Sentyabrın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.
Kulis.az xəbər verir ki, tədbir, həmçinin Niyazinin Mənzil Muzeyinin açılışının 29-cu ildönümünə təsadüf etdiyindən mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlayıb.
Bədii hissədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın artistləri Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Kamil Həsənov (f-no), musiqişünas, vokalçı Sevinc İbrahimova, Mircəfər Mövsümzadə (tar, vokal), Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin), Arzu Səfərovanın (f-no), Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Əmişovanın (f-no) ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış və muzeyin fəaliyyətini əks etdirən slayd-şou təqdim edilib.
Tədbir iştirakçıları foyedə muzeyin fəaliyyətini əks etdirən “Niyazinin Mənzil Muzeyi” fotosərgisi ilə tanış olublar.