Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər

Ayın alnında səcdəgah izləri – Kazım Kazımoviçdən şeirlər
3 aprel 2020
# 18:44

Kulis.az Kazım Kazımoviçin şeirlərini təqdim edir.

Dəvət

(Hər DƏVƏT – öz ilahmını Nuhdan alır)

Dilbəra
Bir ara;
unut hamısını,
Knut Hamsunu,
Frans Kafkanı...
İlk görüş koftanı,
yoxla gör
gəlirsə əyninə,
geyin gəl, görüşək
"Bəşir Səfəroğluda"
Boyansın qüruba
Xameleon gözlərin;
görəndə rəngimi...

Dilbəra!
Əğyara meylini salma gəl,
qalma gəl...
Dua et batmasın Titanik
Buz kimi su səpdim yollara
romantik-romantik
Toz olmaz, qorxma gəl;
Qonmadan budağa son bahar
sərçəsi...
Gəl danış... Ruhumu oxşasın
Naxçıvan ləhcəsi...

Dilbəra!
Rüzgara qoşul gəl
Uzun-incə bir yol gəl
Min dəfə tövbəni pozmuş
olursan ol, gəl
Nolursan ol, gəl...


Ağ və Qara

Səid Riyad Üçün Səhər Oxusu

Günəşin əlində şəfəq qayçısı
kəsilir səhərin açılış lenti;
''Al-qırmızı üfüq xətti''

Şəhər - Mərkəzi küçələr – İzdiham...
Elə bilirəm
yanır hamı
Məni çaşdırır siqaretlərin
bəyaz dumanı...

Parklar – Qumruların hava limanı,
heykəllərin görüş məkanı.
Məsələn: Seyid Əzim Şirvani
görəsən kimi gözləyir burda?

Bu yerlərin
səmasında buludlar
Ağ Bayraq: yerin
göylərə təslim nişanı
Kor-peşman qayıdır külək
üzünə bağlanan
qapılardan, pəncərələrdən
Küçə fənərlərinin nurunda qızınır...

Bu yerlər
səni yoranda
yandıranda
qutudakı son tənha siqareti
bax onun ərşə qalxan tüstüsünə,
görəcəksən;
ən gözəl misraları o yazır havada
Onda öyrənəcəksən;
Yazmaq – sükutu pozmadan danışmaqdı
Bu dəm
dəmadəm boy atan dırnaqlarına
sataşsa gözlərin
bil ki, onların uzanışı
bədənin özünnən qaçışıdı...

Bu yerlərdən
getmək duyğusu
bürüsə ayaqlarını...
''siz gedirsiz... mən yol gedirəm''
deyən şairin izinə düş
Məsafələr qorxutmasın səni
bütün yolların boyu-bir addım boydadı
və bütün yollar neytral ərazidi Allaha qədər...
Həm də nəyə lazımdı axı
ölçü götürmək?
Xəttkeşləri xəttkeşlə ölçməzlər...

Bu yerlərdə
Məni anlayan
tək-tük adamlardansan
Başınnan bir TÜK əksilsə ,
getsən o adamların sırasınnan
BirAdamlıq TƏK qoysan məni;
Bu düşən axşamlarda
''Kimin üçün yazırsan?''-nın
cavabı yoxa çıxar...

Ayın alnında səcdəgah izləri
qılınır səmada Şam namazı
Şəhər - Mərkəzi küçələr – İzdiham...

Mini Şeirlər

Təəssüf ki, gecikər göbələklər
hadisə yerinə
yağışdan sonra çətir olarlar torpağa...

Möcüzə yaradar meh;
yellənər budaqlar
Ağaclar, dirijorluq edər
quşlara
hüzünlü notlarda
Quşların göz yaşıdı
güllərin üstündəki şeh...

Sübh azanıdı
Ney çalır külək...
Üzümü tuturam mavi səmayə:
Sufi Buludların Səmavi Rəqsi...

Kainat rəssamı imzasın həkk edib dənizə:
baxıram üfüqə; dümdüzdü – dünyasa yumurudu.

# 3849 dəfə oxunub

Müəllifin son yazıları

# # #