Kinorejissor Vasif Məmmədzadə: “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə

Kinorejissor Vasif Məmmədzadə:  “Mövzular “sponsor cəlbetmə gücü”nə görə seçilir” - Müsahibə
5 dekabr 2025
# 11:37

Kulis.az Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Nərmin Nəbiyevanın kinorejissor, Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadə ilə müsahibəsini təqdim edir.

Real həyat hekayələri üzərində qurulan sənədli televiziya filmlərinin çəkiliş meydançasında hadisələrin gözlənilməz gedişatı həm müəllif, həm də rejissor improvizasiyasına “yaşıl işıq” yandırır. Filmin uğurlu ekran həlli isə yaradıcı kollektivdən, xüsusilə rejissordan çəkiliş zamanı baş verən hadisələri diqqətlə izləmək, qəhrəmanların spontan dialoqlarını və emosional davranışlarını düzgün dəyərləndirmək bacarığını tələb edir. Əlbəttə ki, baş verəcəkləri əvvəlcədən təxmin etmək mümkün olmadığından rejissorlar, adətən, müəlliflərlə birlikdə konkret ssenari üzərində deyil, ssenari-planla işləməyə üstünlük verirlər. Bu zaman belə bir sual ortaya çıxır: “Sənədli televiziya filmlərinin uğurlu ekran həlli üçün dəqiq ssenari, ssenari-plan, yoxsa improvizasiya önəmlidir?”.

Tədqiqat işimlə bağlı növbəti mərhələdə bu suala daha dəqiq cavab almaq üçün kinorejissor Vasif Məmmədzadə ilə söhbətləşdim.

Dosye: Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində, “CBC” Teleradio Şirkətinin Televiziya Filmləri Studiyasında, həmçinin “Çarçı Film”də (“İTV”) kinorejissor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, bir sıra yerli və beynəlxalq kinofestivalların iştirakçısı və qalibidir. Gürcüstanda və İranda keçirilmiş Azərbaycan mədəniyyəti və incəsənəti günlərində rejissoru olduğu “Duz gölü” və “Kömür” filmləri ilə ölkəmizi təmsil edib. 2002-ci ildə “Duz gölü” sənədli televiziya filminə görə AYB-nin təsis etdiyi “Ən orijinal ideya tapıntısı” nominasiyasında “Qızıl qartal” mükafatına layiq görülüb. Rejissor həmçinin “Qaranlıq dünyanın nuru”, “Liderlər Lider haqqında. Heydər Əliyev” və “Şəhər içində şəhər” sənədli televiziya filmlərinə görə xüsusi mükafatlar ilə təltif olunub. “Şəhər içində şəhər” I Bakı Beynəlxalq Turizm Filmləri Festivalında “Milli kino” nominasiyasında qızıl mükafat qazanan yeganə ekran əsəridir.

- Yerli televiziya kanalları, ayrı-ayrı yaradıcı kollektivlər sənədli televiziya filmlərinin çəkilişi zamanı hansı çətinliklərlə üzləşirlər?

- Sənədli televiziya filmlərini istehsal etmək nəinki yaradıcılıq və beyin məhsulu baxımından, eyni zamanda maddi tərəfdən də asan başa gəlmir. Araşdırma aparmaq, gerçəkliyin özü ilə işləmək, qəhrəmanın axtarışına çıxmaq külli miqdarda vəsait tələb edir. “İTV” və “AzTV”də sənədli televiziya filmlərinin istehsalı üçün müəyyən məbləğdə illik büdcə ayrılsa da, gəlir gətirən yaradıcılıq məhsulu olmadığına görə özəl telekanallar ekran publisistikasının bu qolundan nisbətən uzaq qalırlar. Çox zaman işlənəcək mövzu “sponsor cəlbetmə gücü”nə görə seçilir. Bu da müraciət olunacaq mövzulara, araşdırmanın dərinliyinə ciddi təsir göstərir. Məsələn, sponsor tapmaq baxımından hansısa tarixi filmin ərsəyə gətirilməsi kanal üçün o qədər də sərfəli olmur, elmi-kütləvi sənədli telefilmlər isə bu baxımdan daha gəlirlidir.

Rejissoru olduğum, “CBCfilm”in istehsalı etdiyi “Qaranlıq dünyanın nuru” filmini nümunə gətirim. Ümumiyyətlə, tarixi, ictimai-siyasi, etnoqrafik mövzular sponsorlara maraqlı deyil. Bu film isə bir sıra özəl xəstəxanaların və sponsorların marağında idi. Bizim üçün filmin qəhrəmanını, onun dünya işığından məhrum olmasını, əngəllərə baxmayaraq, insanlara örnək olacaq həyat hekayəsini işıqlandırmaq vacib idi. Sponsora görə isə əksinə, filmin reklam üçün vasitəçi olmaq imkanı önəm daşıyırdı. Nəticədə, hər iki tərəf qazandı.
Ona görə də mövzu qıtlığı məsələsinə toxunanda işin maliyyə tərəfini də mütləq nəzərə almaq lazımdır. Çox istərdim ki, ayrı-ayrı sponsorlar daha maraqlı araşdırmaların aparılmasında, daha zəngin telefilmlərin ortaya qoyulmasında maraqlı olsunlar.

