Azərbaycan Özbəkistanda keçirilən IV Beynəlxalq Baxşı Festivalının Qran-pri mükafatını qazanıb.
Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Özbəkistanın Xivə şəhərində keçirilən IV Beynəlxalq Baxşı Festivalında Azərbaycanı Mədəniyyət və İncəsənət Universiteti Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli (saz), Pərviz Mirzəyev (balaban), Asim Quliyev (nağara) və Abuzər Şöyübovdan (qoşanağara) ibarət "Şirvan" sazçı folklor qrupu təmsil edib.
Çıxışına ustadnamə ilə başlayan musiqi qrupu dörd aşıq havasını kompozisiya şəklində təqdim edib.
Beynəlxalq münsiflər heyətində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva (Aşıq Samirə) da yer alıb.
Qeyd edək ki, 40-dan çox ölkədən ifaçıların qatıldığı festival Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə gerçəkləşib.