Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza

Sən günahkar deyilsən, Zeynəb – Yeni İmza
16 oktyabr 2019
# 16:30

Kulis.az “Yeni İmza” layihəsindən Sara İbrahimin “Sən günahkar deyilsən, Zeynəb” hekayəsini təqdim edir.

O gecə səhərədək yağdı.

Yağış yağanda kəndimizin torpaq yolları keçilməz bataqlığı xatırladırdı. Xüsusilə, məktəbə getdiyimiz şumlanmış taxıl sahəsini iki yerə bölən enli cığırla löhməni yara-yara ağır çantayla getmək əzablıydı.

Geyindiyimiz uzun, rezin çəkmələr də işə yaramırdı. Ayağını cığırın palçığı nisbətən bərk olan yerlərinə qoyub keçməyə çalışsan da saqqız kimi palçıq rezin çəkmələrimizi də az qala çəkib ayağımızdan çıxarırdı. Belimizdəki ağır çantayla löhməylə çarpışaraq özümüzü ilk dərsə güclə çatdırırdıq. Belə vaxtlarda həmişə köməyimə Mehrac çatırdı. Ağır çantamı məndən alıb bir çiyninə özününkünü, o birinə mənimkini keçirirdi. Bəzən palçığa batıb ondan geri qalırdım. Mehrac geri qayıdıb əlimdən yapışanda ayağım palçığın əsarətindən qurtarırdı.

Mehracla uşaqlığımız bir yerdə keçmişdi. Anası Firuzə xala mehriban, şirindil adamıydı. Mehracdan yaşda çox böyük bir oğlu da vardı. O, məktəbi çoxdan bitirmişdi. Bakıda ali təhsil alırdı. Firuzə xala məni Mehracla bir yerdə görəndə həmişə:

- Mehrac özünə bacı tapıb, Zeynəbdən yaxşı kim ona bacılıq edəcək? - deyirdi.

O, bizə gələndə anam ikimizə də iş tapıb bizi buyururdu. Doğranmış odunları çardağın altına yığır, bulaqdan su daşıtdırırdı. Yayda balaca vedrələri əlimizə verib bizi böyürtkən yığmağa göndərirdi. Evimizin arxasından keçən arxların kənarında bitən böyürtkən kollarının tikanları əllərimizi qanatsa da vedrələrimizi doldurmamış qayıtmırdıq.

Mehrac üzüyola uşağıydı; bəzən bundan istifadə edirdim. Tənbəlliyim tutanda kitablarımı üzlədirdim, kitabxanadan götürdüyüm kitabları qaytarmaq vaxtı çatanda qoltuğuna verib onunla göndərirdim. Riyaziyyatdan tapşırıqları məndən köçürdüyünə görə lap qolubağlı qul kimi qulluğumda dururdu.

Mehrac başqa fənnləri yaxşı oxusa da, riyaziyyatdan geri qalırdı. Ev tapşırıqlarını çox vaxt mənimlə bir yerdə hazırlamağa gəlirdi. Mənim həll etdiyim tapşırıqları səliqəylə dəftərinə köçürürdü. Riyaziyyat müəllimimizin qorxusundan köçürtdüklərini öyrənib əzbərləməyə çalışırdı. Çox kobud, qaba xasiyyətli biri olan Fərman müəllim ev tapşırıqlarımızı yoxlayanda kimdənsə köçürüb-köçürmədiyimizi yoxlamaq üçün suallar verirdi: “bunu necə həll etdin, bu düsturu çıx lövhəyə yaz görüm”

Fərman müəllimdən hamımız qorxurduq. İri, tüklü ayı pəncəsinə oxşayan əllərinin sinfimizdə qulağına dəymədiyi uşaq yox idi. O, lövhənin qarşısına dərs danışmağa çağırdığı uşaqdan istədiyi cavabı ala bilməyəndə üzü dönürdü.

Hündür boylu, arıq adam idi. Ağır, sığallı saçları alnına tökülən Fərman müəllim güləndə, danışanda yandakı iki qızıl dişi parıldayırdı. Onun iyirmi səkkiz-otuz yaşı ancaq olardı. Bizim məktəbə təyinatla başqa rayondan gəlmişdi. Kobudluğuna, bir az da şitliyinə görə kənddə çox adamın ondan xoşu gəlmirdi.

Biz altıncı sinifə keçəndə bizim sinifi ona verdilər. Gözümüzün odunu elə ilk gündən almışdı. Qulağımı əlinə verməmək üçün onun fənnini o birilərdən daha çox oxuyurdum. Bir az güclü külək əsən kimi kənddə işıq sönürdü. Lampamız bir dənəydi deyə hamı onun başına yığışırdı. Evdəkilər yatandan sonra lampa işığında tapşırıqlarımı hazırlamamış yatmırdım.

Fərman müəllim dərsə hazırlıqsız gələn uşaqları lövhənin qarşısına çağırıb sıraya düzürdü. Bir-bir onlara yaxınlaşıb qulaqlarını çəkirdi. Qulaq çəkməyi də özünəməxsus şəkildə edirdi: “ sənin qulağın çox bərkiyib, yumşaltmaq lazımdır” deyib əvvəlcə əlində yavaş-yavaş ovuşdurub getdikcə sağa-sola möhkəm bururdu. O vaxta qədər ki, qulağı çəkilən “ müqəssir” in yanaqlarından üzüaşağı yaş süzülürdü.

Onun cəzalandırmağı bunula bitmirdi: ikinci” üsul”u şapalağıydı. Yekə əllərinin izi sillələdiyi uşağın üzündə bir-iki saat xəcalət pərdəsi kimi qızarıb durudu.

Mehrac məktəbə gedəndə səhər tezdən qapımızı kəsdirirdi. Anam onu evə çağırsa da içəri keçmirdi; qapının ağzında dayanıb mənim nə vaxt yeməyimi bitirib paltarımı dəyişib eşiyə çıxacağımı gözləyirdi. Məktəbə mənsiz getməyəcəyini bildiyimdən tələsmirdim. Özüm darayıb yığdığım saçlarım xoşuma gəlməyəndə anama açdırıb təzədən sünbül hördürürdüm. Hərdən midilənib Mehracı qapıda gözlətməyim anamı hirsləndirirdi: qolumdan çimdik götürüb məni danlayırdı:

- Tısbağa kim tərpənirsən, bir az cəld ol da, yazıq soyuqda qapıda qalıb.

Həmin gün Fərman müəllim Mehracla ikimizi də eyni vaxtda lövhəyə çağırdı. Lövhəyə onun diqtəsiylə şərtlərini yazdığımız məsələni həll etməyi tapşırıb iki cərgə düzülmüş skamyaların axırıncısının yanında dayanıb yazıb qurtarmağımızı gözlədi. Təbaşiri götürüb həllini bildiyim məsələni yazmağa başladım. Mehrac gözünü qara rəngli lövhəyə ağappaq təbaşirlə yazdığı məsələyə zilləyib durmuşdu. Nəhayət, fikirləşə-fikirləşə, ağır-ağır yazmağa başladı. Özünə inamsız olduğu hiss olunurdu. Bir az duruxub fikirləşir, sonra yazmağa davam edirdi.

Fərman müəllim lövhəyə yaxınlaşıb mənim yazıb bitirdiyim tapşırığa baxdı:

- Afərin, Zeynəb, düz yazmısan. Keç otur,”beş” alırsan.

Mehracın yenicə yazıb qurtardığı məsələyə baxıb üz-gözünü turşutdu. Alnına düşən saçlarını geri sığallayıb:

- Zaysan, zay! Bu boyda boy-buxunun var, bir misqal ağılın yoxdu. Allah sənə bu boyu, bu görkəmi verincə azca ağıl versəydi nə yaxşı olardı, - deyə onu danlamağa başladı. Amma bu dəfə qulağıyla işi olmadı, nə də vəl tayına oxşayan əllərini havaya qaldırmadı.

Sinif otağının qapısıyla müəllim stolunun arasında var-gəl edib mənim oturduğum skamyaya yaxınlaşdı.

- Zeynəb, dur ayağa, get, Mehracın da məsələsini həll et, - deyə heç gözləmədiyim halda mənə müraciət etdi. Yerimdən qalxıb yenidən lövhənin qarşısına keçdim. Mehrac pərt-pərt gözlərini döşəməyə zilləmişdi. Mən təbaşiri almaq üçün əlimi ona uzadanda qıpqırmızı pörtdü. Üzümə baxmadan yazmaq üçün qalan yeganə təbaşiri mənə uzatdı. İnsafən, Mehracın bəxtinə düşən tapşırıq mənimkinə nisbətən daha mürəkkəb idi. Ona görə bu, əlbəttə çox çətin idi; bundan çox asan olanları güclə həll edə bilirdi. Mehracın tapşırığını da həll edib müəllimin üzünə baxdım. Mehraca yazığım gəlirdi: bu anda onun yerində olmaq istəməzdim. Fərman müəllim onu cəzalandırmamışdı, amma çox pərt, pisikmiş görünürdü.

Gözləyirdim ki, Fərman müəllim məni yerimə göndərib yenə Mehracı danlayacaq. Amma belə olmadı. O, əllərini qoynunda çataqlayıb nəsə düşünürdü: gah mənə, gah da Mehraca baxırdı. Birdən qollarını sinəsindən götürüb sağ əlini mənə uzadıb gözünü qıydı. Yeni bir şey kəşf eləmiş adamlar kimi nəşəylə:

- Zeynəb, bu gün Mehracın cəzasını mən verməyəcəm: iki məsələni həll etdiyinə görə onu sən cəzalandıracaqsan.

Mehracla ikimiz də təəccüblə ona baxdıq. Sinifdəki iyirimi səkkiz uşaq nəfəsini çəkib Fərman müəllimə, lövhənin qabağında çaş-baş qalmış Mehracla mənə baxırdı.

Fərman müəllim şəhadət barmağını Mehraca tuşladı:

- Qızın oğlanı döyməyi ağırdır, bunu heç vaxt yadından çıxarmayacaqsan. Bəlkə bundan nəticə çıxara bildin. Mənə tərəf döndü, deyəcəyi sözlərdən ləzzət ala-ala:

- Zeynəb, Mehraca üzünə yağlı bir şillə çək: elə vur ki, səsi koridorun o biri başına kimi gedib çatsın.

Heyrətlə müəllimə baxdım: bunu eşidəcəyimi heç ağlıma da gətirməzdim. Duruxub Mehraca baxdım: rəngi bayaq yazdığı təbaşir kimi ağarmışdı. Onu vurmağı ağlımdan da keçirmirdim. Müəllimin zarafat etdiyini düşünüb indicə mənə yerimə keçib oturmağa icazə verəcəyini gözləyirdim. Fərman müəllim asanlıqla əl çəkənə oxşamırdı. Mənim duruxub qaldığımı, qızarıb-bozardığımı görəndə şit-şit irişib mənə yaxınlaşdı. Əllərini belinə qoyub xoruz döyüşdürən adamlar kimi ikimizi də sınayıcı nəzərlə süzdü. Üzündəki şit gülüşü ciddi, zəhmli ifadə əvəz elədi. Hiss olunurdu ki bunu qəsdən edir.

- Hə, Zeynəb, nə durmusan, başla görək, - gözlərimi dolandırıb Mehracın avazımış bənizinə, sonra təkidlə mənim hərəkətə keçməyimi gözləyən müəllimə baxdım. Udqunub yavaşdan:

- Xeyr, müəllim, onu vura bilmərəm, - dedim. Fərman müəllim səsini ucaltdı:

- Necə yəni vura bilmərəm, bunu sənə mən deyirəm. Özün bil, Mehracı cəzalandırmaqdan boyun qaçırsan, özün cəzalanacaqsan, - sualedici nəzərlərlə azğınlaşmış müəllimə baxdım, - sənə yazdığım “beş” i “iki”ylə əvəz edəcəm.

Rahat nəfəs aldım: cəhənnəmə ki, olsun. Bir dənə “iki”ylə heç nə olmaz. O, ürəyimdən keçənləri hiss edirmiş kimi:

- Həm də Mehraca vurmadığın şilləyə görə o balaca qulaqlarını bir az yumşaltmalı olacağam, - dedi.

İndi üz-gözündən zəhrimar yağan müəllimə qorxaq bir nəzər saldım. Yox, o zarafat edənə oxşamırdı. Qulaqlarım mis kimi qızarıb yandı, ən qorxduğum şey bir gün mənim də qulağımın onun əlinə keçməsiydi. Bu qədər uşaqların içində qulağımın çəkilməsini heç vaxt özümə sığışdırmamışdım. Həm də qulağı çəkilənlərin üzlərinin necə əzablı ifadə aldığını görmüşdüm.

Bütün sinif nəfəsini içinə çəkib işin sonunun nəylə bitəcəyini gözləyirdi.

Mehraca tərəf baxmırdım, bayaqdan gözüm müəllimdəydi. Mehracın başı lap sinəsinə əyilmişdi. Fərman müəllim baş barmağıyla şəhadət barmağını bir-birinə sürtərək mənə yaxınlaşırdı. Əlini yuxarı qaldırıb qulağıma uzadanda qəfil açılan şillə səsindən özüm də diksindim. Kimin kimi vurduğunu anlaya bilmirdim. Qulaqlarım uğuldayır, başım gicəllənirdi. Üzüm od tutub yanırdı. Mehraca baxdım: üzündə beş barmağın izi görünürdü. Onun gözləri yaşla dolmuşdu, gözlərində heç bir sözlə təsvir olunmayacaq ifadə vardı: xəcalət, nifrət, təəssüf dolu gözləriylə mənə baxırdı. Bəlkə də belə deyildi: o dəqiqələrdə mənə belə gəlirdi. Sağ əlimin içinin ağrıdığını hiss etdim. Onu qorxudan yaranan instinktlə necə vurduğumdan heç xəbərim olmamışdı. Əlimin gizildəməyindən onu möhkəm vurduğumu başa düşdüm.

O gündən sonra Mehracla bir-birimizdən qaçmağa başladıq. Daha bizə gəlmirdi. Dərsə həmişə hazırlıqlı gəlirdi. Kimdən köçürdüyünü bilmirdim. Ona həmin gün vurduğum şillə Mehracla bizim aramıza divar çəkmişdi. Biz heç vaxt o divarı keçib bir də əvvəlki kimi dost ola bilmədik.

Fərman müəllimi o hadisədən heç altı ay keçməmiş naqis bir hərəkətinə görə məktəbdən qovdular.

Orta məktəbi bitirdik. Mən şəhərə oxumağa, Mehrac əsgərliyə getdi. Sonralar eşitdim ki, əsgərlik müddəti bitəndən sonra geri qayıtmayıb: sərhəd rayonlarının birində xidmətini davam edib tankçı kimi püxtələşmişdi. Onun sorağı sonralar döyüş bölgələrindən gəlməyə başladı. Döyüşlərin birində tankıyla minaya düşüb ağır yaralanmışdı; təsadüf nəticəsində sağ qaldığını deyirdilər.

Mehracla illər sonra kənddə, mənim nişanlandığım ərəfədə rastlaşdıq. Həyət qapısının qarşısında onunla üz - üzə gəldik. Çox dəyişmişdi: qoltuq ağacına söykənmişdi, üzünün bir tərəfində yanıq izləri görünürdü. Üz- üzə gələcəyimizi heç birimiz gözləmirdik. İkimiz də karıxıb qalmışdıq. Onun üzünə baxa bilmirdim. Qeyri-ixtiyari əlimi paltarımın cibində ondan gizləməyə çalışdım. Məndən əvvəl o dilləndi:

- Xoş gördük, Zeynəb.

Məni danışdırdığına sevinib üzünə baxdım: gözləri kədərli olsa da, gülümsəyirdi.

- Bilirsən...mən o vaxt ...istəmirdim... - nəsə deməyə çalışdım. O, sözümü axıradək deməyə imkan vermədi:

- Bilirəm, kim olsaydı sənin kimi edərdi. Sən özünü günahkar hesab etməli deyilsən, Zeynəb. Həm də bacının qardaşı vurmağa ixtiyarı çatır, - dedi.

İrəli yeriyib boynunu qucaqladım. Dodaqlarımı bir vaxt əlimin izi düşən, xəcalətdən baxa bilmədiyim, indi yanıq yeri qalan üzünə toxundurdum. Dodaqlarımda duzlu, turş dad hiss etdim və bu şor, turş dadı uzun müddət unuda bilmədim.

# 4384 dəfə oxunub

Müəllifin son yazıları

# # #