- Sənədli televiziya filmlərinin ssenarisi ilə bağlı televiziya nəzəriyyəçiləri iki qütbə ayrılırlar. Bəziləri bildirir ki, sənədli telefilmlər üçün ssenari mütləq deyil. Bəziləri isə “dəmir ssenari”nin olmasının tərəfdarıdır. Rejissor kimi sizin yanaşmanız necədir?

- Bu, filmin mövzusundan asılı olaraq dəyişir. Mənim mövqeyim belədir ki, tarixi mövzuda film çəkiriksə, mütləq ssenari olmalıdır. Rejissor kimi həmin ssenari əsasında nələri çəkəcəyimi, müəllif isə hansı nəticəni ekrana gətirəcəyini əvvəlcədən bilməlidir. Filmin məramını aydın və dəqiq şəkildə göstərmək üçün bu cür yanaşma olduqca əhəmiyyətlidir.
Deyim ki, ssenari məsələsində müəlliflərlə tez-tez fikir ayrılıqları da yaşamışam. Müəlliflər çox vaxt rejissor ssenarisi və müəllif ssenarisi anlayışlarını bir-birindən fərqləndirə bilmirlər. Onlar elə zənn edirlər ki, müəllif kağız üzərində nə yazırsa, o da ekrana köçürülməlidir. Məsələn, portret janrında film çəkilir. Qəhrəman söhbətin gedişatında emosional sarsıntı keçirir. Bu zaman yaxın plana keçid edirik. Lazım gələrsə, onun simasını iri planda ekrana gətiririk. Müəllif ssenarisində bunlar qeyd olunmayıbsa, o demək deyil ki, rejissor öz münasibətini ortaya qoymamalıdır. Gənc jurnalistlər unutmasınlar, rejissor yanaşmasının olmaması filmin özünəməxsusluğuna xələl yetirir, detalların daha zəif işlənməsinə gətirib çıxarır. Çəkiliş meydançasında rejissorlara mütləq sərbəstlik verilməlidir.

- Deməli, sənədli telefilmlərin ssenarisi daha çox çəkiliş prosesində dəqiqləşir...

- Mövzudan asılıdır. Çəkiliş meydançasına əlimizdə ssenari-planla getdiyimiz də az olmayıb, konkret ssenari üzrə çəkdiyim filmlər də kifayət qədərdir. Elə filmlər olub ki, hadisələrin gedişatı müəllif ssenarisində qeyd olunan kadrarxası mətnlərin, bir sıra kadrların bizə lazım olmayacağını göstərib. Müşahidə əsasında çəkiliş yetərli olub.
Müşahidə əsasında çəkilən sənədli telefilmlər üçün müəllif və rejissor ssenarisi deyil, məhz ssenari-plan məqbul sayılır. Ssenari-planda filmdə çəkiləcək məkanlar, danışdırılacaq insanlar, yaxud toxunulacaq mövzular plan şəklində yığcam, qısa başlıqlarla qeyd olunur. Mənzərə, tarixi-etnoqrafik, bəzən portret filmlər, sənədli etüdlər məhz müşahidə əsasında ekranlaşdırılan sənədli telefilmlər sırasındadır. Məsələn, mənzərə filmlərində müəllif çəkiləcək məkanların ümumi siyahısını ssenari-plana daxil edə bilər. Lakin o, əvvəlcədən hansı kadrdan sonra hansı kadrın çəkiləcəyini söyləyə bilməz. Bu cür sənədli telefilmlərdə təbiət özü müəllif və rejissor üçün hazır ssenaridir və ssenari çəkilişdən sonra, montaj masasında özünün son həllini tapır.

2001-ci ildə ekranlaşdırdığım “Duz gölü” sənədli telefilmindən nümunə gətirim. Bu film ssenarisizdir, müşahidə əsasında lentə alınıb. Eyni zamanda çəkiliş zamanı bir sıra improvizasiyalar etməklə onun özünəməxsusluğunu qabartmağa çalışmışam. İyirmi dəqiqəlik filmi çəkmək üçün Duz gölündə 6 ay çəkiliş apardıq. Kameranı söndürmədik, gecə-gündüz apardığımız çəkilişdə çox maraqlı kadrlar əldə etdik. Maraqlı bir faktı danışım. Filmin çəkilişi zamanı Duz gölündə çalışan gənc oğlan kisəyə duz yığmağa başlayır. Müəyyən müddət işləyəndən sonra nahar fasiləsinin vaxtı çatır. O öz boğçasını açır, pomidoru çıxardır. Duz tayasından bir çimdik götürür, pomidoru duzlayıb yeyir. Bax, mən bu cür rejissor ssenarisindən danışıram. Bu cür müdaxilələr ssenarisiz filmlərin ideya həllinə və dramaturji strukturuna rəng qatır.


# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər