Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş rəsm əsərləri nümayiş etdirildi

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş rəsm əsərləri nümayiş etdirildi
25 may 2024
# 10:20

Londonda Xocalı soyqırımı qurbanlarına həsr olunmuş müsabiqəyə təqdim edilən rəsm əsərləri “Müharibə uşağı” adlı sərgidə nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, sərgi dünya miqyasında müharibə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq keçirilib.

Sərgi “Beyond Conflict” təşkilatı və rəssam Arabella Dorman və Azərbaycanın Britaniyadakı icmasının üzvü Nərminə Məmmədovanın birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə 7-17 yaşlı, müxtəlif müharibələrin şahidi olmuş uşaqların əsərləri sərgilənib. Müsabiqəyə Britaniyadakı 40 məktəbdən 500-ə yaxın məktəbli öz əsərlərini göndərib. Sərgidə beynəlxalq miqyasda tanınan Britaniyanın məşhur rəssamı Arabella Dormanın Ukrayna və dünyadakı müharibələrdən əziyyət çəkən uşaqlarla bağlı çəkdiyi əsərlər də nümayiş olunub.

Nərminə Məmmədova çıxışında Xocalını görən bir nəsil olaraq, müharibənin onun xatirində buraxdığı izlərdən, Xocalı qətliamının onu necə sarsıtmasından və uşaqlığı oğurlanan azyaşlılar üçün ürəyinin ağrıdığı haqqında danışıb. N.Məmmədova qeyd edib ki, o, bütün həyatı boyu həmin uşaqların xatirəsini ürəyində daşıyıb və belə bir müsabiqə ilə uşaqların müharibə haqqında düşüncələrini əks etdirən bir platforma qurmaq istəyib.

Nərminə Məmmədova onu da qeyd edib ki, Xocalı uşaqlarının xatirəsinə həsr olunmuş müsabiqədə iştirak edən azyaşlıların əsərlərini müharibə rəssamı Arabella Dormanın əsərləri ilə yanaşı nümayiş etdirə bilmək böyük qürurdur.

Sərgini kral ailəsinin üzvü, Kent Şahzadəsi Maykl və məşhur müharibə jurnalisti Martin Bell də ziyarət edib.

Qeyd edək ki, rəssam Arabella Dorman, həmçinin kral ailəsinin üzvlərini, yüksəkrütbəli hərbi qulluqçuları və digər yüksək profilli şəxslərin portretlərini də çəkib.

"AZƏRTAC"

# 519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #