Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?

Mirzə İbrahimovun nikahdankənar qızı - Uzun illər taleyi gizli qalan Zamira İbrahimova kimdir?
14 sentyabr 2026
# 12:00

Kulis.az Məcid Rəşadətoğlunun "Mirzə İbrahimovun uzun illər taleyi gizli qalan nikahdankənar qızı — Zamira İbrahimovanın həyat və yaradıcılıq yolu" yazısını təqdim edir.


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatımıza onlarla say-seçmə əsər bəxş edən Xalq yazıçısı, akademik Mirzə İbrahimov haqqında çox yazılıb. Onun zəngin ədəbi irsi, ictimai-siyasi fəaliyyəti, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri geniş araşdırılıb. Lakin böyük yazıçının həyatının uzun illər ictimaiyyətdən gizli qalan səhifələrindən biri də qızı Zamira İbrahimovanın taleyi ilə bağlıdır.

Zamira Mirzovna İbrahimova 1938-ci il martın 5-də Leninqradda anadan olub. Onun Mirzə İbrahimovun qızı olması faktı isə uzun illər ictimaiyyətə gizli qalıb və geniş müzakirə mövzusuna çevrilməyib.



Məlumatlara görə, Mirzə İbrahimov vaxtilə respublika rəhbəri Mir Cəfər Bağırova yazdığı məktubda nikahdankənar qızı olduğunu etiraf edib. Həmin dövrə aid xatirələrdə və məktublarda yazıçının Moskvada olduğu zaman yaxın dostu Səməd Vurğunun Zamira ilə münasibətlərini gizlətməsinə ehtiyac olmadığını söylədiyi və onunla görüşməsini tövsiyə etdiyi qeyd olunur.

Yazıçının qızı Solmaz İbrahimova bir vaxtlar bu barədə danışarkən deyirdi: “Bəli, anama qədər yaşadığı qadın olub həyatında... Rusiyada oxuduğu vaxtlar baş verib bu məsələ. Amma atam o qızı heç vaxt sahibsiz saxlamadı. Biz onu bacı kimi qəbul etmişdik. O qız - Zamira İbrahimova gördüyünüz kimi, atamın soyadını daşıdı və atam hər zaman ona qayğı göstərdi. O qız uzun müddət “Ədəbiyyat və incəsənət” qəzetinin Moskvadakı xüsusi müxbiri olmuşdu. Sonra “Oqonyok” jurnalının əməkdaşı oldu. Artıq səksəndən çox yaşı var, Novosibirskdə yaşayır. İndi də əlaqəmiz var, zəngləşirik...”

Solmaz xanım aralarında səmimi münasibətin olduğunu qeyd etsə də, Zamira İbrahimova sağlığında verdiyi müsahibələrdə valideynləri, ailə münasibətləri və şəxsi həyatı barədə danışmağa meyilli olmayıb. Əksinə, bu mövzudakı suallardan mümkün qədər uzaq durub. Onun yazılarında da valideynləri haqqında, demək olar ki, məlumat yoxdur. Elə bu susqunluq da onun həyat hekayəsinə müəyyən sirr qatır.



Bununla belə, Zamira İbrahimovaya yalnız “Mirzə İbrahimovun qızı” kimi yanaşmaq doğru olmazdı. Çünki o, atasının adından asılı olmayaraq, öz yaradıcılıq və peşəkar dünyasını istedadı sayəsində qurub.

Zamira İbrahimova Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1960-cı ildə universiteti bitirdikdən sonra həyatını Sibirlə bağlamaq qərarına gəlib.
Yazını hazırlayarkən Zamira xanım haqqında qələmə alınmış bir neçə məqaləyə nəzər saldım. Xüsusən rusdilli saytlarda onun həyat və yaradıcılığı barədə kifayət qədər ətraflı məlumatlara rast gəlinir. Həmin yazılar arasında sevimli tələbəsi (xatirələrində özünü Zamira xanımın tələbəsi adlandırır) Yuliya Pozdnyakovanın xatirələri xüsusilə diqqət çəkir. Elə yazımızda istifadə etdiyimiz əsas faktlar da Yuliya xanımın qələmə aldığı xatirələrə əsaslanır.

Ümumiyyətlə, Zamira xanımın mətbuatda çap olunmuş müsahibələrinə nəzər salanda onun şəxsi həyatı ilə bağlı nə qədər “xəsis” münasibət göstərdiyini, ailə həyatı ilə bağlı sualları cavabsız qoyduğunu fərq edirik. Mənə elə gəlir ki, bu hal təsadüfi deyil. Ola bilsin ki, Zamira xanım arzusunda olduğu uşaqlığı yaşaya bilmədiyi üçün keçmişin həsrətini gələcəyə daşıyıb. Hətta bir neçə mənbəyə müraciət etsəm də, jurnalistin ailə münasibətləri haqqında bir oğlu və bir qızının olduğundan artıq fakt əldə edə bilmədim. O, kimlə ailə qurub? Azərbaycana gəlmək kimi bir niyyəti olubmu? Atası ilə nə qədər görüşə bilib?.. Bu sualların əksəriyyəti sual olaraq da qalır...



Yuliya Pozdnyakova, qeyd etdiyim kimi, Zamira Mirzovnanın tələbəsi və səmimi müsahibəsi olub, sonralar özü Novosibirsk Dövlət Universitetində jurnalistika müəllimi kimi fəaliyyət göstərib. O, xatirələrində yazırdı ki, Zamira İbrahimova gənc yaşlarından jurnalistikaya gəlib və uzun illər sovet dövrünün nüfuzlu nəşrlərində çalışıb. “Molodost Sibiri” və “Sovetskaya Sibir” qəzetlərində, “EKO” jurnalında fəaliyyət göstərib. Həmçinin “Literaturnaya qazeta” qəzetinin və “Oqonyok” jurnalının Sibir üzrə müxbiri olub.

Onun yaradıcılığının əsas istiqamətlərindən biri Sibirdə, xüsusən də Novosibirskdə çalışan alimlərin fəaliyyəti olub. Zamira İbrahimova elmi axtarışları, alimlərin gördüyü işləri və əldə etdikləri nəticələrin cəmiyyət üçün əhəmiyyətini geniş oxucu auditoriyasına çatdırıb.

Yuliya Pozdnyakovanın xatirələrindən oxuyuruq ki, Zamira İbrahimovanın jurnalistikası yalnız elmi mövzuları işıqlandırmaqla məhdudlaşmayıb. O, yazdığı mövzunun arxasında dayanan insanı da görməyi bacarıb. Alimlərin gördüyü işləri sadəcə oxucuya çatdırmaqla kifayətlənməyib, həmin insanların düşüncələrini, zəhmətini və elmin cəmiyyət üçün nə ifadə etdiyini göstərməyə çalışıb. Zamira xanımı peşəkar jurnalist kimi fərqləndirən əsas cəhətlərdən biri də məhz bu olub.

Zamira xanım jurnalistika ilə yanaşı, nəsr və dramaturgiya ilə də məşğul olub. Şeirə də maraq göstərib. Lakin nədənsə şeirlərini geniş şəkildə çap etdirməyə, böyük oxucu auditoriyasına çatdırmağa bir o qədər də xüsusi həvəs göstərməyib. Onun yaradıcılığından qalan bir neçə şeir nümunəsində zaman, ötən illər, insanın keçmişi ilə münasibəti kimi mövzulara rast gəlmək mümkündür.



Həmin şeirləri oxuyarkən düşünürsən: bəlkə də Zamira xanımın bu mövzulara maraq göstərməsi təsadüfi deyildi. Çünki Zamira İbrahimovanın öz həyatında da keçmişin, yaşanmamış uşaqlığın, o cümlədən atasından uzaqda keçən illərin xüsusi yeri vardı. Onun taleyində keçmiş sadəcə xatırlanan illərdən ibarət deyildi. Keçmiş həm də cavabsız qalan suallar, yaşanmamış uşaqlıq və insanın öz içində daşıdığı hisslər demək idi. Məncə, onun yaradıcılığına baxarkən bu məqamı da nəzərə almaq lazımdır.

Zamira xanım haqqında qələmə alınmış məqalələri oxuyarkən görürük ki, o, peşəkar jurnalist kimi mətbuatın əvvəlki illərini xatırlayarkən müasir dövrdə formalaşmış yeni xüsusiyyətlərdən narazılığını ifadə edib. Tanınmış jurnalist düşünürdü ki, müasir mətbuatda oxucu ilə jurnalist arasındakı canlı əlaqə getdikcə zəifləyir. Onun yanaşmasına görə, əvvəllər qəzet və jurnallarda yazılan yazılara oxucular çox fəal münasibət göstərirdilər. Redaksiyalara kisə-kisə məktublar gəlirdi. Oxucu yazını oxuyur, münasibət bildirir, etiraz edir, müəlliflə mübahisə edir, öz fikrini bölüşürdü. Bir sözlə, jurnalistika bu səbəbdən daha canlı qalır, oxucunu mütaliəyə, jurnalisti isə yazmağa həvəsləndirirdi.

