Ürəkləri isidən və işıqlandıran poeziya

Ürəkləri isidən və işıqlandıran poeziya
30 avqust 2013
# 10:18

Sahib Mürsəloğlu

Birinci yazı

Deyirlər Allahdan sonra ən birinci söz yaranıb. İlahinin qüdrətilə ay yarandı, gün yarandı, uca dağlar sıralandı, əlçim-əlçim darandı, min illərdir kainatı dolana-dolana gəlib çatıb bizlərə söz. Qiymət, qüdrət, hikmət oldu söz. Hərdən bulaq kimi axar, hərdən ildırım tək çaxar. Hərdən şahmar ilana dönər, hərdən ipəkdən yumşaq olar söz. Min illərdir sözü söz əhli qorudu, yaşatdı. Sözü yaşatmaqla özlərini yaşatdılar. Özləri köç etsələr də, sözləri qaldı bu dünyada. Sözü nadan, yaltaq, ikiüzlü adamların ümidinə buraxmaq olmaz... Onlar sözü incidir, urvatsız edir. Sözü bakirəlikdən salır, söz hörmətsiz olur, sözlükdən çıxır, olur atılmış, nimdaş bir şey. Nə yaxşı ki, sözün qeyrətini, namusunu çəkənlər var. Nə yaxşı ki, onu qoruyan söz xiridarları hələ ki var...

Sözün qüdrətinə arxalanaraq, ruhlar dünyasının gözəlliklərini – mənəvi aləmi əlvanlığı ilə göstərən söz xiridarlarından biri haqqında söhbət açmaq istəyirəm.

Xeyli vaxtdır ki, onun haqqında yazmaq istəsəm də, heç cür alınmırdı. Səbəbini izah etməyə çətinlik çəkirəm. Hər dəfə yazmaq fikrinə düşəndə onun nəhəng siması – həm fizioloji baxımdan, həm yaradıcılıq, həm də gözəl bir insan kimi gözümün qabağına gəlir, ona layiq yazının alınmamağı əndişəsi məni bərk narahat edirdi. Nəhayət özümü toparlayıb bu yazını yazdım...

Həqiqi şair, böyük söz ustası o vaxt böyük oxucu auditoriyası qazanır ki, o daha çox gözəlliyin, emosiyaların, həyat hadisələrini təkcə dərk etmir, həm də müdrikcəsinə poeziyanın fəlsəfəsini yaradır. Onun poeziyasında fikir yanan işıqdırsa, söz onun çıraqbanıdır. Onun yazılarında fikir və söz hikmətlənir, söz mahiyyətləşir, zəka nisbi kamilliyə çatır.

Allahdan sonra sözün yarandığı deyilir. Ona görə sözə xüsusi məhəbbətlə, istəklə, böyük diqqətlə yanaşan şairə diqqət kəsilək:

Deyirlər Allahdan sonra

Ən birinci yarandı söz!

İlahinin qüdrətiylə

Kainatı dolandı söz.

Dəyər oldu, qiymət oldu,

Allah boyda hikmət oldu,

Tövrat, İncil, Quranda söz.

Böyük şairin böyük ürəyi olmalıdır. Əli Səfəroğlu həm böyük şair, həm də böyük ürəyə sahib idi. Onun şair ürəyi gül bağına bənzəyir. Bu gül bağına diqqət yetirdikdə, o fəsil bilmədən düymələnir, qönçələnir və öz təravəti, gözəlliyi ilə qəlbləri rövnəqləndirir, riqqətə gətirir, mənəvi qida bəxş edir...

Dağa baxıb köks ötürmə,

Dağın da dağ dərdi olur.

Bir zərrədən ləkələnir,

Ağın da ağ dərdi olur.

Sıra-sıra sıralanır,

Dilim-dilim paralanır.

Bir gün bostan uralanır,

Tağın da tağ dərdi olur.

Səfəroğlu gəlib dilə,

Ömür gedir gilə-gilə.

Demə şair sağdı hələ,

Sağın da sağ dərdi olur.

