qızları Tamilla da valideynləri kimi “Romen” teatrında aktrisa kimi çalışır.

Doğma vətəni – Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illər Bakını ziyarət edə bilməyib, ancaq valideynlərinin dəfn olunduğu bu şəhəri həmişə müqəddəs hesab edib.

***

Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb, orden və mükafatlarla təltif olunub.
O, 1 sentyabr 2021-ci ildə Moskvada vəfat edib.

***
Qeyd edək ki, Tamillanın həyat yoldaşı, məşhur rejissor Sliçenko 2021-ci il ilin 2 iyulunda vəfat edib. Ağamirova sevimli ərindən sonra cəmi 60 gün yaşayıb...

# 4190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #