“Mərmər soyuğu” filmi ardıcıl iki festivala qatılacaq

“Mərmər soyuğu” filmi ardıcıl iki festivala qatılacaq
14 noyabr 2022
# 10:20

“Mərmər soyuğu” filminin qatılacağı növbəti festival məlum olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, rejissoru Asif Rüstəmov olan film Asiya premyerasını Beynəlxalq Hindistan film festivalında edəcək.
Sözügedən festival 20-28 noyabr tarixlərində baş tutacaq. Nüfuzlu festivallardan olan tədbirdə müsabiqə iştirakçıları “Qızıl tovuzquşu” mükafatı uğrunda mübarizə aparacaq.

“Mərmər soyuğu” Avropa premyerasını isə digər bir nüfuzlu festival olan “Tallin Qara Gecələr Film Festivalı”nda edəcək. Bu festival isə 11-27 noyabr tarixlərində Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.

Xatırladaq ki, filmdə bir rəssamın sevgi hekayəsindən bəhs edilir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.

# 2403 dəfə oxunub

Müəllifin son yazıları

# # #