Məşhur rejissora şillə vurdu, ölüm ayağında ona xəyanət etmiş ərini arzuladı – “Ögey ana” filmi onun haqqında idi?

Məşhur rejissora şillə vurdu, ölüm ayağında ona xəyanət etmiş ərini arzuladı – “Ögey ana” filmi onun haqqında idi?
25 oktyabr 2022
# 12:01

Bu gün Xalq artisti Nəcibə Məlikovanın doğum günüdür. Kulis.az bu münasibətlə onun haqqında on maraqlı faktı təqdim edir.

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanım qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutulandan sonra onun da ictimai həyatına son qoyulur.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. O, məcburən həyatını aktrisalığa bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olunur.

***

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Elə Gəncədə işlədiyi zaman Nüsrəddin adlı imkanlı ailədən olan bir kişi ilə tanış olur. Nüsrəddin o zaman bir dəfə ailəli olub sonra ayrılır. Bu evlilikdən isə onun oğlu da doğulur. Lakin, Nəcibə xanım Nüsrəddinlə tanış olan ilk gündən ona bağlanır və qarşı tərəfin evlilik təklifinə razılıq verir, evlənirlər.


Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Burda Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.

***

Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Həcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

Fuad Əsədov Nəcibə xanımın ölümündən çox-çox sonralar verdiyi müsahibəsində deyir:

“Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”.


Aktrisanın öz qayınanası iddialı xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkir, o qədər dözür ki, bir gün onlara qonaq gələn Ədil İsgəndərov dözməyib onlardan çıxanda, Nəcibə xanımın qayınanasına deyir, Xanım xala, səndən kino çəkəcəm. Bir gün isə Nəcibə Məlikovaya ssenarini oxuması üçün verir. Aktrisalığı bir yana, bir mərd, ağayana azərbaycanlı xanım olan Nəcibə özü ssenaridə bəzi dəyişikliklər edir. Onun həyat yoldaşı həqiqətən də yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. İsmayıl oğulluğu Fuaddır, filmdə Cəmilə kimi verilən Saqibin obrazıdır. Bu cür xırda dəyişikliklər, görünür, tamaşaçını əsl həqiqətdən yayaındırmağa xidmət edib. Nəcibə xanım isə Dilarə rolunda özünü oynayıb. Ona görə də bu təbiilik illər keçməsinə rəğmən filmi sevdirir.

Günlərin birində məşhur rejissorlardan biri Nəcibə xanıma bir rol təklif edir. Lakin, rol qarşılığında o, aktrisaya arzuolunmaz təklif edir. Bundan hiddətlənən aktrisa rejissora sillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü sənət camiəsində danışarmış.


***

Ancaq ailədə təəssüf ki, Nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş.

Günlərin birində isə Nusrəddin evə gəlib başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb çıxıb gedir, amma böyük oğul dediyi oğulluğundan da ayrılmır. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəli surətdə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.



Azərbaycan teatr və kino sənətinə adını əbədi yazdı Nəcibə Məlikova. Ömrünün sonuna qədər Dram Teatrında və “Azərbaycanfilm” kinostudiyasında çalışır. SSRİ xalq artisti fəxri adına qədər çatır. Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulur. O bəla da 70 yaşında onu aparır. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün 1992-ci il 27 iyulda gözlərini həmişəlik yumur.

# 22798 dəfə oxunub

Müəllifin son yazıları

# # #