Övladına dini ad qoyan valideynlər - Necə oldu ki, bir neçə ilin içində hamımız din aşiqinə çevrildik?

Övladına dini ad qoyan  valideynlər - Necə oldu ki, bir neçə ilin içində hamımız din aşiqinə çevrildik?
12 yanvar 2024
# 10:40

Bu gün Əməkdar jurnalist Yusif Rzayevin doğum günüdür.

Kulis.az bu münasibətlə Yusif Rzayevi təbrik edir və onun "Mənim adım Yusifdi..." məqaləsini təqdim edir.


Müjdə jurnalist dostumdan gəldi. Zəng eləmişdi:
– Xəbərin var, bu il Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub? Zarafat-zad eləmirəm, məlumatı Ədliyyə Nazirliyi yayıb, oğlan adlarında
“Yusif” birincidi.
Özümü o yerə qoymadım:
– İnanıram, zarafat niyə, yəqin mənə görədi. Görürsən də, xalq məni necə sevir...

***

Bir neçə saat sonra xəbər saytlarında bu məlumatla təzədən rastlaşmasaydım, yəqin “dost zarafatıdı” deyib keçəcəkdim. Amma o xəbəri və yazılan şərhləri oxuyandan sonra gördüm ki, yox, dostum, bu iş heç zarafatlıq deyil. Xəbəri yayan sayt haqlı olaraq diqqəti bir məqama yönəldirdi – son ilin ən populyar həm qız, həm də oğlan adları içində dindən gəlmə adlar daha çoxdu: ən populyar oğlan adları – Yusif, Əli, Hüseyn, Məhəmməd, İbrahim, qız adları – Zəhra, Fatimə, Zeynəb, Xədicə...


Sözümü qəribliyə salmayın, tarixən bizdə ad məsələsinin kulta çevrildiyini, Dədə Qorquddan üzü bəri dünyaya gələn uşaqlara adqoyma mərasimlərinin az qala ritual səviyyəsinə qalxdığını, qoyulan adların həm də dövrün, həyat tərzinin inikası olduğunu da nəzərə alsaq, dini adlara meylin belə kəskin artmasının çox ciddi səbəblərə söykəndiyi aydınlaşar. Uzağa getməyək, sovet hakimiyyəti zamanında yazılan kitablara, Azərbaycan sovet yazıçılarının əsərlərinə baxsaq, o dövrün reallıqlarından yaranan və hətta müəyyən zaman kəsimində yaşam hüququ da qazanan xeyli qəribə adla rastlaşarıq: Qurultay, Traktor, Sosializm, Rəhbər, Marks, Engels, hətta Şaumyan.


Bu adları bizim xələflərimiz öz övladlarına qoyublar. Özü də, kim nə deyir-desin, mən rejimin bu məsələyə müdaxiləsinə qətiyyən inanmıram, belə adları öz övladlarına qoyan valideynlər yəqin tam səmimi olublar, şüurlu, ya şüursuz, sovet hökumətinə güvəniblər, onu seviblər, bu adların övladlarına uğur gətirəcəyinə ürəkdən inanıblar.


Bizdə ailəyə uzun illərin təcrübəsinə dayanan qəribə bir ortodoksal münasibət var: bu mənim həyətim, bu mənim hasarım, bu qapım, bu da divarım – o hasardan, o qapıdan bu yana nə varsa, mənim məhrəmimdi, o hasardan, o qapıdan o yana nə baş verir-versin, istəyir dünyanın altı üstünə çevrilsin, təki mənim olanın üstünə toz qonmasın (Neçə ildi başımıza gələn, daha doğrusu, bu məmləkətin başına gələn müsibətlərin bir səbəbi də elə o feodal düşüncə tərzi ilə bağlıdı. Amma bu tam başqa bir söhbətin mövzusu olduğundan icazənizlə mən “kəndimə” qayıdım). Ona görə də lap sovetin qılıncının dalı-qabağı kəsən vaxtda da hansısa rejim xidmətçisinin, istəsəydi belə, kimisə öz övladına bu cür qəliz ad qoymağa məcbur edə biləcəyinə inanmıram. Eynən həmin sevgiylə, sovet hökuməti dağılan ərəfədə kökə, keçmişə qayıdış yanğısı ilə valideynlər öz övladlarına sevə-sevə türk adları qoymağa başladılar.

O illər çox da uzaq keçmiş deyil – bu gün yaşı 20-25 arasında olan ölkə vətəndaşlarının yəqin ki, böyük əksəriyyəti həmin o oyanış illərinin şirinliyini öz adlarında hər gün yaşayırlar.
Bəs nə baş verdi, necə oldu ki, bir neçə ilin içində hamımız din aşiqinə çevrildik və bu sevgimizi balalarımızın adında da göstərmək istədik? Allah eşqinə, bircə deməyin ki, indi də üzümüzü Rəbbimizə tuturuq, dinimizə qayıdırıq. Bu xalq əslində heç vaxt Rəbbini, dinini unutmayıb. Heç o boyda kommunist diktaturasının buna gücü yetməmişdi. Öz gördüyümü deyirəm, mənim nənəm sovet rejiminin guruldayan vaxtlarında bir gün də ibadətindən qalmırdı – namazını da qılırdı, orucunu da tuturdu, məscidə də gedirdi. Hə, elə adımı da nənəm qoymuşdu – sonralar mənə ad qoyanda “Quran”a baxmasından, Allaha dua edib mənə – gözünün ilki nəvəsinə necə xoşbəxtlik arzulamasından danışacaqdı...


Mənim fikrimi soruşsalar, Allahla arama üçüncü birinin girməsini istəməyənlərdənəm, mənə Allahla ünsiyyət üçün bələdçi lazım deyil. Allah təkdi və bəndəni də O yaradıbsa, mən niyə həmin bəndələrdən birinin araya girməsinə razı olmalıyam? Bununla belə, Tanrıyla ünsiyyətində vasitəçiyə ehtiyac duyanların hisslərinə də sayğıyla yanaşıram. Bir şərtlə ki, bu münasibətlər qorxu və xof yox, sevgi və səmimiyyət üzərində qurulsun. Əks halda, ortaya cəhalət və fanatizm çıxır. Qorxulusu da elə budu.


Əslinə qalsa, heç ad məsələsi də o qədər önəmli deyil. Önəmlisi bu gün övladına dini ad qoyan ata-ananın nə düşünməsidi. Əgər övladına dindən gəlmə ad qoyan valideyn bununla həm də ölkənin gələcəyinə səs verirsə, ölkənin gələcəyini dünya dövləti kimi yox, zülmətə və çadraya bürünmüş görmək istədiyini deyirsə, bu pisdi, həm də çox pisdi. Yoxsa ki, adın nə dəxli var, əsas o körpənin hansı mühitdə, hansı cəmiyyətdə, necə böyüməsidi.
Son illər cəmiyyətdə dini fanatizm, missionerlərin cənginə keçib mövhumata yuvarlanmaq tendensiyası əməlli-başlı güclənib. Baş verən hər şeyin bir adı var – hadisə. Bu da hadisədi və bu hadisənin tək adı – TƏNƏZZÜLdü. Təxminən 150 il öncə – XIX əsrin ortalarında bu millətin böyük oğlu Mirzə Fətəli Axundov bütün varlığı ilə cəhalətə qarşı vuruşur, üzümüzü Avropaya çevirmək üçün dəridən-qabıqdan çıxırdı. Əgər 150 il sonra – bu gün millətin cavan, cüssəli, pələng kimi oğulları üzümüzü təzədən zülmətə, qaranlığa çevirmək yanğısıyla cəhalət girdabında çapalayırsa, bunun başqa nə adı ola bilər ki?

Hara baxırsan onları görürsən – şəhərdə, küçədə, dükan-bazarda, ictimai nəqliyyatda, hər yerdə onlardı: özü də vay odu onların küfr saydığı bir kəlmə çıxa dilindən, adama elə qəzəblə, kin-küdurətlə baxarlar ki... Nəbadə, çadrasız, dəblə geyinmiş bir qız gözə dəysin, əlacları olsa, dar ağacından asarlar. Niyə axı, vətən oğlu? Nəyə görə?..
Kim nə fikirləşir özü bilər, mən bütün inqilabların əleyhinəyəm. İnqilab dağıtmaq deməkdi, qan tökmək deməkdi. Amma inqilab nə qədər təhlükəlidisə, inqilab üçün münbit olan cəmiyyət də bir o qədər qüsurludu. Belə cəmiyyətə güvənmək mümkün deyil, ən azı ona görə ki, orada bir anın içində düşüncəsinə görə bir insanın kürəyinə bıçaq saplamağa hazır qatil yetişə bilir: bu rol bəzən onun ürəyindən olmayanda da, hansısa güc və ən əsası öhdəsindən gələ bilmədiyi hansısa ehtiyac onu buna məcbur edir.


Bəsdi belə hadisələrdən danışanda prokuror qiyafəsində dil-dil ötdük, bir az da müttəhim olsaq, dünya dağılmaz. Millətin gül kimi övladlarını bu vəziyyətə salan toplum necə formalaşdı, axı? Hər necə formalaşdısa, gözümüzün qabağında və hər birimizin iştirakı ilə formalaşdı bu mühit! Heç kəs yaxasını kənara çəkməsin, bu ab-havanın yaranmasına görə hamımızın günahı var – birinin az, birinin çox, amma var! Dövlət adamı, məmur öz ranqında günahkardı, partiyaçı, ictimai xadim, qəzetçi, jurnalist, yazar öz miqyasında məsuldu, başqa vətəndaş da heç məsum deyil. Hamımız Allahın adından, onun mandatıyla danışırıq, heç şeytanın, iblisin adından danışan görmədik.


Kimdi Allah adamı? Xəstəsindən bir qəpik rüşvət götürməyən, yeri gələndə imkansız pasiyentinin dava-dərmanını cibinin pulu ilə alan həkim, qələm və söz adamı Rafiq Tağı, yoxsa hüzr mərasimlərində Allah kəlamı oxuduğuna görə iki ayağını bir başmağa dirəyib ölü yiyəsinə haqq oxuyan, bir qara qəpiyindən də keçməyin ağzıdualı molla? Bilirəm, vicdanlı cavab Rafiq Tağı olacaq. Amma nooldu? Həmin Allah və qələm adamını günün günortasında üzünü Avropaya tutan məmləkətin baş şəhərində bir cahil qanına qəltan elədi, başqa bir cahil də utanıb-qızarmadan bu qətlə haqq qazandırdı.
Bəs o Allah adamının kürəyinə o bıçağı saplayan kim idi? Kim olacaq, qanı qanımızdan, canı canımızdan olan özümüzünkü (detektivlik eləmək istəmirəm, hər halda cəmiyyətdə formalaşan ilkin rəy budu ki, qətl Rafiq Tağının dini mövzularda yazdığı yazılarla bağlıdı və bu mənada çox güman ki, qatil də mövhumatçı bir vətən övladıdı). O da bu torpaqda böyüyüb, o da bu torpağın suyunu içib, bu torpağın çörəyini yeyib, ən əsası və ən ağrılısı da odu ki, bu toplumun yetişdirməsidi. O da nə vaxtsa gül kimi, saf olub. Sonra bu toplum gül kimi uşaqdan qatil düzəldib.


Bu yerdə ötən əsrin birinci yarısının məşhur mafiya adamlarından olan El Kaponenin uşaqlıq illəri ilə bağlı nə vaxtsa oxuduğum bir xatirəsi yadıma düşdü. El Kapone – balaca Alfons ötən əsrin əvvəllərində ehtiyac ucbatından Amerikaya mühacirət edən yüzlərlə italyan ailəsindən birinin övladı olub və erkən yaşlarından ehtiyac onu özünə çörək qazanmağa vadar edib. Balaca Alfonsun çox məhrumiyyətlə üzləşdiyini xatırlayan Al Kapone deyir: “Hər gün Tanrıya yalvarırdım ki, mənə bir dənə velosiped yetirsin. Bir müddət beləcə yalvardım, amma faydası olmadı. Fikirləşdim ki, mən tanrımla münasibətlərimi düz qurmamışam. Sonra gedib bir velosiped oğurladım və o gündən başladım tanrıma dua eləməyə ki, mənim günahımdan keçsin”. Beləcə, tanrısı ilə münasibətlərinə yenidən baxan balaca Alfons addım-addım, gün-gün mafioza çevrilib Al Kapone oldu...


İnsan məhrumiyyətlə üzləşəndə, ədalətsizliklə qarşılaşanda, sivil yolla haqqını müdafiə edə bilməyəndə ən qəddar üsullara əl ata bilər. Hədər yerə deməyiblər, hər kəs öz cəmiyyətinin məhsuludu. Uzağa getməyək, bu yaxınlarda Liviyada xalq az qala yarım əsr başının ağası olan bir adamla necə davrandı? Şəksiz ki, insanlığa yaraşmayan bu davranışı təqdir eləmək mümkünsüzdü. Amma o cəmiyyəti kim yaratmışdı bəs? 42 il – ölkə əhalisinin azından yarısı sənin hakimiyyətdə olduğun bu illərdə dünyaya gəlmişdi, sənin yaratdığın mühitdə tərbiyə almışdı. Səninlə belə amansız və qəddar davrandıqları üçün o insanlar nə qədər haqsızdılarsa, bu toplumu yaratdığına görə sən də bir o qədər suç sahibisən.


Bizim cəmiyyət də bizim məhsulumuzdu – əgər bu gün bu cəmiyyətdə yetişən adamlar belə asanlıqla din örtüyünə bürünən saxtakarların hiylə və məkrinin qurbanına çevrilirsə, demək, hamılıqla səhv yol tutmuşuq. Və bu müşküldən çıxmağa çalışmaq hamımızın, hər birimizin borcudu...

***

...Min illər öncə uzaq Kənan ölkəsində böyük qardaşlar yığışıb sonbeşiklərini bir quyuya sallayıb kəndirini kəsirlər. Ay parçası kimi yeniyetmə dərin quyunun dibində ümidini itirmir, inanır – inanır ki, bir gün mütləq bu zülmətdən qurtulacaq. Doğrudan da, qurtulur və illər sonra Misiri böyük fəlakətlərdən xilas eləyir.
Mən də inanıram – inanıram ki, başımızın üstündə nə qədər qara buludlar dolaşsa da, bir gün, əlbəttə, dağılacaq.
Siz də inanın!
Biz bu quyunun dibindən çıxacağıq.
Dedim axı, mənim adım Yusifdi...

# 2271 dəfə oxunub

Müəllifin son yazıları

# # #