Zamira xanım bununla bağlı bir hadisəni də xatırlayırdı. O deyirdi ki, illər əvvəl hakimiyyətlə yaranmış münaqişəyə görə partiyadan xaric edilmiş keçmiş Bratskgesstroy rəhbərini müdafiə edən məqaləsi “Literaturnaya qazeta”da dərc olunandan sonra redaksiyaya həmin şəxsi müdafiə edən çoxlu məktub gəlmişdi. Sonralar onun Bratska səfəri haqqında yazısı “Oqonyok” jurnalında çap olunmuş və bu yazı da oxucuların böyük marağına səbəb olmuşdu.

Mənə elə gəlir ki, Zamira İbrahimovanın bu xatirəsi bu gün üçün də olduqca aktualdır. Çünki mətbuatın gücü yalnız yazmaqda deyil, oxucuda fikir oyatmaqda, onu danışmağa və münasibət bildirməyə sövq etməkdədir. Oxucu ilə jurnalist arasında belə bir əlaqə olmayanda, təbii olaraq, mətbuatın canlılığı da azalır. Zamira xanımın narahatlığı, əslində, bu gün, müasir mətbuatın durmadan inkişaf etdiyi bir zamanda da öz aktuallığını qoruyur.

Tərcümeyi-halından oxuyuruq ki, 1995-ci ildə Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər fakültəsində jurnalistika kafedrası yaradıldıqdan sonra Zamira İbrahimova burada müəllim kimi fəaliyyətə başlayıb. O, “Jurnalistika peşələri”, “Elmi jurnalistika” və “Jurnalistika etikası” fənlərini tədris edib. Onun ən sevimli və istedadlı tələbələrindən biri də haqqında söhbət açdığımız Yuliya Pozdnyakova olub. Pozdnyakovanın xatirələrini oxuduqca Zamira xanımın müəllimliyə necə ciddi yanaşdığı hiss olunur. Tələbəsi yazır ki, o, dərsə sadəcə proqram üzrə mövzu danışmağa, geniş mühazirə mətnlərini oxumağa gəlmirdi. Zamira xanım hər dəfə özü ilə dərsə yeni çap olunmuş qəzet və jurnallar gətirir, maraqlı yazıları tələbələrlə birlikdə oxuyur və müzakirə edirmiş. Bunun üçün onun ayrıca bir qovluğu da olub. Bəyəndiyi, diqqətini çəkən, yaxşı jurnalistika nümunəsi hesab etdiyi yazıları həmin qovluqda toplayırmış. Bu kiçik detal mənə xüsusilə maraqlı gəldi. Çünki insanın öz işi ilə bağlı yaxşı nümunələri illərlə toplayıb saxlaması onun peşəsinə nə qədər bağlı olduğunu göstərir.



Xatirələrdən məlum olur ki, Zamira xanım tələbələrinin onunla mübahisə etməsindən də çəkinmirdi. Əksinə, bunu vacib hesab edirdi. O düşünürdü ki, fikir ayrılığı insanı düşünməyə vadar edir. “Mübahisə etməyi sevirəm, çünki hadisələri hərəkətə gətirən şey əks fikirlərin toqquşmasıdır” deməsi də onun dünyagörüşünü yaxşı ifadə edir. Təbii ki, Zamira xanımın göstərdiyi bu yanaşma xüsusilə jurnalistika ilə məşğul olan peşəkar biri üçün çox qiymətlidir. Çünki jurnalistika yalnız eşidilən fikri təkrarlamaq deyil. Sual vermək, şübhələnmək, fərqli baxışlara qulaq asmaq və nəticədə öz mövqeyini formalaşdırmaqdır. Zamira İbrahimova da tələbələrinə, görünür, məhz bunu öyrətməyə çalışıb.

Xoşbəxtlikdən, tələbələri də onun dərslərində yalnız nəzəri qaydaları öyrənmirdilər. Onlar müəllimlərinin verdiyi düzgün istiqamətdən yola çıxaraq real hadisələri müzakirə edir, müxtəlif vəziyyətlərdə jurnalistin necə davranmalı olduğunu düşünür, yaxşı və pis jurnalist nümunələrini müqayisə edirdilər. Bu baxımdan Zamira xanımın dərsləri, görünür, tələbələr üçün adi auditoriya dərsindən daha çox, jurnalistikanın içinə hazırlıq mərhələsi olub.

Zamira İbrahimovanın həyatında xüsusi yer tutan məkanlardan biri də Novosibirsk Akademqorodokudur, yəni akademik şəhərcik. Xatirə yazılarından oxuyuruq ki, Zamira xanım Akademqorodokun ilk illərini görən və həmin mühitdə yaşayan jurnalistlərdən biri olub. Akademik şəhərcik onun üçün sadəcə alimlərin və elmi institutların toplandığı bir yer deyildi. O, buranı elmə, gələcəyə və yeni düşüncəyə inamın bir növ simvolu kimi görürdü. Bəlkə də buna görə Akademqorodok haqqında yazmaq, orada çalışan alimlərin fəaliyyətini oxucuya çatdırmaq onun jurnalistikasında xüsusi yer tuturdu.



Yuliya Pozdnyakovanın yazdıqlarından aydın olur ki, Zamira xanım Akademqorodok illərini həvəslə xatırlayıb. Həmin illər onun həyatında adi bir iş dövrü olmayıb. O, həmkarı Natalya Pritvitslə birlikdə Akademqorodokun ilk illərindən bəhs edən “Lavrentyevin üçbucağı” kitabını da yazıb. Görünür, orada yaşananlar, tanıdığı insanlar, elmi mühit və o illərin özünəməxsus ab-havası sonralar da onun yaddaşında qalıb.

Zamira İbrahimovanın Akademqorodok haqqında yazılarında maraqlı olan bir cəhət də elə budur: o, elmin içində olub, amma yalnız alimlər üçün yazmayıb. Çətin elmi məsələləri mümkün qədər sadə dillə danışmağa, oxucunu həmin dünyanın içinə gətirməyə çalışıb. Alimlərlə adi oxucu arasında görünməz bir körpü qurub. Əsl elmi jurnalistikanın işi də bəlkə budur – laboratoriyada, institut divarları arasında qalan fikri götürüb cəmiyyətə çatdırmaq.

Onun həyatında qəribə təsadüflər də var. Zamira İbrahimova 5 mart 1938-ci ildə doğulub. Düz 15 il sonra, 5 mart 1953-cü ildə Stalin ölüb. Zamira xanım bu təsadüfü müxtəlif vaxtlarda yarızarafat, yarıciddi xatırlayırmış. Əlbəttə, bunun taleyin hansısa işarəsi olduğunu demək mümkün deyil. Amma insanın doğulduğu günün böyük bir tarixi hadisə ilə üst-üstə düşməsi istər-istəməz yadda qalır. Üstəlik, bütün ömrü həmin dövrün kölgəsindən keçən bir insan üçün...
Zamira İbrahimova 5 aprel 2023-cü ildə, 85 yaşında vəfat edib.

Onun haqqında düşünəndə istər-istəməz atası Mirzə İbrahimovun adı yada düşür. Bu, qaçılmazdır. Axı Zamira xanım böyük yazıçının qızı idi. Amma düşünəndə fərqinə varırsan ki, əsas məsələ də elə buradan başlayır. Çünki o, atasının qazandığı uğurların kölgəsində yaşamağı seçməyib. Öz uğurlarına və istedadına arxalanaraq bütün dəbdəbələrdən uzaq, sakit bir həyat yaşayıb.

Bəlkə də bunun üçün ona daha çox zəhmət çəkmək lazım gəlib. Çünki tanınmış bir soyad təmiz yaşamaq istəyən insan üçün həm üstünlükdür, həm də ağır bir yük. İnsan özünü o soyadın kölgəsindən çıxarıb ayrıca bir şəxsiyyət kimi göstərməlidir. Zamira İbrahimova bunun ən yaxşı nümunəsi idi. O, jurnalistikaya olan sevgisi, dostlarına olan təmənnasız məhəbbəti, tələbələrinə olan inamı və sonsuz güvəni ilə bunu bacarmışdı.

Yuliya Pozdnyakovanın xatirələrindəki Zamira Mirzovna da məhz belə görünür: sərbəst düşünən, fikrini çəkinmədən deyən, mübahisədən qorxmayan, tənbəlliyə dözümsüz və jurnalistikaya ciddi yanaşan istedadlı bir qadın.



Düzdür, onun həyatında cavabsız qalan məqamlar da az deyil. Çünki Zamira xanım şəxsi həyatı, valideynləri, ailə münasibətləri barədə çox danışmağı sevməyib. Bəzi məsələləri açıq buraxıb, bəzi məsələlərin üzərindən keçib. Nə üçün belə etdiyini indi dəqiq demək çətindir. Ola bilsin, danışmaq istəməyib. Ola bilsin, bəzi xatirələrin yalnız özünə aid olduğunu düşünüb. Hər halda, insanın susduğu yerlər də onun bioqrafiyasının bir hissəsidir.

İndi geriyə baxanda 85 illik məhsuldar bir həyatın bütün suallarına cavab tapmaq mümkün deyil. Amma bəlkə də buna ehtiyac da yoxdur. Mənə elə gəlir ki, insan haqqında hər şeyi bilmək yox, onun qoyduğu izi görmək daha vacibdir. Zamira İbrahimovanın izi isə yazılarında, yetişdirdiyi jurnalistlərdə, haqqında yazdığı alimlərdə və öz adını atasının kölgəsindən çıxarıb ayrıca yaşatmaq cəhdində əbədi olaraq qalacaq...

# 153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər