Cadugərliyin faciələrlə dolu tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?

Cadugərliyin faciələrlə dolu  tarixi... - 300 il ərzində əlli min qadın niyə yandırılmışdı?
22 noyabr 2026
# 14:00

Kulis.az cadugərliyin tarixi ilə bağlı maraqlı materialı təqdim edir.

Müasir cadugərlik ideologiyasının böyük hissəsi qədim dinlərin üzərində qurulub. Bu yenidən canlanan inancın kökləri insanların ətrafındakı dünyanı mənəvi bir quruluş kimi qavramağa başladığı Daş Dövrünə gedib çıxır. Aşağıda cadugərliyin tarixinə, müxtəlif mədəniyyətlərdən təsirləndiyi inanclara və rituallara rast gələ bilərsiniz:

Şamanizm əlli mindən on min il əvvəl ortaya çıxıb.

Şamanlar köçləri izləmək, xəstəlikləri sağaltmaq və qəbilələrini pis ruhlardan qorumaq üçün transa girərdilər.

Bir çox mağara rəsmi heyvan ruhunun onları ələ keçirmiş kimi göründüyü heyvan geyimlərindəki şamanların rəqsini təsvir edir.

Oturaq həyata keçilməyə başlananda şumerlər kimi qədim sivilizasiyalar meydana gəldi.

Mixi yazı lövhələrinin tərcüməsi sayəsində bilirik ki, şumerlərin bir qismi düşməncəsinə davranan tanrılar və ruhlar kimi çox müxtəlif səmavi varlıqlara, habelə hər insanın qoruyucu ruha malik olduğuna inanırdılar.

Onların sehr sistemi muska, ovsun və şeytançıxarmadan istifadə edərək qaranlıq ruhları toplamağa, bağlamağa və aradan qaldırmağa imkan verən bir üsul kimi tanınırdı.

Onlar "çağırış" sehrlərindən yararlanır, cadu və şeytançıxarma vasitəsilə ruhları toplayıb bağlaya bildiklərinə inanırdılar.

Qədim Misirdə kahinlər Hekanın istifadəsində ("Ka"nın, yəni ruhani enerjinin hərəkətə gətirilməsində) özlərini təkmilləşdirdilər.

Ka insanın şəxsiyyətini ehtiva edən ruhun bir hissəsi idi və kahinlər tanrılarla ünsiyyət qurmaq, qorunmaq, xəstələri sağaltmaq və ölümsüzlüyə nail olmaq üçün bu enerjidən istifadə edə biləcəklərini düşünürdülər.

E.ə. 1069–653-cü illər arasında Heka sənəti mamaça və tibb bacıları tərəfindən tətbiq olunmağa başladı və qadınlar ilk dəfə "Ka"nın sirlərini kəşf etdilər.

Sirr kultları qədim Yunanıstanda (e.ə. 1500–1100) ortaya çıxdı və sonradan romalılar tərəfindən davam etdirildi.

Bu gizli məktəblərə daxil olmazdan əvvəl şagirdlər qəbul mərhələsindən keçirdilər. İnananlar Yunanıstan tanrılarının (Demeter, Dionis və Orfey kimi) Tunc Dövründə insanlara sirlərini ötürdüyünə inanırdılar.

Bu sirlərə şaman səyahəti sənəti, tanrıları çağırmaq, reinkarnasiya və hətta ambrosiya (yeyəni ölümsüzləşdirən qida) hazırlamaq üçün lazım olan vasitələr daxil idi.

Keltlər e.ə. 350-ci il civarında "Druidlər" adı ilə tanınan kahin təbəqəsi formalaşdırdılar.

Təbiətə sitayiş edən bu kahinlər mənsub olduqları qəbilənin müəllimləri, hakimləri, astroloqları, şəfaçıları və qoruyucuları kimi çıxış edirdilər.

Onlar panteist idilər, yəni ali varlığın bir çox cəhətinə (təbiətin ilahə və tanrıları, ağaclar və daşlar kimi) ehtiram göstərirdilər.

Bütün ritualları reinkarnasiyaya əsaslanırdı, iksirlər hazırlayır və orta əsrlər cadugərlik anlayışının təməlini qoyurdular.

Hind-Avropa cadugərliyinin başqa bir qoluna anqlosaks mədəniyyətində rast gəlmək olar.

Skandinaviya mifologiyasına görə, Odin tanrısı runların sirlərini bəşəriyyətə ötürüb.

Bu müqəddəs simvollardan sağalmaq, sehr etmək, sehrli obyektlər yaratmaq və insanları aldatmaq üçün istifadə olunurdu.

Anqlosakslar VI-VIII əsrlərdə dinlərinin xristianlaşdırılması nəticəsində şər qüvvələr tərəfindən idarə olunduğuna inanılan run sehrini tətbiq edənlərdən qorxmağa başladılar.

Qnostisizm Yaxın Şərqdə 100-cü ildə yaranmış mistik din idi. Qnostiklər maddi dünyanın təbiətinə görə pis, ruhani aləmin isə əsasən yaxşı olduğuna inanırdılar.

Əhdi-Ətiqin yaradıcı tanrısının pozulmuş olduğunu və qüsurlu dünya yaratdığını iddia edirdilər.

Bunun əvəzinə xristianları həqiqi tanrının daxili təcrübəsinə və mistik fəlsəfəyə yönəldirdilər.

Onların ideologiyası bunu dinlərinə təhqir sayan digər xristian və yəhudiləri qəzəbləndirirdi.

Qnostisizm sonradan Kabbala təliminə təsir göstərdi. Bu yəhudi cərəyanı tanrının ali biliyinin mələklər tərəfindən beş min il əvvəl insanlarla bölüşüldüyünə inanırdı.

Onun prinsipləri Moşe de Leon tərəfindən yazılmış "Sefer Zohar" adlı müqəddəs mətn kimi ortaya çıxana qədər nəsillər boyu şifahi ənənə ilə ötürülüb.

Təlimin ardıcılları müqəddəsliklə birbaşa əlaqə qurmaq üçün meditasiyaya üz tuturlar. Kabbala da qnostisizm kimi ilahi varlıqlardan, həyat ağacından və bir çox kosmik aləmdən bəhs edir.

Erkən orta əsrlər dövründə Katolik kilsəsi paqan inancına nisbətən dözümlü yanaşırdı. Bununla belə, "Qara ölüm"dən (1347–1349) sonra hamı paranoyaya qapıldı, taunun səbəb olduğu ölümlər xristianların ağlını qarışdırdı, günahkarların qara sehri üzündən bu vəziyyətə düşdüklərini düşündülər.

Beləliklə, sehr və mistisizmlə məşğul olanlar üç yüz il ərzində təhqir olundu və əziyyət çəkdilər.

1401: İngiltərədə Cadugər Məhkəmələri başladı və cadugərliklə məşğul olan hər kəsin yandırılacağı elan edildi.

1487: Kramer və Şprenqer məşhur "Malleus Maleficarum" əsərini nəşr etdilər - bu, xristianları təhrik etdi və cadugər ovlarını başlatdı.

1515: İsveçrənin Cenevrə şəhərindəki rəsmilər beş yüz nəfəri təqsirli bilərək yandırdılar.

1526: İtaliyanın Komo şəhərində cadugərlik ittihamları səbəbindən təxminən min ölüm hadisəsi baş verdi.

1644: Özünü "cadugərləri tapan general" elan edən Metyu Hopkins üç yüz qadına işgəncə verib onları öldürdü.

1692: Salem Cadugər Məhkəmələri yüz əlli nəfəri həbs etdi, iyirmi doqquzunu həbsxanaya göndərdi. İttiham olunanlardan on doqquzu asıldı.

1400–1700-cü illər arasında Fransa, İngiltərə, Almaniya və Amerika kimi ölkələrdə təxminən əlli min (təxminən 75%-i qadın) şübhəli cadugər edam edildi.

"Yandırılma dövrləri" kimi tanınan dövrdən sonra cadugərliyə dair təcrübələr kənd yerlərində sağ qaldı.

Okkultizm cadugər məhkəmələri zamanı araşdırıldı və gizli cəmiyyətlər tərəfindən tətbiq olundu. İntellektuallar və alimlər qədim mifologiya, qnostisizm və Kabbala ilə bağlı mətnləri öyrənməyə başladılar. Masonlar kimi cəmiyyətlər astrologiya və əlkimya kimi sahələrdə yeni fikirlər inkişaf etdirdilər.

1887-ci ildə Britaniya Qızıl Şəfəq Cəmiyyətində çox sayda gizli əsər mövcud idi. Bu hermetik cəmiyyət özünü gizli təlimlərə, metafizikaya və paranormal fəaliyyətlərə həsr etmişdi.


Günümüzdəki ritual anlayışı XX əsr Qərb okkultizminə böyük təsir göstərmiş həmin "Qızıl Şəfəq"dən bəhrələnib.

Vikka ("Wicca") müasir paqan dinidir. XX əsrin ilk yarısında İngiltərədə Cerald Qardner tərəfindən inkişaf etdirilib.

"Qızıl Şəfəq"in mistik ənənələrindən, eləcə də qədim paqan təlimlərindən faydalanır. Vikkanlar adətən reinkarnasiyaya, müəyyən nəticələrə təsir etmək üçün sehrdən istifadəyə, başqaları qarşısında əxlaqi məsuliyyətə inanırlar və təbii dövrləri qeyd edən festivalları var.

Vikkanlar əksər hallarda ana ilahə və buynuzlu tanrı kimi müxtəlif təbiət tanrılarına sitayiş edirlər. Bu iki tanrı bəzən tək bir müqəddəs varlığın iki fərqli tərəfi kimi qəbul edilir.

Hər hansı bir icmaya daxil olmadan ritualları təkbaşına icra edən, qaydalara bağlı qalmadan öz yolunu müəyyənləşdirənlər də var.

Türk dilindən təcümə etdi: Aydan Ağayeva

# 355 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər