İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş keçirildi

İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş keçirildi
4 noyabr 2024
# 12:23

İstanbulda davam edən 41-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimat, imza mərasimləri və işgüzar görüşlər keçirilir.

Kulis.az xəbər verir ki, 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində 3 noyabrda Azərbaycan naşirləri ilə Frankfurt Beynəlxalq Kitab Sərgisinin (“Frankfurter Buchmesse”) Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cumhuriyyəti və Yunanıstan üzrə koordinatoru Hanife İçten ilə görüş keçirilib.

Görüşün mahiyyəti Franfurt Kitab Sərgisinin qurulması, fəaliyyət sahələri, keçirilməsi ilə bağlı məlumat vermək olub, həmçinin, Azərbaycanın gələcəkdə Franfurt Kitab Sərgisində fəxri qonaq olması ilə bağlı müzakirələr edilib.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, ANAİB-in sədri Şəmil Sadiq və bir sıra nəşriyyatların nümayəndələri iştirak edib.

Görüş vaxtı Frankfurt Beynəlxalq Kitab Sərgisində iştirak etməyin əhəmiyyəti və mahiyyəti izah olunub.

Hanife İçten sərginin tarixi haqqında məlumat verib, bu il oktyabrın 16-dan 20-dək keçirilən 76-cı sərgi barədə satistik məlumatları diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın 2029-cu ildə keçiriləcək Frankfurt sərgisində fəxri qonaq ölkə kimi iştirakı ilə bağlı müzakirə aparılıb. Hanife İçten bununla bağlı bir sıra diqqət edilməli olan məsələlərdən söz açıb.

Nazir müavini Fərid Cəfərov öz növbəsində son illərdə ölkəmizdə kitab sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən layihə və tədbirlərdən danışıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Nəşrlərimiz dünyanın məşhur sərgilərində xüsusi stenddə təqdim edilir. Azərbaycan bu il Frankfurt sərgisində də ayrıca stendlə təmsil olunub. Azərbaycanın məqsədi bu kimi sərgilərdə fəxri qonaq ölkə olmaqla yanaşı, həm də digər platformalar çərçivəsində yeni əlaqələr qurmaq, sahənin daha da inkişafına nail olmaqdır.

Sonra Frankfurt sərgisinin regional koordinatoru naşirlərimizin suallarını cavablandırıb. Əməkdaşlıq üçün səsləndirilən təkliflər müzakirə olunub.

# 288 dəfə oxunub

Müəllifin son yazıları

# # #