Əsmərin sehrli zənbili – UŞAQ HEKAYƏSİ

Əsmərin sehrli zənbili – <span style="color:red;">UŞAQ HEKAYƏSİ
10 fevral 2017
# 13:49

Kulis.Az Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili” hekayəsini təqdim edir.

Əsmərin anası bazardan xeyli meyvə-tərəvəz almışdı. O, üz-gözün turşudub dedi:

- Eee, bunları xoşlamıram.

- Qızım, nə danışırsan? Bunlar çox xeyirlidir.

- Eee, istəmirəm...

Bu vaxt portağal zənbildən hoppanıb stolun üstünə çıxdı, əzilib-büzülüb dedi:

- Aaa, sən məni xoşlamırsan?

- Hə, xoşlamıram, sözün var?

- Bəs nə xoşlayırsan?

- Mən şokolad və cipsi xoşlayıram!

- Ay Əsmər, onların tərkibində heç bir vitamin yoxdur. Sənə lazım olan vitaminlər məndədir.

Qırmızıyanaq alma hoppanıb stolun üstünə çıxdı:

- Məni ye, gör mən nə qəşəngəm. Heç bilirsən mənim tərkibimdə nə qədər vitamin var?

- Yox, istəmirəm sizi.

Alma həm utandı, həm də küsdü. Stoldan düşüb divanda oturdu:

- Heç yemə. Bizi yeməsən tez böyüyüb məktəbə gedə bilməyəcəksən.

Kök başını zənbildən çıxardı:

- Məni yeməsən boyun çıxmayacaq, hamı sənə cırtdan deyəcək.

Kivi əsəbi-əsəbi var-gəl elədi:

- Göz üçün bütün vitaminlər məndədir.

Kök kiviyə acıqlandı:

- Guya məndə o vitaminlərdən yoxdur?

Kivi:

- Səndə də var e, amma mən hərtərəfli şəkildə gözlərin dərmanıyam.

Qoz ləpəsinin hoppanıb kresloda oturduğunu görəndə Əsməri gülmək tutdu.

- Məncə bu il birinci sinfə gedəcəksən.

- Hə, nə olsun?

- Necə yəni nə olsun? - Qoz ləpəsi hirsləndi:

- Məndən gündə 4-5 dənə yesən dərslərini yaxşı qavrayacaqsan.

Əsmər stolun üstündəki vazadan şokoladı götürüb qışqırdı:

- Şokolad, bunların cavabını ver! Sənin tərkibində vitamin yoxdur?

Şokolad utanaraq:

- Əsmər, meyvə-tərəvəzlər düz deyirlər, onlar vitaminlərlə zəngindirlər.

Əsmər bərk əsəbiləşdi:

- Deyirəm sənin tərkibində vitamin yoxdur?!

- Yox, niyə? Məndə də var idi, amma məni qaynatdılar, konfet halına salanda bütün vitaminlərim öldü, - deyərək ağlayır.

Cipsi stolun üstündən dilləndi:

- Düzünü deyəcəm, mən başdan-ayağa kimyəvi qatqılardan ibarətəm. Əslində mən elə gözəl, vitaminli kartof idim ki... Başıma yüz oyun açdılar. Nazik-nazik doğrayıb qızartdılar. Bu azmış kimi mənə uzun müddət xarab olmayım deyə kimyəvi maddələr vurdular. Əsmər, sən məni xoşlamaqdansa o meyvələrdən yesən yaxşıdır.

Portağalla alma sevindi:

- Gördün?

Kivinin sevincdən gözləri yaşardı.

Qoz ləpəsi şokolad və çipsinin əlini sıxıb düz danışdıqlarına görə onlara təşəkkür elədi. Əsmər hər şeyi başa düşdü. Meyvələrlə pis rəftar etdiyinə görə peşman olub onları sığalladı. Zənbildən qıp-qırmızı bir alma götürüb yaxşı-yaxşı yudu və ləzzətlə yeməyə başladı.

# 4691 dəfə oxunub

Müəllifin son yazıları

# # #