Məşədibaba özünü niyə yandırdı? – Məşhur meyxanaçının sirli həyatı

Məşədibaba özünü niyə yandırdı? – Məşhur meyxanaçının sirli həyatı
10 yanvar 2021
# 16:28

Bu gün məşhur meyxanaçı Məşədibabanın anım günüdür. Kulis.az bu münasibətlə meyxanaçı haqqında maraqlı faktları təqdim edir.

Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-də Bakının Maştağa qəsəbəsində anadan olub. Uşaq yaşlarından şeirə maraq göstərən Məşədibabanın istedadı şeiriyyatda özünü göstərməyə başlayır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu məktəbdən çıxarırlar. Balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Səsi ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Yazdığı qəzəlləri meyxanaya çevirir.

Gallery

Qısa zamanda qəsəbə camaatı arasında hörmət qazanan meyxanaçı kasıb ailədə böyüdüyü üçün kənddə bir çox imkansızların toyuna təmənnasız gedirmiş. Ustadı olmayan meyxanaçı özü haqqında belə deyirmiş: "Bu meyxanə belə şeydi ki, bunun ustadı yoxdur, yəni ki, insanın özündən asılıdır, əgər sənin bacarığın varsa, deyəcəksən, bacarığın yoxdursa, lap 50 il sənə bir ustad dərs versin, xeyri yoxdur. Bu tamam Allahın vergisidir, varsa səndə var, yoxdursa insanlar sənə kömək eləyə bilməz."

Gallery

Məşədi Baba yaman dəcəlmiş, dalaşqanmış məktəbdə. Tez-tez müəlliməyə söz qaytararmış. Müəllimə də dinc durmur əvəzində. Qədim mollaxanalardakı kimi, uşağın ayaq pəncələrini keçirir bir növ fallaqqaya. Xətkeşlə Məşədi Babanın ayaq pəncələrinə vurur. Bu hadisədən sonra onun sümükləri zədələnir, bir neçə dəfə əməliyyat olunur.

Gallery

Maştağadakı toy adətlərindən biri də toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stulda? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda? Bir gün Ağasəlim Çıldağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Əvvəl Məşədi Baba, sonra Elçin gəlib oturur Ağasəlimin böyründə adətən boş qalan həmin stulda. Qafiyəni götürüb başlayırlar səhərəcən meyxana deməyə.

***

Məşədibaba əmisi qızına istəkli olub. Onunla nişanlanır. Toylarına çox az qalmış yaxın dostu və rəqibi meyxanaçı Elçin Atakişiyevilə aralarında mübahisə yaranır. Mübahisə zamanı Məşədibaba dostunu bıçaqlayır. Lakin, bu bıçaq zərbəsi ölümcül olmur. Deyilənə görə Elçini xəstəxanaya çatdırmalı olan adamlar bilərəkdən ləng davranıblar. Nəticədə Elçin dünyasını dəyişib, Məşədibaba isə həbs olunub. Məhkəmə zamanı Elçinin atası öz ifadəsi ilə çoxlarını təəccübləndirərək deyir: “Bir oğlum məzara getdi, o birini də qazamata göndərməyin”.

Gallery

Deyilənə görə Elçinlə Məşədibaba arasında yaranan ixtişaşda dövrün məşhur meyxanaçıları müəyyən mənada maraqlı olurlar. Məqsəd isə hər iki meyxanaçını aradan götürmək, onların şöhrətinin qarşısını almaq imiş.

***

Məşədibaba altı il azadlıqdan məhrum olunur. 2000-ci ildə həbsdən azad edilir. Şahidlərin sözlərinə görə həbsxanadan çıxan kimi Məşədibababnın ilk getdiyi yer Elçinin məzarı olub.

Gallery

Əsərlərinin çoxunu həbsdə olarkən yazır. Həbsdən çıxandan sonra əmisi qızı ilə ailə həyatı qurur. Bir il sonra onların Mircəlal adlı övladları dünyaya gəlir. Məşədibabanın içkiyə aludə olması ailəsində soyuqluq yaradır. İçkiyə qurşanan Məşədibaba ailəsini unudur və 9 il sonra ailə dağılır. Həyat yoldaşı uşağını da götürüb evdən gedir.

***

Rəqibləri belə etiraf edirmişlər ki, Məşədibaba toyda ayağa qalxanda bütün toyxana onu alqışlayıb, başına pul səpirmişlər.

Gallery

Deyilənə görə çox böyük ürək sahibi olub. Ona nisyə şərab verməyən mağaza sahibini yadında saxlayır. Bir gün toydan qayıdanda mağazaya girərək nisyə dəftərindəki hər kəsin borcunu ödəyib, dəftəri cırdırır.

***

Sevdiyi qadını evinə qaytara bilməyən 39 yaşlı Məşədibaba qayınatasının evinin qarşısında üstünə benzin tökərək özünü yandırır. 95 faiz yanıqla xəstəxanaya çatdırılan Məşədibaba orda can verir.

Gallery

Gənc həmrkarlarından biri deyir ki, biz xəstəxanaya çatanda o, hələ sağ idi. Amma artıq gözlərini aça bilmirdi. Həkimlər dedi ki, son söz olaraq iki bənd şeir deyib.

# 66406 dəfə oxunub

Müəllifin son yazıları

# # #