Təbiət hadisələri ilə cəmiyyət hadisələri arasında bir bağlılıq var. Yaradıcı kəslərin, sıravi kəslərin fərqi, bəlkə də vəzifəsi bu hadisələri görüb onları obrazlı şəkildə görüb üzə çıxarmaq, qədim sənət əsərləri kimi əks etdirib, oxucusuna xidmət etməkdir.

Dünyanın işləri tərsinə düşüb,

Qarası tərsinə, ağı tərsinə.

Elə bil təbiət yerin dəyişib,

Aranı tərsinə, dağı tərsinə.

Fırlanır durmadan, cəhrədi sanki,

Kəsir dikələni, dəhrədi sanki.

Elə çalxalanır, nehrədi sanki,

Ayranı tərsinə, yağı tərsinə.

Səfəroğlu, ürək dolu söz ilə,

Dünyanı tanıdıq açıq söz ilə,

Yoxdur bu zalımın işi düz ilə,

Çəkir sinəmizə dağı tərsinə.

Onun poeziyası axar çaya bənzəyir. Zümrüd suları, xəfif şırıltısı ilə daim hərəkətdədir. Bu şeirlərdə fikir sözün gözəlliyi və ahəngi ilə bəzənir. Vətən və millət qeyrəti çəkən bütün azərbaycanlılara səslənən şair:

Ay igidlər, ay qeyrətli oğullar,

Ədavətdən qurtarın bu milləti!

Bu millətə çox qaralar yaxıblar,

Cinayətdən qurtarın bu milləti.

Ana Vətən çətindədir, dardadır,

Yazıq millət yaman intizardadır.

Əsir düşən qız-gəlinlər hardadır?

Qəbahətdən qurtarın bu milləti!

Şərəflilər, şöhrətlilər yığılsın,

Qüvvətlilər, qüdrətlilər yığılsın,

Namuslular, qeyrətlilər yığılsın,

Xəcalətdən, qurtarın bu milləti!

Səfəroğlu, bu dünyada işə bax,

Hərə görür özgəsində min günah,

A yaxşılar, a təmizlər, siz Allah,

Fəlakətdən qurtarın bu milləti.

Dəvə daşıdığı maddi yükü ilə dəyərlidirsə, yaradıcı insanlar malik olduğu mənəvi yükü ilə dəyərli və ləyaqətlidirlər.

Ovçu bir ceyranı nişan alanda,

Gözlərində qəfil duman olaydım.

Yaxşı adamlara yaxşılıq edib,

Yamanlara qarşı yaman olaydım.

Bir köməksiz ana saçın yolanda,

Bir Allah bəndəsi dərddən solanda

Bir günahsız adam darda qalanda,

Onun ürəyində duman olaydım.

Bu dünyada sırdaş olsam da dərdə,

Ömür keçirmədim böhtanda, şərdə,

Haqqa asi düşən daş ürəklərdə,

Qəfildən cücərən aman olaydım.

Səfəroğlu sözün deməz boş yerə,

Bir tale yaşayır dünyada hərə,

Ləyaqət sahibi düşəndə girə,

İlahi tərəfdən aman olaydım.

Adətən dəni arıtlayıb, xəlbirləyib, ən saflarını seçirlər. Şair də belədir. Həyat hadisələrini təfəkkürdən və təxəyyüldən keçirərək oxucu üçün nümunə və meyar ola biləcək ən faydalı cəhətləri götürür, bədii sənət səviyyəsinə yüksəldərək təqdim edir. O həyat hadisələrinə hakim prizmasından baxır, yazdıqlarının təsir dərəcəsini nəzərə alaraq, doğru, dürüst və təsvirlərinin reallığına görə oxucu qarşısında məsuliyyətini dərk edir.

Əli Səfəroğlu böyük şair qəlbilə həyatın duyğular aləminin karvanıdır, bu duyğular zəngindir, o, bu zənginlik içərisindən daha emosional və daha poetik olan bədii lövhələrlə oxucunu özünə çəkir.

Şümal-şümal budaqları qırılan,

Qara-qara kötüyü var dünyanın.

Şükür elə ayağında olana,

Sürütməsi, şəpiyi var dünyanın.

Allah verir yaraşığı həyata,

Koroğlu tək hamı minməz Qırata

Dodaq büküb, lağ eyləmə manata,

Abbasısı, qəpiyi var dünyanın.

Çox aslanlar bucaqlara soxulub,

Çox əlçatmaz zirvələrə çıxılıb.

Çox özündən bədgümanlar yıxılıb,

Şırıqqası, çəpiyi var dünyanın.

Səfəroğlu, bu da belə həyatdı,

Bəd xəbərlər ürəyimi qanatdı.

Elə bil ki, öyrənməmiş xam atdı,

Qoşa-qoşa təpiyi var dünyanın...

yaxud:

Həyatda hər şeyə faciə demə,

Faciə gözlərdə yaş olmasıdır.

Saçın olmaması faciə deyil,

Faciə kəllənin boş olmasıdır.

Faciə odur ki, azala qeyrət,

Tapdana heysiyyət, şərəf, ləyaqət.

Faciə odur ki, itə ədalət,

Faciə ürəyin daş olmasıdır.

Faciə odur ki sönə ulduzun,

Üzünə qayıda oğulun, qızın,

Faciə odur ki, kəsilə ruzun,

Faciə baharın qış olmasıdır.

Faciə odur ki, dərdimiz çoxdur,

Səfəroğlunu da yandırıb-yaxdı.

Faciə odur ki, güc gəlib vaxtı,

Faciə nadanın baş olmasıdır.

Poeziya bir xalqın, bir millətin ictimai tarixidir. Hər hansı xalqın poeziyasında, həmin xalqın ruhu, sevinci, kədəri, göz yaşlarını görməmək mümkün deyil. Poeziyanın zamanı olmur. Yalnız o şair böyük olur ki, zamansız zamanı özündə ehtiva edir. Əli Səfəroğlu intensiv axtarışları ilə, özünəməxsus yaradıcılığı ilə poetik bir bəhrəyə nail olur. Çünki o həmişə poetik olanı – gözəllik, incəlik və mənəvi impulslar arayır, tapır.

Hər bir şair sosial həyatın bədii ifadəçisidir. Ondan yalnız nikbin şeirlər tələb etmək, yaxud bədbinlikdə günahlandırmaq-təbiətdən ancaq günəşli günlər, xoş havalar tələb etmək qədər mənasızdır.

Əli Səfəroğlu - bu gözəl şair ictimai həyatın poetik təbiətidir, onun duyğu və düşüncələrinin tərənnümçüsüdür.

Dünya dediyimiz dünya deyilmiş,

Şöhrət bazarıymış, şan bazarıymış,

Alanı, satanı min dona girən,

Şeytan bazarıymış, cin bazarıymış.

Poeziya düşüncəli və düşündürən olmalıdır. Əli poeziyası belədir. Sürətlə axıb gedən çaylar kimi, sonda nəhayət dənizdə dinclik və ikinci həyat tapır.

Əsl şair ləyaqəti – Vətənin ictimai dərdi ilə yaşamaq və onun rifahı naminə, onun azad, müstəqil və qüdrətli olması uğrunda dönməz mübarizə aparmaqdır.

Əli Səfəroğlu poeziyasının məziyyəti məhz ictimai faydalılığındadır. Onun poeziya “bağında” əkdikləri öz sayları ilə deyil, verdikləri “meyvə” və “bar”ları ilə yadda qalır, fərqlənir.

Adamlar cürbəcür olur həyatda,

Adam var özünə sözü dedirdir.

Adam var abrını atıb dalına,

Alçağa oxşayan gözü dedirdir.

Adam var heyvan tək bildiyin edir,

Çağrılmayan yerə çaparaq gedir.

Adam var ki bilmir utanmaq nədir,

Tüpürcək yaraşan üzü dedirdir.

Qələmə aldığım bu sözlər ki var,

Qalsın el-obaya, qalsın yadigar.

Əli Səfəroğlu deyil günahkar,

Demək istəmirəm, özü dedirdir!

# 8788 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #