Azərbaycan Ədəbiyyatı Fondunun “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində “İrəvanda xal qalmadı” adlı roman nəşrə hazırlanır.
Kulis.az xəbər verir ki, roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr edilib.
Fondun rəhbəri, yazıçı Varis Yolçuyevin sözlərinə görə, romanda mühüm tarixi arxiv materiallarından istifadə edilib.
Əsərdə İrəvan xanlığının timsalında bu işğalın maddi və mənəvi məhrumiyyətlərə səbəb olan nəticələri, xüsusilə Azərbaycanın tarixi torpaqları hesabına Çar Rusiyasının erməni dövləti yaratması prosesi yüksək bədii-estetik dildə ifadə edilir. Bu milli faciənin doğurduğu fəlakət bir-birini sevən iki gəncin — Uluxan və Selcanın məşəqqətli həyat hekayəsi fonunda təsvir olunur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.