Lətif Kərimovun xatirəsi anıldı

Lətif Kərimovun xatirəsi anıldı
18 noyabr 2024
# 12:46

Azərbaycan xalça sənətinin elmi səviyyədə öyrənilməsi və təbliğində müstəsna xidmətlər göstərən, dünyada ilk dəfə Bakıda xalça muzeyinin yaradılmasının təşəbbüskarı, Xalq rəssamı Lətif Kərimovun (1906-1991) anadan olmasından 118 il ötür.

Kulis.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Xalça Muzeyinin kollektivi Fəxri xiyabanda Lətif Kərimovun məzarını ziyarət edib.

Anım mərasimində Azərbaycan xalça sənətinə həsr edilmiş fundamental əsərləri ilə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan sənətkarın yaradıcılığından söz açılıb. Bildirilib ki, xalçaçı rəssamın doğma ocağı və yaradıcılığının şah əsəri sayılan Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının toplanılması, xalçaların elmi təsnifatının hazırlanması, sistemləşdirilməsi, gənc kadrların, peşəkar rəssam və sənətşünasların hazırlanması Lətif Kərimovun adı ilə bağlıdır. Yerli və beynəlxalq sərgilərdə əsərləri ilə tamaşaçıları heyrətləndirən müəllifin “Əfşan”, “Səfiəddin Urməvi”, “Ləçəkturunc”, “Butalı”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli xalça və eskizləri hazırda muzeyin kolleksiyasında qorunur. Ömrünü xalçaçılıq sənətinin inkişafına həsr edən Lətif Kərimov bənzərsiz yaradıcılığı ilə Azərbaycanın incəsənət tarixində və sənətsevərlərin qəlbində əbədi yaşayacaq.

# 367 dəfə oxunub

Müəllifin son yazıları

# # #