Firuz Mustafanın “Vəsiyyət”i - Elmir Həsən

Firuz Mustafanın “Vəsiyyət”i - Elmir Həsən
4 sentyabr 2024
# 15:43

Kulis.az ədəbiyyatşünas Elmir Həsənin yazıçı Firuz Mustafanın "Vəsiyyət" hekayəsi haqqında yazısını təqdim edir.

Dünya ədəbiyyatında olduğu kimi Azərbaycan ədəbiyyatında da “overhyped” əsərlər və müəlliflər kifayət qədərdir. Fəqət həmin əsərləri oxuyan və təhlilə çəkən peşəkar tənqidçi məcazi mənada desək, “Paris sindromu” yaşayır. Təbii ki, bu kimi şişirdilmə (overrated) hallar ədəbi tərcübəsi və savadı olmayan ədəbiyyat “şünas”ların oxuculara ötürdükləri “tül pərdələr”dir.

Özünün yazı özünəməxsusluğu, obrazlarının dili, mövzunun tutarlılığı ilə Firuz Mustafa yaradıcılığı bu baxımdan ədəbiyyatımızda fərqli yerə sahibdir. Hekayələrindəki ideya, məzmun çərçivəsində enəndə F.Mustafanın pluralist yazıçı olduğunu müşahidə etmək çətin olmur. Onun romanları, dramları, hekayələri ədəbiyyatımızın mövzu əhatəsini, ideya-məzmun qanadını şaxələndirən vacib əhəmiyyətə malikdir.

Hekayələrinin dili, oxucuya ötürülən mətnaltı detallar, düşündürücü və digər bədii konfiqurasiyalarla diqqət çəkir.

“Vəsiyyət” hekayəsində hələ də insani hisslərin ölmədiyini, dərin dostluğun səadəti, uzunömürlü sədaqətin təsviri öncül əhəmiyyət daşıyır. Əsərdə zamanın və məkanın uzaq saldığı, ancaq bu ayrılıq müddətində bir-birini unutmayıb yenidən qarşılaşan iki qədim dostun, Yeqor Mixaylıç və Əflatunun hekayəsindən bəhs edilir.

Hekayənin əsas mövzusu, Yeqor Mixaylıç və Əflatun arasındakı dərin dostluqdur. Onlar eyni kənddə böyümüş, eyni işlərdə çalışmış və bir-birlərinə kömək etmişlər. Müəllif, iki dostun bir-birinə olan səmimi münasibətini, keçmişdə yaşadıqları heç vaxt unudulmayacaq – xatirəyə dönmüş günləri oxuculara təsirli və anlaşıqlı bir şəkildə çatdırır. Dostluqlarının gücü illər keçsə də və aralarında məsafə olsa da, onları yenidən bir araya gətirir.
Hekayə boyunca nostalji hissi oxucunu mütamadi təqib edir. Əflatun və Yeqorun görüşməsi, onların keçmişi və keçmişdə yaşadıqları xatirələrlə doludur. Müəllif, hər iki dostun timsalında keçmişdə yaşanan sevincləri, kədərləri təsvir etməklə zamanın insanların mənəvi dünyası üzərində necə dərin iz buraxdığını göstərir.

Əflatun və Yeqor Mixaylıçın dostluğunda diqqət çəkən tərəf onların fərqli mədəniyyətlərə mənsub olmalarıdır. Amma insanların fərqli din, dil və irqə sahib olmalarına baxmayaraq insanlar bir-birlərinə qarşı çox yüksək anlayışa, tolerantlığa və hörmətə sahib ola bilmələrini göstərir.

“Yeqоr Mixaylıçın keşişləri tənqid etməsi, nədənsə, Əflatunu açmırdı:

- Mixaylıç, incimə, hər yerin öz qayda-qanunu var. Dоğrudur, malakan mоllası – presviter, keşişdən fərqlənir. Elə siz malakanlar da ruslardan fərqlənirsiz. Nə оlsun ki? Elə bilirsən bu rus bədbəxt uşağı kefdən içir? Yоx, qardaş, rusun çоxu dərddən içir, dərddən... Ona qalmış indi bizimkilər içməkdə rusu keçib. Niyə? Çünki bizim də dərdimiz artıb”.

“Vəsiyyət” hekayəsində insanları bu qədər ayrılığa salan inanclar, yaxud sədlər yoxdur. Hekayənin mərkəzində insan varlığı və ona xas zamanın torundan süzülən sədaqət anlayışı durur. Əsərdə insan təbiətinin əlçatmazlığı xüsusiilə vurğulanır. Belə ki, Firuz Mustafa insan təbiətinin və yaşlılığın da maraqlı portretini çəkir. Əflatun və Yeqor yaşlı olsalar da, daxili dünyalarında ayrıldıqları zamanın və uşaqlıq hisslərinin hənirtisini bu gün də saxlamağı bacarıblar. Bu əlamətləri yaşlarının yetkin olmasına baxmayaraq, yazıçı onların zarafatlarında, mübahisələrində və şəxslərinə olan münasibətlərində iç dünyalarındakı uşaq hisslərinin hələ də sağ olduğunu göstərir.

Firuz Mustafa qələminin ən səciyyəvi cəhətlərindən biri də odur ki, onun hekayələrinə daxil olan mövzuları hekayə çərçivəsini aşacaq zəngin plastikaya malikdir. Məhz “Vəsiyyət” hekayəsi də bu yüksək parametrlərə cavab verir. Hekayə həyatın gerçək üzünü təsvir edir və heç bir halda müəllif oxucu şüurunu xəyal dünyasına bağlamır. Real həyatda olan sosial problemlər, vətən həsrəti, insan münasibətləri mərkəz xəttə gətirilir. Hekayə Rusiya ərazisində konkret məkanda cərəyan edir.

Bütün bunlardan əlavə, ömrün yaşlı çağında hər iki dostun qarşılaşması nostalji əhval yaradır. Ancaq sosial problem mövzusuna əsərdə müxtəlif rakurslardan işıq tutulur. Belə ki, içkinin təsviri insanların öz dərdlərindən qaçışı kimi göstərilir.

Bununla bərabər bildirmək lazımdır ki, hekayə bir-biri ilə bağlılıq təşkil edən müxtəlif tematikaları öz daxili çərçivəsinə alır. Ölümün labüdlüyü və qaçılmazlığı əsərin sonunda ön plana çəkilir.

Sоnra Əflatun da fürsət tapıb Mixaylıça öz “vəsiyyətini” eləməyə başladı:

Yeqоr... Bəri bax, Mixaylıç... Eşidirsən? Buralar uzaq yerdir. Birdən başıma qəza-zad gələr... Ölüm-itim dünyasıdır. İşdi-şayəd, buralarda öləsi оlsam, xərcə-zada düşüb məni heç yerə göndərmə. Yəni söhbət mənim cənazəmdən gedir... Çətin zamanadır, Yeqоr... Allaha şükür, özün kəlmeyi-şəhadəti əzbərdən bilirsən. Yоx, əgər unudubsansa, eybi yоxdur. Elə malakan qaydasıyca da basdırarsan məni... Dоğrudur, dinlər müxtəlifdir, Mixaylıç... Amma unutma ki, əsas məsələ Allahdır. Allah birdir. Allah bütün bəndələrini yaratdığı kimi, yaşatdığı kimi, istəriyi vaxt öldürə də bilir... Bax, yenə də deyirəm, Mixaylıç, qоy Nadya bacı da eşitsin, əgər ölsəm...”.

Əflatun və Yeqorun bir-birlərinə vəsiyyət etmələri və ölümü düşünmələri, oxuculara insanın həyatın və ölümün təbii bir parçası olduğunu israrla xatırladır. Bütün bu cəhətlər əsərin realist ədəbiyyat nümunəsi olduğunun göstəricisidir.

# 749 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #