İyrənc böcəklər, işgəncə alətləri, vahiməli kəllələr – Dünyanın ən qorxunc muzeyləri

İyrənc böcəklər, işgəncə alətləri, vahiməli kəllələr – Dünyanın ən qorxunc muzeyləri
18 avqust 2022
# 17:00

Kulis.az dünyanın ən qorxunc və qeyri-adi muzeylərini təqdim edir.

Siriraj Tibb Muzeyi – Tailand

Taylandın paytaxtı Banqkokda yerləşən bu muzey ölüm muzeyi adlanır. Tibb mütəxəssisləri və tələbələr üçün dəyərli bir qaynaq olan bu muzey, əslində, 7 kiçik muzeyin birləşməsidir. Muzeylərdə həm təbii, həm də qeyri-təbii ölümlərə aid tibbi eksponatlar var. Bu muzeydə xəstəliklərin bədənə necə təsir etməsindən, orqanlara təsirindən, qatillərin və mumiyalanmış insanların eksponatlarından tutmuş hər şeyi tapmaq mümkündür.

İşgəncə muzeyi – Hollandiya

Bu muzey Amsterdam şəhərində yerləşir və ölkənin ən sıx turist nöqtələrindən biri hesab olunur. Burada 500 il öncə insanları cəzalandırmaq üçün istifadə edilən işgəncə alətləri sərgilənir.

Dupuytren Muzeyi – Fransa

Fransada yerləşən bu qeyri-adi muzey tibb sahəsinə aid eksponatlar ilə tanınır. Dupuytren Muzeyi 1935-ci ildə istifadəyə verilib. Tanınmış muzeyin banisi isə məşhur cərrah olub. Qeyd edək ki, muzeydə bankaların içərisində siam əkizlərinin və insan bədəninin deformasiyaya uğramış hissələri ziyarətçilərin diqqətinə səbəb olub. Burada təxminən 6 mindən çox eksponata rast gəlmək olar.

Glore Psixiatriya Muzeyi – ABŞ

ABŞ-ın Missuri ştatında yerləşən bu muzey pis aurası və enerjisi ilə bütün dünyaya səs salıb. 1874-cü ildə dövlət xəstəxanası kimi istifadə olunan bu yer artıq 1967-ci ildə muzey kimi xidmət etməyə başlayıb. Bu muzeyi qorxulu edən şey, tarix boyu əqli xəstələrə tətbiq olunan metodların burada göstərilməsidir. Bundan əlavə, muzeydə orta əsrlərə aid psixi xəstələr və həkimlər arasında olan dialoqlar da mövcuddur.

Orta əsr İşgəncələr Muzeyi – ABŞ

ABŞ-ın Florida ştatında yerləşən bu orta əsr işgəncə muzeyi orta əsrlərdə işgəncə üçün istifadə olunan alətləri nümayiş etdirən bir muzeydir. Çox maraqlıdır ki, son dərəcə qorxunc olan muzeydə bəzi işgəncələri aktyorlar və heykəllər canlandırır. Bundan əlavə, muzeydə işgəncə cihazlarından istifadə qaydaları da mövcuddur.

Mütter Tibb Muzeyi – ABŞ

Filadelfiyada yerləşən bu muzeydə qəribə tibbi nümunələr mövcuddur. Muzeydə, həmçinin 140 kəllədən ibarət bir divar, siam əkizlərinin birləşmiş qaraciyəri və alnında buynuzu olan bir qadının mum heykəli də var.

Mequra-Parazitalogiya Muzeyi – Yaponiya

1953-cü ildə açılan bu muzeydə insanların diqqətinə 45 min fərqli parazitlərin qurumuş eksponatları təqdim olunur. İyrənc böcəklər, tırtıllar və vahiməli cücülərdən ibarət bu kolleksiya bir çoxlarının marağına səbəb olub.

İnsan muzeyi – Hollandiya

BODY WORLDS & The Cycle of Life | Houston Museum Of Natural Science

Uqstqest şəhərində yerləşən bu muzeyə gələnlər sanki, insan orqanizminə səyahət edirlər. İnsan orqanlarının hər xırda detalı belə böyük bir şəkildə təqdim edilir.

Tualet muzeyi – Hindistan

Argentina, Lüksemburq, Küveyt və Seneqal kimi ölkələrdən gətirilən tualet nümunələri Hindistanda sərgilənir. Burada e.ə. 2500-cü ildən bu günə kimi olan nümunələr yer alıb.

Uğursuz sənətlər muzeyi – ABŞ

400-dən çox əsər olan bu muzeydə tarixin ən pis sənət nümunələri sərgilənir. Fotoda gördüyünüz isə "Mona Liza" əsəridir.

Saç muzeyi – Türkiyə

Bir saxsı ustasının 35 il öncə fransız qadından aldığı bir parça saçın asıldığı mağara zaman keçdikcə minlərlə insanın saçlarından ibarət muzeyə çevrilir. Hazırda isə muzeyə gələn 16 min qadının saçından olan nümunələr sərgilənir.

Alt paltarı muzeyi – Belçika

Brüsseldə yerləşən bu muzey də ən qeyri-adilərindən biridir. Burada məşhur və varlı şəxslərin an az bir dəfə istifadə etdikləri alt paltarları nümayiş etdirilir.

Kanalizasiya muzeyi – Fransa

Bu muzey Paris şəhərində yerləşir. 1200-cü ildə kral Filipp Avqust tərəfindən qurulan Paris kanalizasiya sistemi bu gün də yerin altında qorunaraq saxlanılır. Tunelin sadəcə 450 metrlik məsafəsini gəzmək mümkündür.

Yanmış yeməklər muzeyi – ABŞ

Muzey arfa ifaçısı Deborah Henson Konant tərəfindən yaradılıb. 1980-ci illərin sonlarında qurulmuş olan bu muzeydə yanmış yeməklər sərgilənir.

“El Museo De Las Momias” – Meksika

Çox maraqlı və qorxulu olan “El Museo De Las Momias” muzeyinin maraqlı yaranma tarixçəsi var. 1833-cü ildə Meksikada vəba epidemiyasından ölən insanların mumiyalanmış cəsədləri, 1865-ci ildə aşkar ediləndə onların yaxınlarından dəfn üçün vergi ödəmələri tələb edildi. Ancaq ölən insanların ailələrinin çoxu bu vergini ödəyə bilmədi. Vergisi ödənməyən mumiyalar bir binada saxlanılırdı. Şayiələrə görə, binanın işçiləri mumiyaları görmək istəyənlərdən pul tələb ediblər. 1900-cü illərdə mumiyalar turistləri cəlb etməyə başladı. Beləliklə, 1969-cu ildə bu yer mumiya muzeyinə çevrilərək bütün dünyaya tanındı.

Lombroso Cinayət Antropoloji Muzeyi – İtaliya

İtaliyanın Turin şəhərində yerləşən bu muzey məşhur İtalyan Kriminologiya Məktəbinin qurucusu Cesare Lombrosonun adını daşıyır. Muzey 1898-ci ildə açılıb. Burada 400 müxtəlif kəllə sümükləri mövcuddur. Lombroso inanırdı ki, bir insanın törətdiyi cinayətlər həmin şəxsin kəlləsinin ölçüsü və forması ilə əlaqəli ola bilər. Bu səbəbdən, kəllə sümüklərinə marağı olduğu üçün onları toplamağa başladı. Lombrosonun araşdırmasında istifadə etdiyi əşyalar, o dövrdə edilən cinayətlərin sənədləri, şəkilləri və qətl üçün istifadə olunan silahlarıdır. Muzeydə ən maraqlı əsər isə Lombrosonun öz kəlləsidir.

# 3025 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #