Oğurluqda günahlandırıldı, cinayətkarın qaçmasına mane oldu, həyatdakı ən əziz insanını itirdi - Aktyorumuzun film kimi həyatı 

Oğurluqda günahlandırıldı, cinayətkarın qaçmasına mane oldu, həyatdakı ən əziz insanını itirdi - Aktyorumuzun film kimi həyatı 
26 sentyabr 2022
# 21:00

Bu gün Xalq artisti Ramiz Məmmədovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Məmmədov Ramiz Soltanəli oğlu Ramiz Məmmədov 1956-cı ildə Dağlı məhləsində anadan olub. 161 nömrəli məktəbdə oxuyub. Bir müddət sonra yeni açılan 20 nömrəli təzə məktəbə gedib. Olduqca nadinc amma yaxşı oxuyan şagird olub. Şəkli beş il şərəf löhvəsinə vurulub. Birinci-dördüncü siniflərdə kamança dərnəyinə, daha sonra təyyarə düzəldilən dərnəyə gedib. Kamançada çox yaxşı ifa etdiyindən Cahangir Məmmədovun dram dərnəyinə getməyə başlayır.

***

Burada o Fuad Poladovun, Pərviz Bağırovun məşqlərinə baxır və özü də bilmədən aktyorluq sənətinə vurulur. Kamança dərnəyini gedişlərini yarıda saxlayıb, 6-cı sinifdən etibarən “Yuri Qaqarin” adına dram dərnəyinə getməyə başlayır.

1966-cı ildə Rəhbəri Nizami Əbülfəzoğlu olan İnşaatçılar Mədəniyyət Evinə, daha sonra 4-5 aylıq Ağadadaş Qurbanovun “Damğa” Xalq Teatrında dərnəyə ən sonda isə “26-lar” klubunda fəaliyyət göstərən Lütfi Məmmədbəyovun Xalq teatrı adlanan dərnəyinə gedir.

***

Orta məktəbi bitirəndən sonra Qazaxıstana hərbi xidmətə yola düşür. Burada onun xidmət etdiyi hərbi hissə Daxili İşlər Nazirliyinin nəzdində diviziya olur. Orada dustaqları mühafizə edir, onları qatarla bir şəhərdən digər şəhərə aparır. Aktyorun sözlərinə görə bütün əsgərliyi demək olar ki, təkər üstündə, yollarda keçir.

***

Bir dəfə isə dustaqlarıdan birinin qaçmaq cəhdinin qarşısını aldığı üçün ona 10 günlük məzuniyyət verirlər. O, isə evlərinə gəlmir, elə Qazaxstnada qalır. Aktyor bu haqda müsahibələrinin birində deyir: “Evə gələndən sonra təzədən ayrılıq hisslərini yaşamaq istəmədim. Düşündüm ki, birdəfəlik xidmətimi edib qayıdaram. Çünki ordakı uşaqlar gedib gələndən sonra aylarla özlərinə gələ bilmirdilər. Orda çox insanlar gördüm, çox talelərlə tanış oldum. Həqiqi cinayətkarlar da olub, heç nə üstündə şərlənib həbs yatanlar da.”

R.Məmmədov əsgərlikdən qayıdandan sonra 1973-cü ildə İncəsənət Universitetinə daxil olur. 1975-ci ildə rejissor Niyaz Şərifovun dəvəti ilə Musiqili Komediya Teatrına dəvət olunur. Lakin aktyor ştatında yer olmadığı üçün dörd il xorda işləməli olur. Aktyorun teatrdakı ilk rolu “Qaynana”da Nəsibə Zeynalova ilə Əli rolu olur.

***

O, "Qaynana", "Gurultulu məhəbbət", "Gözün aydın", "Boşanaq evlənərik", "O olmasın, bu olsun", "Bəbirlinin kələkləri" kimi tamaşalarda aparıcı rollar ifa edib. Aktyor bundan başqa "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar ifa edib.

Ramiz Məmmədov 1989-cü ildə 33 yaşında ailə həyatı qurub. Onun ailə qurduğu xanım işlədiyi teatrın mühasibat bölümündə işləyirmiş. Onlar elə teatrda tanış olub bir-birlərinə aşiq olurlar. Aktyor sevdiyi xanımla nişanlandıqdan sonra onu teatrdan işdən çıxarır. Özü də aktyor olduğundan xanımı ilə bir teatrda işləməyi düzgün hesab etmir. Onlar ailə qurandan sonra iki oğul övladları dünyaya gəlir.

***

Böyük oğlu hərbi sahəyə istiqamətlənir, kiçik oğlu Anar Məmmədov isə rejissorluq sənətini seçir. İncəsənət Universitetində Bəhram Osmanovun tələbəsi olur. Oranı bitirəndən sonra isə Kukla Teatrında rejissor kimi fəaliyyətə başlayır. Anar Məmmədov atası haqqında müsahibələrinin birində deyir: “Atamın sənətindən daha çox qardaşım təsirlənmişdi. Müəyyən mənada aktyorluq potensialı da vardı. O, çox istəyirdi ki, aktyor olsun. Atama bu haqda deyəndə atam dedi ki, əgər məndən yaxşı aktyor olacaqsansa, ol. Atamın bu sözlərindən sonra qardaşım özündə bu güvəni tapa bilmədi, hərbçi oldu. Amma mən, belə deyək də, özümə inandım.”

Aktyor sevdiyi xanımla 35 il birlikdə ömür sürür. 2018-ci ilin iyun ayında onun xanımı dünyasını dəyişir. Bu itki aktyorun həyatında ən ağır itkilərdən biri olur. O, xatirələrində bu haqda danışır: “Hər zaman deyirəm ki, insan ata-anadan yetim qalmır. Kişi həyat yoldaşından yetim qalır. O mənə həm ata, həm ana, həm qardaş idi. O mənim üçün hər şey idi. Çox gözəl övladlar tərbiyə edib. Ağıllı, savadlı iki oğul verib mənə. Dünyada bundan gözəl, bundan dəyərli mükafat nə ola bilər? Mənim həyatda ən böyük lotereyam qadınım idi. Hər zaman məni başa düşürdü, cəfakeş, zəhmətkeş qadın idi. Evimizin həm qulluqçusu, həm də xanımı idi. Onu həmişə əlimizin üstündə saxlamışıq. Həyatdır, gəlimli-gedimli dünyadır. Arzu edirdim ki, ondan əvvəl mən gedim, amma olmadı...”

***

Aktyorla bağlı çox maraqlı faktlardan biri də insanların onu qardaşı ilə səhv salmalarıdır. Belə ki, Ramiz Məmmədovun qardaşı iki dəfə ailə həyatı qurub. Aktyoru həmişə onunla səhv salanda o, bu məsələyə əsəbləşərmiş ki, axı mən bir dəfə evlənmişəm.

***

Ramiz Məmmədov Musiqili Komediya Teatrında yeganə aktyordur ki, heç vaxt oradakı işindən ayrılmayıb. Hətta təqaüdə çıxsa belə müqavilə ilə teatrdakı fəaliyyətinə davam edib.

Səyavuş Aslan Musiqili Komediya Teatrında işləyən zaman onun yeganə dublyoru Ramiz Məmmədov olub. Səyavuş Aslan Teatrdan gedəndən sonra onun rollarının hamısını isə Ramiz Məmmədov ifa edib. Teatrın böhranlı vəziyyətində belə ağır repertuar yükünü çiyinlərində daşımağı bacarıb.

***

Ramiz Məmmədov “Qızıl Dərviş”, “Zirvə” kimi mükafatlar qazanıb. 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə isə Xalq Artisti fəxri adına layiq görülüb.

***

Aktyor bir dəfə Xalq artisti Nəsibə Zeynalova həsr olunmuş tədbirdə olarkən etirazınızı bildirir. Onun sözlərinə görə Nəsibə xanım haqqında danışan adamlar onunla iki dəfə ünsiyyətdə belə olmayıblar. O, Müsahibələrinin birində bu hqada deyir: Böyük sənətkarlar haqqında dəxlisiz adamlar danışır. Onun haqqında xatirələrim çoxdur. Nəsibə xanımla bir dəfə Qusarda qastrol səfərində idik. Tamaşalardan parçalar oynayırdıq. Konsertə “Qaynana” tamaşasından başladıq. Bütün Qusar camaatı tamaşaya baxmağa gəlmişdi. O vaxt çıxışlar lentə yazılırdı. ent də o qədər işlənirdi ki, sürtülürdü. Deməli, mən çıxıb deyirəm “Salam bibi”. Ardınca da mahnı çalınır, oxumağa başlayırıq. “Salam bibi” dedim, fonoqram gəlmədi . Sən demə lent qırılıb, arxada onu bərpa edirlər. Özümü itirmədim, bu an ləzgi dilində Nəsibə xanıma “Mən səni sevirəm” dedim. Camaat gülməkdən uğunub getdi. O qədər əl çaldılar ki, Nəsibə xanım mənə tərəf çevrilib dedi: “Ədə, sən nə dedin ki, bunlar əl qatdılar bir-birinə”. Azərbayacan dilində izah elədim, xeyli güldük.”

Aktyorla bağlı qalmaqallı hadisələrdən biri 2017-ci ildə yaşanıb. O, Bakı şəhər sakini Südabə Zalova tərəfindən oğurluqda ittiham olunub. Belə ki, şadlıq evlərinin birində keçirilən məclisdə iştirak edən aktyor təsadüfən yerdən qızıl sırğa tayı tapır. Sırğanı polisə təhvil verəndə sırğa sahibi qadın iddia edir ki, onun sırğası yox, daha bahalı əşyası itib və onu Ramiz Məmmədov götürüb. Lakin, araşdırma zamanı məlum olub ki, bu quru böhtandan başqa bir ey deyil. Bu hadisə aktyora çox pis təsir edib. Bir neçə vaxt özünə gələ bilmir.

***

Uzun zamandır ağciyər xərçəngi ilə mübarizə aparan Ramiz Məmmədov müalicə üçün xarici ölkəyə getməyi planlaşdırsa da, 21 mart 2021-ci ildə 64 yaşında dünyasını dəyişib.

# 13626 dəfə oxunub

Müəllifin son yazıları

# # #