Mədəniyyət Nazirliyi “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan etdi

Mədəniyyət Nazirliyi “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan etdi
21 iyul 2023
# 17:20

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan edib.

Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya həyata keçirəcək.

İştirakçılar tərəfindən nəşrlər 24 avqust 2023-cü il tarixinədək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir.

Müsabiqədə iştirak qaydaları
Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.

Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir:

● Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər haqqında çap olunmuş nəşrlər;

● elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika və s) texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya və s.);

● uşaq ədəbiyyatı;

● milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər;

● Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər;

● Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər;

● görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar.

Müsabiqəyə təqdim olunan nəşrlərin satınalınma qaydası

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir.

Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcəkdir.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.

# 796 dəfə oxunub

Müəllifin son yazıları

# # #