Lütf edilən insan haqqında etüdlər

Lütf edilən insan haqqında etüdlər
9 dekabr 2024
# 14:37

Bu gün görkəmli Azərbaycan aktyoru, Xalq artisti Lütfəli Abdullayevin anım günüdür.

Kulis.az Gülcahan Mirməmmədin "Lütf edilən insan haqqında etüdlər" yazsını təqdim edir.

Doğmalıq

Çox sevdiyim qazax şairi, türkoloq tədqiqatçı, Azərbaycan xalqının dostu olduğunu əməllərində sübuta yetirmiş Oljas Süleymenovun çox dəqiq müşahidəsi var. Deyir ki, azərbaycanlılar sevdikləri insanlardan, məşhur sənətkarlardan söhbət açanda heç zaman onları soyadı ilə çağırmırlar, adını çəkəndə ardınca müəllim, bəy, xanım titulu işlətmirlər. Çünki xalqın arasından çıxan, ümumxalq məhəbbəti qazanan sənətkarları özlərinə lap yaxın bilirlər. Odur ki, əziz oxucum, sən də bu yazıda sözlə çəkilən etüdlərin əsas qəhrəmanının da, onun sənətdaşlarının adlarını təkcə çəkən müəllifi sayğısızlıqda, yekəxanalıqda qınama. Mən də bu yazımda az-maz rəssamlıq qabiliyyətimi qabardıb xalqın sevdiyi sənətkarların eləcə adını yazacağam. Həm də rəssamlar daha sərbəst olurlar axı...

Gallery

Tanışlıq

Onu ilk dəfə "Həmişəxanım" tamaşasında görmüşəm. Dörd, ya da beş yaşım olardı, ata-anam əlimdən yapışıb Musiqili Komediya Teatrına aparmışdılar. Bizimkilər sənətkarlıq zirvəsində olan Nəsibəyə, Lütfəliyə, bir də bu azman sənətkarlarla ayaqlaşmağa çalışan, hələ cavan Hacıbabaya baxmağa getmişdilər. Səhnədə nələr baş verirdi, aktyorlar nə deyirdilər, tamaşaçılar nəyə gülürdülər, - bütün bunlara tam dəqiqliyi ilə illər sonra pyes oxumağa həvəs göstərdiyim zamanlarda, Salam Qədirzadə yumorunu anlayacağım illərdə, kor-koranə teatr sevgisinə sənət bələdliyi qoşulacağı yaşımda varacaqdım. Hələliksə, teatrın, mükəmməl aktyor ifasının cazibəsindəydim. O cazibənin hökmü, gücü nə qədərdisə, ondan heç cür aralana bilmədim.



Sənətkarlıq

Lütfəlinin teatrda yaratdığı obrazların sayı yüzü keçsə də, "Azərbaycanfilm"in istehsal etdiyi cəmi beş-altı filmdə rol alıb. Amma necə rollar! "Orda kişmiş yeyir", "Qədeş, girdavoy", "Bəli, qurban", "Meşedi İbad çağırır" kimi dörd cümləlik, bir də qoçuları geri haylamaq üçün çıxardığı səslərlə sözü bitən Baloğlan yadda qalmır, yoxsa, üst-üstə dörd-beş abzaslıq sözü olan Zülümov?.. Görəsən, daha kim rejissor ssenarisində ifası cəmi bir-iki səhifə olan personajı bu qədər ətə-qana gətirib dolğun obraz yarada bilər? Bundan ötrü daha çox nə lazımdır: müəllifin hər obraza verdiyi dramaturji material, aydın ifadə edilmiş rejissor tapşırığı, aktyorun istedadı, çalışqanlığı, yoxsa sənət sevgisinə tən gələn bacarığı, yaratmaq eşqi?! Sonuncuların hamısı rəhmətlik Lüftəlidə var idi... Onun sənətdə at oynatdığı dönəmdə də Allah-Təala onu birinci ilə ikincinin kasadlığıyla sənət sınağına çəkməmişdi.



Genetik yaddaş

Bəlkə də, Azərbaycan səhnəsində cəmi bir neçə aktyor tapılar ki, istedadı yalnız milli dramaturgiyanın sayəsində parlayıb, demək olar ki, öz soydaşlarından başqa bir obrazı yaratmayıb. Yaradıbsa da, sırf milli obrazların ifaçısı kimi parlayıb. Elə Lütfəlinin də əcnəbi obrazları yadıma düşmür. Bircə "Milyonçunun dilənçi oğlu"ndakı milyonçudan başqa. Amma əslində, o da milli olmaqdan daha çox bəşəri, varlı insan tipajının ümumiləşdirilmiş obrazıdır.

Elə milli olanları xatırlayaq: "O olmasın, bu olsun"da Hambaldan Məşədi İbadadək neçə tipaj, "Arşın mal alan"da Vəli, "Ulduz"da Məhəmməd, "Gözün aydın"da Qəhrəman, "Toy kimindir?"də Qoşun, "Durna2da Dursun, "Xəsis"də Hacı Qara...

Hamısı Azərbaycan xalqının genetik daşıyıcısı olan obrazlar!.. Məhəmməd bir az tənbəl olsa da, qəlbən saf insan, yaxşı yoldaşdır, Qəhrəman əməlləri adına yaraşan kişidir, Məşədi İbad - tipik Şərq dükandarı, amma qəpiyi güdərkən nəfsinə aldanıb manatda zərər edən acgöz tacirdir, Vəli ağasına, çörək verəninə sədaqətlə bağlı olan, amma yeri gələndə öz xeyrini də unutmayan cavandır.

Janrın tələblərinə və çərçivə tələblərinə görə, bu tipajların hər birində mütləq bir qabarıq mənfi, özü də gülüş doğuran mənfi cəhət olmalıdır. Həmin cəhət olmasa, qəhrəman dramaturji baxımdan naqis qalar. Amma o ki qaldı Qoşun ilə Dursuna, onlar - yaradıldıqları dövrün hakim ideoloji xəttindən baxanda da antipoddurlar, elə zəmanə dəyişəndən sonra da. Bəs biz, tamaşaçılar necə, onları bəyənməyib, mənfi tip yerinə qoyuruqmu? Yooxxx... Çünki Lütfəli möhür vurduğu arvadbaz, yekəxana Qoşunu da, tənbəl, ortada yeyib qıraqda gəzən yalançı Dursunu da sırf psixoloji tipaj, yalnız pis xüsusiyyətləri başqalarından bir qədər çox olan İnsan kimi təqdim edir. Lüftəlinin nə Qoşunundan zəhlən gedir, nə Dursunundan, nə də üstünə çımxırdığı tacirin kisəsindən xışmaladığı kişmişi ovucla ağzına basan Baloğlanından!..
Bilmirəm, "O olmasın, bu olsun" təkrar ekranlaşdırılsaydı, Baloğlanı oynayacaq aktyor Lütfəlinin təsirindən çıxa bilərdimi?.. İnanmıram. Düzdür, eyniadlı əsərin teatr tamaşalarında çox aktyorlar Baloğlan oynayıb, sadəcə, teatrda bu obrazı tamamlayan mimikanı, onun rolunun ikinci planını filmdəki kimi çatdırmaq janr baxımından mümkün deyil.



Amma Vəli...

Səhv etmirəmsə, Lüftəli "Arşın mal alan"da Vəli roluna çəkilənədək onu teatrda oynamamışdı. Özü də hələ aktyor kimi tam püxtələşməmişdi. Amma Vəli obrazına elə bir möhür vurdu ki, ondan sonra Vəli oynayacaq aktyorlar Lütfəlinin cazibəsindən çıxa bilmədilər. Vəlini Lütfəlinin "obraz format"ından çıxaranlar uğursuzluğa düçar oldular, Lütfəlinin qoyduğu ölçünü gözləyənlər isə ən yaxşı halda seyrçiyə bir daha onu xatırlatdılar. Çünki Vəli təkcə aktyorun istedadından yaranmamışdı, o, bir tərəfdən xalq meydan-oyun teatrı ənənəsindən, digər tərəfdən dil, din, milli, irqi mənsubiyyət ayrıntısı qoymayan, Allah vergisi kimi ilahidən bəxş edilən istedaddan pay almışdı. Buna görə də həmin quruluşdan sonra çox "Arşın mal alan"lar oynanıldı, amma Lütfəlinin Vəlisindən olmadı ki olmadı.

Lütfəli Abdullayev papağını oğurlayanı evinə gətirib...

Əbədilik

Türk müğənnisi Ebru Gündeşin ifa etdiyi "Sən Allahın bir lütfüsən" mahnısını çox sevirəm. Mahnıda tamam fərqli bir mətləbdən söhbət getsə də, Lütfəli Abdullayev barədə yazını yazarkən bu mahnıdan bir sətir qulaqlarımda səslənirdi: "Sən Allahın bir lütfüsən".

Ərəb dilində lütf sözünün bir neçə mənası var: mehribanlıq, yumşaqlıq, kərəm, ehsan, yaxşılıq. Lütfəli isminin açması isə "Əlinin (ə) lütfü" deməkdir. Mən bilmirəm, aktyorluq istedadı ilə dini rəhbərin lütfü arasında oxşar nəsə tapmaq olar, ya olmaz. Amma yəqin ki, valideynləri oğullarına bu adı verərkən onun hər şeydən əvvəl kərəm sahibi, mehriban insan, yaxşılıq etməyi bacaran kişi olmasını arzulamışdılar.

Onu xatırlayanların yaddaşında o, təkcə böyük aktyor kimi yox, tanıdığı-tanımadığı hər kəsə əl tutan, kimsənin qəlbini qırmayan böyük insan kimi qalıb. Əgər kiminsə vəfatından keçən illər sonra da sənət dostlarının övladları onun balaları ilə bacı-qardaş münasibətini yaşadırsa, onu ilk növbədə gözəl insan kimi xatırlayırsa, deməli, onun bu dünyaya gəlişi elə Lütfün özü imiş!

# 497 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #