Nyu-Yorkda Üzeyir Hacıbəyli adına konsert keçirildi

Üzeyir Hacıbəyli adına konsert

Üzeyir Hacıbəyli adına konsert

8 noyabr 2021
# 16:20

Noyabrın 5-də Nyu-York şəhərinin Linkoln Mərkəzində Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev müxtəlif ölkələri təmsil edən səfirləri, diplomatik missiyaları və təşkilatları təmsil edən nümayəndələri, Azərbaycan icması nümayəndələrini və digər qonaqları salamlayıb. O qeyd edib ki, konsert Azərbaycanın qədim şəhəri, incəsənət və mədəniyyət beşiyi olan Şuşada anadan olmuş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz irsini təntənəli surətdə qeyd etmək üçün keçirilir.

Bildirib ki, 2021-ci ildə keçirilmiş müsabiqənin birinci mükafatçısı Kolumbiyadan olan bəstəkar Marius Diaz elan edilib. Müsabiqənin ikinci və üçüncü yerlərinə Azərbaycandan Türkar Qasımzadə və Böyük Britaniyadan Metyu Perret layiq görülüb. Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq festival çərçivəsində baş tutub. Qeyd olunub ki, həmçinin, müsabiqədə təqdimatları ilə fərqlənmiş İsraildən Braça Bdilə, Kanadadan Parisa Sabetə, Azərbaycandan Tahir İbişova, Qazaxıstandan Gelimjan Sekeyevə sertifikat təqdim olunacaq. Bundan əlavə, Azərbaycan Bəstəkarlar İttifaqı türk bəstəkarı Orkun Təkəlioğluna Xüsusi Tanınma Sertifikatını, “Şuşa səslənəndə” əsərinə görə Avstriyadan olan Aria Esmaeli Torkanburiyə Hacıbəyli adına xüsusi mükafat və nəhayət, müsabiqədə ən gənc bəstəkar olan 12 yaşlı Zərrin Şükürə xüsusi mükafat təqdim edəcək.

Tədbirin sonunda soprano Dilarə Ünsal tərəfindən ifa edilən “Bakı haqqında mahnı” və amerikalı musiqiçi Nigel Smitin Azərbaycan dilində səsləndirdiyi Müslim Maqomayevin “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

# 2891 dəfə oxunub

Müəllifin son yazıları

# # #