Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparıldı

Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparıldı
19 oktyabr 2024
# 12:30

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 17-də Azərbaycan Milli Konservatoriyasında olub, kollektivlə görüşüb.

Kulis.az xəbər verir ki, təhsil ocağı haqqında söz açan nazir Azərbaycan milli musiqisinin zənginliyini qeyd edib, bu sahədə tədrisin yüksək səviyyədə qurulmasının əhəmiyyətli olduğunu deyib. Bildirilib ki, ötən il ölkəmizdə təşkil edilən ilk Musiqi Forumundan sonra musiqi xadimləri ilə görüşüb musiqi təhsili sahəsində fikir mübadiləsi aparılmasına ehtiyac var.

Bu mənada, musiqi məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılmalıdır. Qeyd olunub ki, milli musiqinin məzmunca inkişaf etdirilməsi önəmlidir. Bu inkişaf isə ilk olaraq musiqi məktəblərindən başlamalıdır. Hazırda musiqi və incəsənət məktəblərində islahat və yenilənmələr davam etdirilir. Xüsusilə, regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin alətlərlə təminatı sahəsində problemlər də diqqət mərkəzindədir.

Söhbət zamanı xalq çalğı alətləri üzrə yeni tədris proqramlarının hazırlanmasının da vacibliyi vurğulanıb. Nazir ölkə rəhbərliyinin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifə və tələblər üzrə konkret istiqamətlərin müəyyən edilməsi və bu sahədə birgə fəaliyyətin vacib olduğunu deyib. Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət və yaradıcı sənayelər üzrə kadr potensialının inkişaf etdirilməsi prioritet hesab olunur. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsil və təlim kursları üzrə sənəd qəbulu aparılır. Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi də musiqi təhsilində müəyyən problemlərin olduğunu qeyd edib.

O, musiqi sahəsində son dövrdə aparılan islahat və yeniliklərin təhsildə dönüş yaradacağına ümidvar olduğunu deyib. Sonra təhsil ocağının professor-müəllim heyətinin mədəniyyət və musiqi təhsili üzrə təklifləri dinlənilib.

# 549 dəfə oxunub

Müəllifin son yazıları

# # #